PARADOKS

AKTUAL

ABŞ İran qüvvələrinin bazasını bombalayıb: onlarla ölü və yaralılar var

31-12-2019, 00:03
  •     
  • Ölkə |
  •  Oxunma: 55

ABŞ İran qüvvələrinin bazasını bombalayıb: onlarla ölü və yaralılar var
Ötən gecə ABŞ aviasiyası İraqın Əl-Qaim şəhəri yaxınlığında yerləşən “Hizbullah” bazasına güclü hava zərbələri endirib.

F-15 qırıcıları ilə endirilən hava zərbələri nəticəsində İrana bağlı qüvvələr ciddi itkilər veriblər. “Hizbullah”ın azı 25 döyüşçüsü ölüb, 55-i yaralanıb. Ölənlər arasında qruplaşmanın dörd yüksək rütbəli komandiri də yer alır. “Al Arabia” telekanalı hava zərbələri nəticəsində üç İran hərbi təlimatçısının da həlak olduğunu bildirir.

Hava zərbələrinin ardınca müdafiə naziri Mark Esper və dövlət katibi Maykl Pompeo prezident Donald Trampla onun Mar-a-Loqo iqamətgahında görüşərək nəticələr barədə raport veriblər. Müdafiə naziri prezidentə raport verib ki, İraq və Suriyada İrana bağlı qüvvələrə qarşı zərbələr zərurət yarandığı halda davam edəcək.

Pentaqon rəhbəri daha sonra jurnalistlərə bildirib ki, hava zərbələri uğurlu olub və Birləşmiş Ştatlar bundan sonra da İran və ya onun dəstəklədiyi qüvvələri cilovlamaq üçün zəruri addımları atacaq.

Mark Esper qeyd edib ki, dünənki hücum İrana bağlı qüvvələrin İraqda ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinə hücum imkanlarını zəiflədəcək. Müdafiə naziri Amerika aviasiyasının Suriya ərazisində də İrana bağlı qüvvələrə zərbələr endirdiyini açıqlayıb.

“Hava zərbələri F-15 qırıcılarının köməyi ilə həyata keçirilib. Bütün təyyarələr əməliyyatdan sonra öz bazalarına geri dönüblər”,-Esper bildirib.

KİV-lər xəbər verir ki, İran öz ərazisində, Əl-Qaim bazasını qorumaq üçün “Bavar” zenit-raket kompleksləri yerləşdirmişdi. Lakin belə görünür ki, həmin komplekslər Amerika aviasiyasına qarşı işə yaramayıb.

İraq prezidenti Bərham Saleh bəyan edib ki, ABŞ Hərbi Hava Qüvvələrinin ötən gecə Əl-Qaim şəhəri ətrafına endirdiyi zərbələr Vaşinqtonla Bağdad arasında əldə edilmiş anlaşmanın pozulmasıdır. Onun sözlərinə görə, ABŞ İraqın milli suverenliyini pozur və dünənki aviazərbələr “tamamilə yolverilməz” idi.

Qeyd edək ki, bundan əvvəl İraqda Amerika hərbçilərinin də dislokasiya edildiyi bazalara İrandan dəstəklənən və “Hizbullah”ın qolu olan “Xətaib Hizbullah” qruplaşmasının yaraqlıları tərəfindən raket zərbələri endirilmişdi. Bu günlərdə Kərkük yaxınlığında edilən belə hücumlardan birində Pentaqonla müqavilə əsasında işləyən amerikalı mülki şəxs həlak olub, bir neçə amerikalı və iraqlı hərbçi yaralanıb. ABŞ belə hərəkətlərə görə İrana və onun dəstəklədiyi qüvvələrə qarşı sərt cavab verəcəyi haqda xəbərdarlıq etmişdi.(virtualaz.org)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI