PARADOKS

AKTUAL

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil

11-01-2019, 04:50
  •     
  • Ölkə |
  •  Oxunma: 26

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil Son günlər ölkədə qrip, soyuqdəymə, boğaz ağrısından şikayətlənənlərin sayı artıb. İşdə, məktəbdə, küçədə hamı “qrip” olduğunu deyir. Xüsusən azyaşlıların bu cür narahatlığına biganə yanaşmaq, onları xəstə-xəstə bağçaya, məktəbə yola salmaq daha çox ciddi xəstəliklərin yaranmasına rəvac verə bilər.

Bəs görəsən, yayılan infeksiyalardan necə qorunmalıyıq? Bu xəstəliyin müalicəsində nələrə diqqət yetirilməlidir?

Həkimlərin sözlərinə görə, son günlər ölkədə qrip, soyuqdəymə, boğaz ağrısından şikayətlənənlərin sayı artıb.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən həkim-pediatr Vaqif Qarayev deyir ki, rəsmi məlumata görə, respublika ərazisində qrip yoxdur:

“Bəzən biz boğaz ağrısını, öskürək və burun axması ilə müşahidə edilən narahatlıqları ümumi olaraq qrip adlandırırıq. Əslində, qrip virusu, bu xəstəliyin törədiciləri isə ağır epidemiya yarada biləcək qədər ciddi, kütləvi şəkildə ölümlərə səbəb ola biləcək qədər ağır bir xəstəlikdir. Adi zökəm, boğaz ağrısını qrip adlandırmaq düzgün deyil. Mövsümlə bağlı olan və insanlarda yuxarı tənəffüs yollarını zədələyən viruslar var.

Bu xəstəliklərin özü, eləcə də, gedişatı qrip viruslarından fərqlidir. Xüsusən azyaşlı uşaqların orqanizmi, immuniteti zəif olduğundan tez-tez xəstələnirlər. Valideynlər uşaqlarını bu mövsümi viruslardan qorumaq üçün onları insanların sıx toplaşdığı məkanlara aparmamalıdırlar.

İnsanların ən tez çirklənən əzası əlləridir. Tez-tez əllər yuyulmalı, küçəyə çıxan zaman qoruyucu maskalardan istifadə edilməlidir. Xəstə uşaqları qətiyyən bağçaya, məktəbə göndərmək olmaz. Böyüklər də mümkün qədər xəstə halda işə getməməlidir. Bir kollektivin xəstəliyə yoluxması üçün iki nəfər xəstə insan kifayət edir. Bunun kütləvi hal almasının qarşısını almaq üçün həmin şəxslərin mütləq şəkildə evdə qalıb müalicə olunmaları vacibdir”.

Həkimin sözlərinə görə, qonşu ölkələrdən fərqli olaraq, Azərbaycanda donuz qripi və ona bənzər ən ağır və ölümlə nəticələnən xəstəliklərə rast gəlinmir:

“Qrip virusunun üç A, B, C növü var. H1N1 virusu da məhz qripin modifikasiya olunmuş növlərindən biridir. Eləcə də, “quş qripi” və digərləri. Bu gün qonşu ölkə olan Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 10 nəfərə çatıb. Bu isə Azərbaycanda da normal olaraq insanlar arasında təlaşa səbəb olub. Bu viruslar ağ ciyər ödəmi (sətəlcəm) kimi ağırlaşaraq, qısa müddətdə ölümə apara bilir”.

Bəs bu virus və onun törədiciləri ilə necə mübarizə aparmalı? Antibiotiklə müalicə nə qədər təsirlidir?

Pediatrın sözlərinə görə, həkim təyinatı olmadan uşaqlara antibiotik verən valideynlər onların həyatını ciddi təhlükəyə atır:

“Xəstəliyə yoluxmamaq üçün insanlar özlərini qorumalıdırlar. Bu il mövsümi xəstəliklər arasında ağırlaşma müşahidə edilmir. Ötən il frantit, hormolit, pnevmaniya, qulaq ağrısı kimi ağırlaşmalar, demək olar ki hər iki uşaqdan birində müşahidə edilirdi. Amma bu il nadir hallarda rast gəlinir.

Hər xəstəliyin özünün müalicə metodu var. Yaxşı olar ki əvvəlcə həkimə müraciət etsinlər və yüngül qızdırma salan antibiotiklərdən istifadə etsinlər. Təəssüf ki, həkimə deyil, aptekə müraciət edib, müxtəlif antibiotiklər alıb istifadə edirlər.

Aptekdə dərman satışı ilə məşğul olan şəxslərin mağazalarda satıcı kimi çalışanlardan heç bir fərqi yoxdur. Onların təqdim etdiyi hər hansı bir antibiotiki alıb qəbul etmək olmaz. Bəzi antibiotiklər qulağa, eşitmə sinirlərinə, qaraciyərə mənfi təsir edir.

Ümumiyyətlə, bütün dərmanların bir müsbət təsiri varsa, bir neçə mənfi təsiri var. Bütün xəstəlik törədici virusların təsnifatı var və onlara uyğun müalicə təyin edilməlidir. Çünki uşaqlar tez-tez xəstələnən zaman orqanizmin immun sistemi daha da zəifləyir”.

Gündəlik istehlak edilən meyvə-tərəvəzlərin tərkibinə müxtəlif antibiotiklər vurulur?

Vaqif Qarayev dünya praktikasında aqrar sektorda meyvə və tərəvəzlərin tərkibinə güclü antibiotiklərin vurulduğunu deyir. Bunun isə insan orqanizmi üçün çox ciddi təhlükələri mövcuddur:

“Meyvə-tərəvəzlərin tez yetişməsi üçün gübrələrin tərkibinə antibiotiklər vururlar. Broyler toyuqlarının daha iri görünməsi üçün onların tərkibinə antibiotiklər vurulur. Artıq antibiotikli tərəvəzləri yedikdən sonra onlar bizim orqanizmimizdə yığılıb qalır. Daha sonra biz xəstələnən zaman həmin törədici virusa təsir edə biləcək antibiotikə qarşı bədənimizdə davamlılıq mövcud olduğu üçün dərman heç bir effekt verməyəcək. Bu, əslində, çox ciddi problemdir. Ona görə də bəzən həkimlərdən narazılıq edirlər.

Demirəm ki, həkimlər hər şeyi mükəmməl yazır, bilir, amma hər halda bu kütləviləşirsə, burada yalnız həkimdə günah axtarmaq doğru deyil. Qidaların keyfiyyəti və orqanizmə təsiri də bu proseslərin gedişatına və geniş yayılmasına təsir edir. Bu gün dünyada törədicilərə birəbir təsir göstərə biləcək güclü, super antibiotik axtarışları davam edir”.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI