PARADOKS

AKTUAL

Koronavirus dünyanı təhdid edir - ölkəmizdə durum necədir?

13-02-2020, 16:51
  •     
  • Ölkə |
  •  Oxunma: 29

Koronavirus dünyanı təhdid edir - ölkəmizdə durum necədir? Bu virusun dərmanının tapıldığı bildirilir; qorxunc virus səbəbindən Çin istehsalı olan bir çox məhsullar bahalaşa bilər...

Dünyada koronavirus təhlükəsi davam edir. Hər gün bu virusa yoluxanların və ölənlərin sayında artım qeyd edilir. Son məlumata görə, Çində koronavirus epidemiyası səbəbindən həlak olanların sayı 1017 nəfərə çatıb.

Bu barədə Çinin Milli Səhiyyə Komissiyasından verilən məlumatda bildirilib. Məlumatda qeyd olunub ki, virusa yoluxanların sayı 42 min 638 nəfərdir. Bunlardan 7 min 333-nün vəziyyəti kritiktir. Məlumatda həmçinin bildirilib ki, müalicə olunanların sayı 632-dir.

Bundan başqa Honkonq Muxtar Respublikasında 42, Makau Muxtar Respublikasında isə 10 nəfərin virusa yoluxduğu bildirilir.

Sutka ərzində virus səbəbindən həlak olanların sayı 108 nəfərə çatıb, daha 2 min 478 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Beləliklə koronavirus epidemiyası səbəbindən xəstəxanaya müraciət edənlərin sayı 200 minə yüksəlib.

Həmçinin qonşu İranda da koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən şəxslərin olduğu, onlardan birinin öldüyü iddiaları var.

Azərbaycanda isə koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzdə karantində saxlanılan sonuncu şəxs evə buraxılıb.

Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Koronavirus dünyanı ile ilgili görsel sonucu

Xəstəlik alovlanan ərazidən gələn 12 nəfər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Həmin tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, Çinin Uhan şəhərindən yanvarın 29-u çıxan 6 nəfərin karantin müddəti bu gün bitir. Onların klinik vəziyyətlərində heç bir problem aşkarlanmayıb. Gün ərzində evə buraxılacaqlar. Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılan digər 6 nəfərin karantin müddəti fevral ayının 14-ü bitir, onların səhhətində də hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda qalan 6 nəfər də evə buraxılacaq.

Beləliklə də Azərbaycanda rəsmi olaraq bu xəstəliyin yayılması və ya kiminsə bu virusa yoluxması faktı qeydə alınmayıb. Həkimlər bildirirlər ki, buna səbəb görülən tədbirlər, ərazinin uzaq olması və Azərbaycandan virusun yayılan əraziyə gedib-gələnin olmamasıdır.

Virus yayılan gündən buna qarşı dərmanın hazırlanması üçün Çində ciddi işlər, araşdırmalar aparılır. AMEA-nın saytı məlumat yayıb ki, koronavirusun müalicəsində effektli olan dərman hazırlanıb. Belə ki, məlumata görə, Çin alimləri koronavirusun müalicəsində “Remdesivir” adlı dərmanın effektli olduğunu təsdiq ediblər. Dərmanın tərkibi “chloroquin” aktiv maddəsindən ibarətdir.

ABŞ-ın “Glead Sciences” əczaçılıq şirkəti tərəfindən hazırlanan “Remdesivir” artıq Ümumdünya Səhiyyə Təşkilatı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə klinik sınaqlardan keçirilib.

Nytimes.com saytının məlumatına görə, Çinin “Hubey Wuhan Jinyintan” xəstəxanasında keçirilən mətbuat konfransında sınaq proqramının direktoru Cao Bin bu dərmanın Sars və Mers kimi digər betakoronoviruslar qrupu üçün də aktiv hesab olunduğunu bildirib.

Koronavirus dünyanı ile ilgili görsel sonucu

“Remdesivir” əslində “Ebola” virusunun müalicəsi üçün hazırlanıb, lakin dərman bu xəstəlikdə təsirsiz olduğu üçün lisenziya almayıb.

Azərbaycanda da bu virusun dərmanını hazırladığını iddia edən şəxs var. Belə ki, Qazax rayon Kosalar kənd sakini Asif Zöhrabov Çində yayılan öldürücü yeni növ koronavirusun insandan insana keçərək yayılmasının qarşısını ala biləcəyini iddia edir. “Sputnik Azərbaycan” məlumat yayıb ki, o, 10 günə yaxın müddət ərzində üzərində işlədiyi maddənin artıq hazır olduğunu bildirib. Onun sözlərinə görə, hazırladığı dərman sprey formasındadır və püskürüldüyü yerlərdə virusun yayılmasının qarşısını almaq qabiliyyətindədir.

A.Zöhrabov qoruyucu spreyi hazırlamaq üçün tütün, kükürd, sarımsaq və bir neçə digər maddənin qarışığından istifadə etdiyini bildirib.

“Koronavirus haqda söhbətlər başlayanda mən də ondan necə qorunmağın yollarını fikirləşməyə başladım və bu spreyi hazırladım. Tam olaraq əminəm ki, onun vasitəsilə nəinki koronavirusun, eyni zamanda bir çox digər virusların yayılmasının qarşısını almaq mümkündür. Bununçün xəstəliyin yayıla biləcəyi yerlərin bu spreylə dezinfeksiya edilməsi kifayət edir”, - deyə məlumat verib.

A.Zöhrabov niyyətinin ölkəmizi bu virusdan qorumaq və bacardığı qədər insanlara yardım etmək olduğunu söyləyib.

Koronavirusun dünyada yayılması daha çox iqtisadiyyata zərər vurub. Belə ki, ötən saylarımızda da məlumat verdiyimiz kimi, artıq bir neçə iri avtomobil və texnologiya şirkətinin Çinin virus yayılan bölgəsində olan müəssisələri fəaliyyətlərini dayandırıblar. Bu halın dünyada Çin istehsalı olan telefonların və digər texnologiyaların qiymətlərinin qalxmasına səbəb olacağı bildirilir. Eyni zamanda dünyada artıq online formada sifarişlərin də həcmində azalma var. İnsanlar hesab edirlər ki, Çindən hər hansı bir cihaz, əşya alarlarsa, onlara koronavirus keçə bilər.

Koronavirus dünyanı ile ilgili görsel sonucu

Həmçinin turizm şirkətlərindən “Yeni Müsavat”a məlumat verilib ki, artıq dünyada Çinə olan turist axınında da kəskin azalma var. Buna səbəb həm də dünyanın bir sıra ölkələrinin Çinə uçuşları təxirə salmasıdır.

Bu virusun yayılmasının dünya iqtisadiyyatına təsiri fevralın 22-23-də Səudiyyə Ərəbistanında keçiriləcək G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşünün əsas mövzusu olacaq. Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Məlumata görə, görüş iştirakçıları məhsul tədarükü zəncirinin pozulmasına və turist axınının azalmasına səbəb olan mövcud vəziyyətlə əlaqədar mümkün əks-tədbirlər barədə müzakirə aparacaqlar.

Koronavirus epidemiyasının yayılması ABŞ və Çin arasındakı ticarət razılaşmasına, xüsusilə amerikan kənd təsərrüfatı məhsullarının idxalına təsir göstərə bilər.

“ABŞ və Çin arasında bağlanan ticarət razılaşması, Çinin ABŞ-ın kənd təsərrüfatı məhsullarını idxal etməsini nəzərdə tutsa da, koronavirus səbəbi ilə cari ildə ticarət həcminin nə qədər böyük olacağını dəqiq söyləyə bilmərik”, - deyə Ağ Evin milli təhlükəsizlik məsləhətçisi Robert O’Brayan bildirib.

Əli RAİS,
“Yeni Müsavat”


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI