PARADOKS

AKTUAL

Bağlanmış bankların əmanətləri hərraclarda “göydə uçur”…

3-03-2018, 15:47
  •     
  • Ölkə |
  •  Oxunma: 143

Bağlanmış bankların əmanətləri hərraclarda “göydə uçur”… Əkrəm Həsənov: “Əmlak öz dəyərinə uyğun qiymətə satılarsa, əmanətçilərin pulunun qaytarılması şansı çoxalır”

Bakı Xəbər bildirir ki,Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Respublika Xammal və Əmtəə Birjası vasitəsilə bu günlərdə ləğv prosesində olan 5 bankın balansındakı əmlakların satışı üzrə açıq hərrac keçirib.

Fondun yaydığı məlumatda qeyd olunur ki, keçirilmiş açıq hərracın nəticələrinə əsasən, “Bank Standard” QSC-nin balansındakı 2 ədəd “Toyota Camry”, 1 ədəd “Lexus LX-570”, 1 ədəd “Mitsubishi Outlander”, 1 ədəd “Toyota Corolla”, 1 ədəd “Mitsubishi Lancer”, 2 ədəd “Ford Transit Connect” markalı avtomobillər və 4 ədəd bankomat, “Texnikabank” ASC-nin balansındakı, Şabran rayonunda yerləşən torpaq sahəsi və 2 ədəd bankomat, “Kredobank” ASC-nin balansındakı 1 ədəd “QAZ-3110”, 1 ədəd “Toyota Camry” və 1 ədəd “Toyota Land Cruser” markalı avtomobillər, “Royalbank” ASC-nin balansındakı 1 ədəd qeyri-yaşayış sahəsi, “Zaminbank” ASC-nin balansındakı 1 ədəd “Ford Transit Connect” və “Range Rover” markalı avtomobillər satılıb.

Hərracda bir neçə avtomobilə xüsusi maraq olduğundan, onların yekun satış qiyməti ilkin satış qiymətini xeyli üstələyib. Belə ki, “Bank Standard”a məxsus, 2014-cü ilin buraxılışı olan “Toyota Camry” avtomobilinin ilkin qiyməti 34 070 manat olduğu halda, yekun qiyməti 40 890 manat, “Mitsubishi Outlander” avtomobilinin ilkin qiyməti 18 570 manat olduğu halda, yekun qiyməti 25 638 manat təşkil edib.

Məlumatlara görə, son zamanlar keçirilən hərraclarda bank əmlaklarına maraq yüksəlib.

Bunun səbəbini öyrənmək məqsədilə bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənova müraciət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son zamanlar hərracların ədalətli formada keçirilməsi bank əmlaklarına marağı artırıb: “Hərracların tam şəffaf şəkildə keçirilməsi üçün ölkə başçısı İlham Əliyevə və Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişik. Əvvəllər hərraclar tamamilə qeyri-şəffaf formada keçirilirdi. Artıq hərraclar ədalətli və obyektiv formada keçirilir. Hərraclar şəffaf olduğu üçün, onlara maraq da artır. Əvvəllər bank əmanəti sayılan hansısa avtomobilin qiyməti 20000 manat olduğu halda, hərracda onu 7000 manata öz adamlarına satırdılar. Ancaq indi vəziyyət yaxşılığa doğru dəyişib. İstənilən şəxs hərracda iştirak edə bilər”.

Həmsöhbətimizin sözlərinə görə, bank müştəriləri, kreditorlar, əmanətçilər öz haqlarını qanunvericiliyin tələbinə uyğun olaraq tələb edəndə nəticə müsbət olur: “Bank əmlaklarının dəyərindən ucuz qiymətə satılmasının artıq qarşısı alınıb. Əmlak öz dəyərinə uyğun qiymətə satılarsa, əmanətçilərin pulunun qaytarılması şansı çoxalır”.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI