PARADOKS

AKTUAL

Nazirlik məktəblərə «öz adamlarını» yerləşdirib

2-12-2016, 02:09
  •     
  • Ölkə |
  •  Oxunma:

Nazirlik məktəblərə «öz adamlarını» yerləşdirib 116 saylı məktəbin direktoru Aidə Seyidova vəzifəsini itirdi Ədalət topaldır, ağır-ağır yeriyər, lakin gec-tez gedəcəyi yerə çatar (Onore Gabriel Riketti de Mirabo)
116 saylı orta məktəbin direktoru Aidə Seyidova işdən çıxarılıb. Bizimyol.info-ya daxil olan məlumata görə, keçmiş direktorun vəzifəsini itirməsinə səbəb barəsində daxil olan şikayətlərin çoxluğudur.

Düz bir ay əvvəl qafqazinfo.az xəbər portalı “Daha bir orta məktəbdə rüşvət qalmaqalı” başlıqlı yazıda Bakı şəhər sakini Ramilə Məmmədovanın şikayətini dərc edib. Məqalədə R.Məmmədova Xətai rayonunda yerləşən 116 saylı orta məktəbdə valideynlərdən müxtəlif adlar altında pul tələb olunduğundan şikayətlənib. Qızlarının həmin məktəbdə 1-ci və 3-cü siniflərdə təhsil aldığını deyən valideyn bunları söyləyib: “Müəllimələr direktor Aidə Seyidovanın tapşırığı ilə bizdən müxtəlif bəhanələrlə pul tələb edir. Summativ testlərin aparılmasından ötrü ötən il 1 uşaq üçün 27 manat alınırdısa, bu il 36 manat istəyirlər. Bundan başqa, sinif üzrə 20 manat qəzet pulu, hər ay 10 manat süpürgəçi pulu toplanılır. Həmçinin, məktəbin psixoloqu Gülnarə xanım da bizdən 500 ədəd “A4” kağız tələb edir. Deyir ki, həmin vərəqlərə uşaqlarımızın psixoloji durumunu yazır və hətta o vərəqlər buna kifayət etmir”.

R.Məmmədova qeyd edib ki, bu məbləğlər onlardan valideyn iclaslarında tələb olunur: “O iclaslar ancaq pul yığmaq üçündür. Bu günə kimi bir dəfə də olsun, valideyn iclaslarında bizim uşaqlarımızın davranışları, təhsili haqda danışılmayıb. Aidə Seyidova ibtidai sinifi bitirib 5-ci sinifə keçən uşaqların valideynlərinin hər birindən 30-50 manat alaraq, onlara yaxşı müəllimlər təyin edir. O, valideyn iclasında çıxış edib dedi ki, “dövlət bu işlər üçün bizə pul ayırmır, ona görə də valideynlərdən yığırıq”. Bunlar hamısı səs yazısında var. Mən də ona dəfələrlə demişəm ki, artıq bu pulları vermək imkanım yoxdur. Buna görə də summativ imtahan üçün pul vermədim, xahiş etdim ki, istifadə olunan kağızın dəyəri qədərini verim. Razılaşmadılar, əvəzində mənim qızımı cəzalandırdılar, sinif yoldaşlarının yanında alçatdılar. Bütün uşaqlara “A4” kağızında hazır test verilsə də, mən qızımın qarşısına dəftər vərəqi qoyublar və deyiblər ki, 20 test tapşırığını özün köçürt, sonra həll elə. Qızım evə ağlaya-ağlaya gəldi”.

Valideyn deyib ki, bu məsələlərlə bağlı Təhsil Nazirliyi nə dəfələrlə zəng etsə də, heç bir tədbir görülməyib: “Sentyabrın 29-da rəsmi olaraq ərizə ilə müraciət etdim. Mənə dedilər ki, müraciətim Bakı şəhər Təhsil İdarəsinin məsləhətçisi Nazim müəllim tərəfindən araşdırılır. Amma 1 aydan çox vaxt keçməsinə baxmayaraq, heç bir reaksiya verilməyib. Həmçinin, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə də şikayət etdim, onlar da heç bir araşdırma aparmadı, maraqlanmadılar. Əvəzində Aidə Seyidova məni otağına çağırıb məcbur etdi ki, ərizəmi geri götürüm”.

R.Məmmədova qeyd edib ki, valideyn iclasında onlardan pulun tələb olunması və rəsmi ərizə ilə müraciət etdikdən sonra A.Seyidovanın onu çağırıb “danlaması” barədə danışıqların səs yazısını hər iki dövlət qurumuna təqdim edib. R.Məmmədovanın həmin səs yazılarını sübut üçün “Qafqazinfo -nun redaksiyasına da göndərdiyi yazılır. Sayt da əməkdaşı da öz növbəsində məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə müraciət edib. İdarədən bildirilib ki, qeyd olunan şikayət üzrə araşdırma aparılır, araşdırmanın nəticələrinə uyğun olaraq, müvafiq tədbirlər görüləcək.

Buna qədər də Seyidova haqqında Təhsl Nazirliyinə çoxsaylı şikayətlər daxil olub, mətbuatda yazılar dərc edilib. Bu ilin mart ayının əvvəlində direktor haqqında KİV-də oxşar məzmunda yazılar dərc olunub. Şikayətçi mətbuat vasitəsi ilə təhsil naziri Mikayıl Cabbarova müraciət edirdi. Şikayətin məzmunu belə idi: "Aidə Seyidovanın pul yığma kampaniyası biz kasıb valideynləri bezdirib deyə mətbuat vasitəsi ilə cənab Mikayıl Cabbarova müraciət edirəm. Cənab nazir, 116 saylı məktəbin direktoru Aidə Seyidova hər il dekabrın 14-də ad günü münasibəti ilə hər şagirddən 15 manat, hər il fond pulu adı ilə 30 manat pul yığır. İndi də qarşıdan gələn 8 mart Qadınlar bayramı münasibəti ilə hər şagirddən 30 manat yığılmasına tapşırıq verib. Pul verməyənin məktəbdən qovulmasını tələb edib. 116 nömrəli orta məktəbdə 800 şagird təhsil alır. Axı bu direktor Aidə Seyidova kimdir ki, özünü qolçomaq kimi aparır? Ailəmiz acınacaqlı vəziyyətdə dolanır. Qorxuram ki, pulu verə bilmədiyimiz üçün övladımı məktəbdən qovarlar".

Şikayətçi daha sonra nazirə belə müraciət edirdi: "Cənab Cabbarov, bütün kasıb valideynlər adından xahiş edirəm, bu qanunsuzluq faktını araşdırıb müəllim adına yaraşmayan qanunsuz əməllərlə məşğul olan Aidə Seyidova barəsində tədbirlər görəsiniz. Sizdən xahiş edirəm, mümkün olsa, adımı gizli saxlayın, qorxuram övladımı məktəbdən qovarlar" - deyə şikayətçi bildirib.

Şikayətlə bağlı qəzetin əməkdaşı A.Seyidova ilə əlaqə saxlamışdı. O bildirirdi ki, şikayətə dair araşdırma aparıb: "Bizdə 6-cı sinifdə oxuyan o adda şagird və dediyiniz adda valideyn yoxdur. Bu ola da bilməz. Çünki bizim məktəbdə sadalanan faktların hamısına qadağa qoyulub. Əgər elə bir şey olsa, araşdırılsa mən həmin adamı prokurorluğa verərəm. Mən belə halları qadağan eləmişəm. Hər bir valideyn də, müəllim də belə halların olmaması üçün qol çəkib".

Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlamışdıq. Nazirlikdən bildirilirdi ki, səsləndirilən şikayətə dair BŞTİ-yə müraciət olunmalıdır. İdarədən isə bildirdilər ki, şikayət qısa müdətdə araşdırılacaq və bu haqda Bizimyol.info-ya məlumat veriləcək.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərinin direktorlarına təsərrüfat məqsədləri üçün 2013-cü ilin dekabr ayından etibarən avans şəklində müvafiq aylıq vəsaitlərin ödənilməsinə başlanılıb. Aylıq avans məbləğlərinin həcmi şagirdlərin sayı 1000 nəfərədək olan məktəblərdə 400, şagirdlərinin sayı 1000 -1300 nəfər olan məktəblərdə 500, şagirdlərinin sayı 1300 nəfərdən çox olan məktəblərdə 600 manat müəyyən edilib. Aylıq vəsaitlər direktorlar tərəfindən məktəblərin təcili həlli tələb olunan mal, iş və xidmətlərin alınmasına sərf etməli və bu barədə hər ay BŞTİ-yə hesabat verməlidir. Məktəblərə avansların verilməsi isə 2013-cü ildən etibarən "fond pulu", "süpürgə pulu" adı ilə şagirdlərdən pul yığılmasına qadağa qoyulması deməkdir. "8 Mart" Beynəlxalq Qadınlar Günü münasibəti ilə isə şagirdlərdən pul yığılması isə qanunla qadağan olunub.

2014-cü ildə də məktəbdə baş verənləri qələmə alan jurnalist H.Həmidovanı keçmiş direktor məhkəməyə vermişdi, şərəf və ləyaqətinin alçaldıldığını iddia etdiyi ittiham dolu böyük bir məqalədə yer alan 8 söz birləşməsi üçün (orada bəlkədə 38 və ya 48 belə söz birləşməsi vardı-red.) 30 min manat məbləğində təzminat istəmişdi. Amma məhkəmə yazılanları öz araşdırmasında sübut edə bilmədi, Seyidovanın şərəf və ləyaqətini alçaldan jurnalisti beşcə yüz manat cərimələdi. Məşhur fransız inqilabçısı Onore Gabriel Riketti de Mirabo deyirdi ki, ədalət topaldır, ağır-ağır yeriyər, lakin gec-tez gedəcəyi yerə çatar. Belə bir oxşar misal da var ki, ədalət topaldır, amma kor deyil.
Göründüyü kimi, əvvəllər haqqında yazılanları inkar etsə də, R.Məmmədovanın mətbuata etdiyi şikayətdə göstərilənlərlə bağlı keçmiş direktor susub. Daha doğrusu, deyəsən buna vaxtı olmayıb. “Bizim Yol”-a daxil olan məlumata görə, noyabrın əvvəlindən BŞTİ-nin göndərdiyi komissiya məktəbdə yoxlamalara başlayıb, nəticə olaraq da A.Seyidova işdən çıxmaq barədə ərizə yazıb. Artıq dekabrın 1-dən 116 saylı məktəbdə yeni direktor öz səlahiyyətlərinin icrasına start verib.
Bütün bunlar məsələnin görünən tərfidir və belə rəy yaranır ki, R.Məmmədovanın şikayəti əsasında qadın işdən çıxıb. Bir də məsələnin cəmiyyət üçün görünməyən tərəfləri var. Məktəbin müəllimləri arasında dolaşan söhbətlərə görə, təhsil naziri keçmiş direktordan gələn şikayətlərin çoxluğunu nəzərə alıb, hər şeyi “öz gözü ilə görmək üçün” oraya bir “kadr” yerləşdirməyə qərar verib. Bu kadr da bir il işləyəndən sonra fakt özü onun ayağına gəlib. Beləliklə də R.Məmmədovanın şikayəti əsasında yoxlamalar başlayıb. Yoxlamada da müəllim baş verənlərdə özünün bir günahı olmadığını deyib, direktorun təlimatına uyğun hərəkət etdiyini bildirib. Və beləliklə də direktorla bağlı rəsmi etirafı da təhsil qurumlarına müəllimlər arasından həmin xanım edib. Fikir verdik, şikayətçi valideynin mətbuata ünvanladığı məktubda şagirddən kağız, pul tələb etdiyi bildirilən müəllimin yox, yalnız direktorun adı hallanır. Buradan da bəllidir ki, hədəf müəllim deyil, sabiq direktor olub və həmin müəllim işində qalır. Bir də ki müəllimlər problemin böyüyüb “yuxarılara” çatmaması üçün adətən haqqını tələb edən valideynləri belə məqamlarda “yola verirlər”. Bu dəfə müəllim heç də belə etməyib, əksinə, ağ dəftər vərəqini şagirdin qarşısına qoyub onu yoldaşlarının yanında pərt etməklə valideyni daha da qıcıqlandırıb. Sanki bilərəkdən.

O ki qaldı keçmiş direktorun işdən öz ərizəsi ilə getməsinə, bu, nəinki Təhsil Nazirliyində, eləcə də Azərbaycanın əksər dövlət qurumlarında bir “ənənə”-dir. Nöqsanı olan da olmayan da mütləq “öz istəyi ilə” işdən getməlidir. Əks halda həmin nöqsanlarla prokurorluq orqanları yaxından maraqlana bilər. Odur ki, dövlət qurumlarında əlavə problem istəmir, Əmək Məcəlləsinin müvafiq maddələrinə əməl eləmirlər. Bu, özü də qanundan kənardır, dövlət qurumlarının prokurorluq orqanlarını aldatmağı, baş verən hər hansı qanunsuzluğu gizlətmələri onlar üçün əlavə məsuliyyət yaradır. Bundan əvvəl söhbəti gedən məktəbdə tədris hissə müdiri işləyən Almas Quliyevanı da məhz belə hərəkətlərinə görə öz ərizəsi ilə getməsini təmin etmişdilər. Valideyn R.Məmmədova Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət etdiyini yazıb, əlində söylədiklərini sübut edən səs yazılarının mövcudluğunu da qeyd edib. Deməli, prokurorluq nə vaxtsa bu işlə maraqlanacaq. Bəlkə də artıq maraqlanırlar. Nəticəni biz ictimaiyyət olaraq biləcəyikmi, bu, prokurorlarımızın vicdanına bağlı bir məsələdir.

Məlumatlara görə, bundan əvvəl 16 saylı gimnaziyada direktor olan Seyidova oradan da valideynlərin şikayəti ilə çıxarılıb.

Bizimyol.info


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI