PARADOKS

AKTUAL

Dövlət Gömrük Komitəsinin sədri BP şirkətinin nümayəndə heyəti ilə görüşüb

20-11-2019, 06:18
  •     
  • Ölkə |
  •  Oxunma: 30

Dövlət Gömrük Komitəsinin sədri BP şirkətinin nümayəndə heyəti ilə görüşüb
Noyabrın 19-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev BP şirkətinin vergi məsələləri üzrə baş direktoru xanım Yan Lyonsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bizimyol.info xəbər verir ki, qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev BP şirkəti ilə gömrük orqanları arasında əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edib.

DGK sədri Səfər Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatların gömrük sistemində idarəetmənin təkmilləşdirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində uğurların əldə olunmasına şərait yaratdığını vurğulayıb, informasiya texnologiyalarının tətbiqi, risklərin idarə edilməsi, avtomatlaşdırılmış idarəetmə sistemi sahəsində Azərbaycan gömrüyünün artıq nümunəvi təcrübəyə sahib olduğunu diqqətə çatdırıb.

Səfər Mehdiyev aparılan islahatların müsbət nəticələri barədə məlumat verərək, son iki il ərzində 2 milyard manata yaxın əlavə vəsaitin dövlət büdcəsinə ödənildiyini söyləyib.

Dövlət Gömrük Komitəsinin sədri bildirib ki, Azərbaycan Gömrük Xidmətinin son illər əldə etdiyi əsas uğurlardan biri də qaçaqmalçılığa, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədir. Belə ki, son iki ildə ölkədən tranzit keçməklə Avropaya aparılan 2 tona yaxın narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb.

Daha sonra Səfər Mehdiyev gömrük sistemində aparılan son islahatların nəticəsi olaraq Azərbaycanın istənilən dövlətlə qarşılıqlı güzgülü statistika aparıla biləcəyini də bəyan edib və dövlətlərarası ticarət dövriyyəsinin düzgün həyata keçirilməsinin, ilkin məlumat mübadiləsinin vacibliyini diqqətə çatdırıb.

Komitə sədri "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqinin biznesin inkişafına, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə, könüllü riayət mədəniyyətinin formalaşmasına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, şəffaflığın təmin olunmasına, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə, ölkənin ixrac potensialının artırılmasına münbit şərait yaratdığını qeyd edib.

Qeyd edilib ki, cari ilin fevral ayının 1-dən etibarən tətbiq edilən "Yaşıl dəhliz" buraxılış sisteminin idxal-ixrac əməliyyatlarında payı yüksəkdir.

Səmimi görüşə görə təşəkkür edən BP şirkətinin vergi məsələləri üzrə baş direktoru xanım Yan Lyons BP şirkətinin Dövlət Gömrük Komitəsi ilə birbaşa qurulan əlaqələrindən bəhs edib, qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib.

Şirkətin həyata keçirdiyi irimiqyaslı layihələrin icrasında gömrük orqanlarının müstəsna roluna toxunan baş direktor Azərbaycanın gömrük xidmətindəki yenilikləri, aparılan islahatları və şəffaflığı yüksək qiymətləndirib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI