PARADOKS

AKTUAL

Qobustanda qız qaçıran: “Buradan çıxım, yenə qaçıraram”

13-05-2019, 05:07
  •     
  • Ölkə |
  •  Oxunma: 49

Qobustanda qız qaçıran: “Buradan çıxım, yenə qaçıraram” Adam oğurluğunda təqsirləndirilən Elbəy Qədirov, Amlet Xanşikiyev və Niyal Tağıyev barələrindəki məhkəmə qərarından kassasiya şikayəti verib.
Oxu.Az xəbər verir ki, keçən il Qobustan rayonunda Vahib Zülfüqarov sevdiyi qızı qaçırmaq üçün dostları Elbəy Qədirov, Amlet Xankişiyev və Niyal Tağıyevlə birlikdə dəstə yaradıb.

Dəstə üzvləri zorla Vahib Zülfüqarovun sevdiyi qızı qaçırıblar. Vahib Zülfüqarovun atası Vahid Zülfüqarov da bu cinayət əməlində iştirak edib. Qızın valideynləri Polis Şöbəsinə şikayət ediblər. Şikayət əsasında dəstə üzvləri həbs edilib.

Məhkəmədə ifadə verən Vahib Zülfüqarov ifadəsində özünü qismən təqsirli bilib.

“Mən qızı birinci sinifdən sevirəm. İki dəfə elçi göndərmişəm. Amma qızı valideynləri vermədilər. İndiyə qədər qızla heç bir söhbətim olmayıb. Cəmi bir dəfə qıza məktub yazmışam. Həmin vaxt qonşuları məktubu çatdırmadı. İkinci dəfə “yox” cavabı alandan sonra belə qənaətə gəldim ki, qızı qaçırım.

Evdə valideynlərimə də dedim bu barədə. Onlar dedilər ki, qızın razılığı varsa, qaçırmağıma bir söz demirlər. Sonra məsələni dostlarım Niyal, Amlet və Elbəylə danışdım. Onlara yalandan dedim ki, qız razıdır. Məktublaşırıq, valideynləri vermir. Bir neçə dəfə cəhd elədim ki, qızı qaçıram. Amma alınmadı. Qızı qaçıran gün həyətə girdim. Dostlarım Elbəylə Niyal evə girdi. Qızı onlar evdən çıxardılar. Mən isə ərazini güdürdüm.

Dostlarım maşınla qızı birinci qışlağa, ordan da bacımgilə gətirdilər. Mən yolda onlara qoşuldum. Qız bacımgildə çox səs-küy saldı. Evdəkilər də nə qədər etdilər, qızı razı sala bilmədilər. Məcbur qaldıq, apardıq, evlərinə qoyduq. Mən o qızı çox sevirəm, dostlarımı aldatdığıma görə peşmanam. Yoxsa ölənə qədər o qızdan əl çəkən deyiləm. Buradan çıxım, yenə qaçıraram”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elbəy Qədirov və Amlet Xankişiyev 11 il, Niyal Tağıyev isə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Apellyasiya şikayətləri təmin edilməyən dəstə üzvləri kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər. Onların cinayət işi hakim Gülzar Rzayevanın sədrliyi ilə araşdırılacaq.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI