PARADOKS

AKTUAL

Sahibsiz itlər üçün 30 sot torpaq ayrıldı – Məhkəmə

8-11-2018, 15:35
  •     
  • Ölkə |
  •  Oxunma: 17

Sahibsiz itlər üçün 30 sot torpaq ayrıldı – Məhkəmə Xəzər Rayon Məhkəməsində Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Gülağa İslamovun rayon ərazisində 300-ə yaxın sahibsiz it saxlayan Eldar Mansurova qarşı iddia ərizəsi üzrə məhkəmə iclası davam etdirilib.

Bizimyol.info xəbər verir ki, proses hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə keçirilib.
İclada üçüncü tərəf kimi işə cəlb edilən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi çıxış edərək, icra başçısı G.İslamovun iddiasını müdafiə etdiklərini deyib.

Daha sonra cavabdeh E.Mansurov bildirib ki, daxili işlər naziri Ramil Usubov itlərin saxlanılması üçün torpaq ayrılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət edib. Nazirin müraciəti əsasında Bakı Şəhər İcra Hakimiyyəti sərəncam verərək itlərin saxlanılması üçün Xəzər rayonu, Qala qəsəbəsində 30 sot torpaq ayırıb.

Həmin sərəncam məhkəməyə təqdim edilib.

Məhkəmə tərəflərə bir ay müddət verib.
Həmin vaxt ərzində torpağa baxış keçiriləcək və tərəflərin razılığa gəlib-gəlməyəcəyi bəlli olacaq.
Proses qeyri-müəyyən müddətə təxirə salınıb.

İcra başçısının iddia ərizəsində göstərilib ki, ətrafda narahatlıq və antisanitar vəziyyət yarandığından sakinlərin şikayəti araşdırılıb: “İcra Hakimiyyətinin, Daxili İşlər Nazirliyinin Baş ictimai təhlükəsizlik idarəsinin, Bakı şəhər Baş Polis İdarəsinin, Xəzər rayon Polis idarəsinin, Mərdəkan Bələdiyyəsinin, rayonun Gigeyana və Epidemiologiya Mərkəzinin, rayon Baytarlıq sahəsinin və Mərdəkan qəsəbə inzibati ərazi dairəsinin nümayəndələri, Canlı Aləmin Mühafizəsi Alyasının əməkdaşları tərəfindən Eldar Mansurova məxsus həyətə baxış keçirilib. Baxış zamanı 300-ə yaxın itin qonşuluqda yaşayan sakinlərə məxsus fərdi yaşayış evlərinin bilavasitə sanitariya-mühafizə zonasında saxlandığı, buna görə də ərazidə kəskin qoxunun və səs-küyün gəldiyi aşkar edilib”.

G.İslamov ərizəsində bildirib ki, araşdırmalardan sonra E.Mansurov barəsində İnzibati Xətalar Məcəlləsinin 290.1.1, 290.1.6, 290.2 maddələrində nəzərdə tutulan “Ev heyvanlarının saxlanması qaydaları”na uyğun olaraq, sahibsiz itlərin yaşayış sahəsindən köçürülməsi tələb olunub: “Eldar Mansurov qanunsuz olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilən saydan artıq ev heyvanları saxladığı üçün Xəzər rayon Polis idaərsinin 1-ci polis bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 290.1.3-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub”.
G.İslamov Xəzər rayon Məhkəməsinə müraciətində sahibsiz itlərin yaşayış sahəsindən çıxarılmasını və E.Mansurovun ev heyvanı saxlamaq hüququndan məhrum edilməsini tələb edib.

Rəşad VAQİFOĞLU


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI