PARADOKS

AKTUAL

Yaşma bağlarında işıq problemi

16-05-2018, 12:02
  •     
  • Ölkə |
  •  Oxunma: 142

Yaşma bağlarında işıq problemi Qeyri-hökumət təşkilatının rəhbəri Mahmud Rasimoğlu Sumqayıt şəhəri, Yaşma bağları ərazisinin elektrik enerjisi ilə təchiz olunmamasından şikayətlənib.

O bu barədə özünün “facebook” səhifəsində yazıb.

M.Rasimoğlu sosial şəbəkədə yazıb ki, o, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Polimer” İMİ-2 B/Y 120 ünvanındakı bağ evində bir ildən çoxdur elektrik enerjisi problemi var.

M.Rasimoğlunun yazdığına görə, dəfələrlə “ASAN xidmət” vasitəsi ilə “Azərişıq” ASC-yə onun yaşadığı ünvana elektrik xəttinin çəkilməsi barədə müraciət etsə də, onun ərizəsinə imtina cavabı gəlib. Əraziyə baxış keçirən “Azərişıq” ASC-nin nümayəndəsi Nazim Yarıyev M.Rasimoğluya bildirib ki, bu problemin həlli ilə bağlı o heç bir köməklik göstərə bilməz: ““Azərişıq” ASC Bakıda tender keçirir, tenderdə qalib gələn şirkətin pulu “Azərişıq” tərəfindən onun hesabına köçürülür, həmin şirkət də əraziyə elektrik xətti çəkərək təhvil verir “Azərişıq”a. “Azərişıq” da öz növbəsində işi təhvil verir “ASAN xidmət”-ə və “ASAN xidmət” də elektrik şəbəkəsinə qoşulmaq üçün müraciət edənləri müəyyən edir və bundan sonra həmin vətəndaşın evinə elektrik xətti çəkilir.”

Bağ evinə işığın çəkilməsi üçün “ASAN xidmət”ə 5 ay əvvəl müraciət edən M.Rasimoğlu isə öz növbəsində Nazim Yarıyeva sual verib ki, bəs onun yaşadığı ünvandan təxminən 30 metr məsafədə elektrik xəttinin keçdiyi halda niyə həmin xəttdən onun evinə işıq çəkilmir? Nazim Yarıyev M.Rasimoğluya cavabında bildirib ki, tender qalibi olan şirkət Yaşma bağları ərazisində elektrik dirəklərini yerə basdırıb, elektrik xəttini isə elə çəkiblər ki, həmin xəttdən sizin evə olan məsafə 30 metr olsa da, elektrik xəttinin çəkilməsi üçün “Azərişıq”-a siz təxminən 3 min manatdan çox pul ödəməlisiz”.

Mahmud Rasimoğlunun yazdıqları ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə informasiya sorğusu göndərdik.

“ASAN xidmət”in Nəzarət və qiymətləndirmə şöbəsinin müdir müavini Fuad Qarayev sorğumuza cavab verib: “Müraciətinizə cavab olaraq bildiririk ki, Dövlət Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasında “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən mərkəzi və ya yerli icra hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirir.

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində xidmətlərin dövlət orqanları, idarə, müəssisə və təşkilatlar tərəfindən göstərildiyi nəzərə alınaraq Sizin müraciətiniz baxılması üçün aidiyyəti üzrə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə göndərilib”.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Bizim Yol”a bildirib ki tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği müəyyənləşdirlib. Dövlət rüsumu ödənildikdən sonra obyeklətlər elektrik enerjisi ilə təchiz olunur.

““Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1857 nömrəli Fərmanının 2.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar verib. Qərar ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri üçün müəyyən olunan qoşulma haqqının məbləğləri dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlara, dövlət mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə və aktiv istehlakçılara da şamil olunub”,-deyə Tanrıverdi Mustafayev qeyd edib.

Ramid İbrahimov


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI