PARADOKS

AKTUAL

“Bu xəstəxanalarda ölən daha çoxdur, ancaq…”

19-02-2018, 21:26
  •     
  • Ölkə |
  •  Oxunma: 76

“Bu xəstəxanalarda ölən daha çoxdur, ancaq…” Nazim Bəydəmirli: “Səhiyyə sahəsində inhisarçılıq var, yaxşı işləyənlərə qarşı “qara piar” aparılır”

“Dərman şirkətləri dövlət xəstəxanalarının rəhbərlərini və həkimlərini qanunsuz yolla ələ alır…”

Xəbər verildiyi kimi, Səhiyyə Nazirliyi ölkə əhalisinin məcburi tibbi müayinədən keçirilməsi haqqında qərar verib. Fevralın 12-dən bu qərarın icrasına başlanılıb. Bu qərar və ümumiyytlə səhiyyəmizin problemləri haqda Bizim Yol-un əməkdaşları səhiyyə sahəsində də fəaliyyət göstərən sahibkar, səhiyyənin iqtisadiyyatı haqda dərindən məlumatlı olan iqtisad elmləri doktoru, professor Nazim Bəydəmirli söhbət edib. Həmin müsahibəni təqdim edirik.

– Ölkə əhalisinin əhalinin məcburi tibbi müayinəsi haqda səhiyyə nazirinin müavini sərəncam imzalayıb. Bu məsələyə münasibətiniz necədir? Sizcə, bu hansı zərurətdən yaranmış bir addımdır?

– Bu qərar o deməkdir ki, dövlət öz əhalisinin saöğlamlığına biganə deyil. Dövlətin belə bir öhdəliyi var…

Ölkə başçısı bir neçə il bundan əvvəl əhalinin tam pulsuz müayinə olunması haqqında göstəriş vermişdi. Görünür, Səhiyyə Nazirliyi öz hesabatlarında təqdim etmək üçün bu addımları atır…

– Bu addımlar yetərlidirmi?

– Xeyr. Səhiyyə problemi təkcə müayinədən ibarət deyil. Həll olunmamış çox məsələlər var…

“Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait azdır”

– Bu problemlərin kökü nədədir?

– Təəssüf ki, 2018-ci ilin dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait də azdır. Təqribən 740,7 milyon manatdır. Bunu adam başına böldükdə heç 75 manat etmir. Bu, çox kiçik rəqəmdir. Bəyan olunur ki, dövlət tibb müəssisələrində səhiyyə pulsuzdur, amma istənilən vətəndaş dövlət xəstəxanalarına gedəndə, müayinələrdən keçəndə, təbii ki, öz cibinin pulunu xərcləyir. Dövlət xəstəxanasına bir dəfə getmiş şəxs tam olaraq bu bəyanatların arxasında nəyin dayandığını bilir. Görür, səhiyyə harda və necə pulsuzdur.

– Sizcə, pulsuz səhiyyə xidməti olmalıdırmı? Və ya varmı?

– Ümumiyyətlə, bazar iqtisadiyyatında elə bir sahə yoxdur ki, orada pulsuz xidmət olsun. Sadəcə, pulun qarşılanma mexanizimləri fərqlidir. Sosializmdə deyirdilər ki, hər şey pulsuzdur. Oxumaq, təhsil və.s. Orada da pulsuz deyildi. Sadəcə, vətəndaşların ödədiyi vergilər bir mərkəzə toplanır, ondan sonra dövlət o xərcləri səhiyyə və təhsilə ayırırdı. İndiki durumda da eynidir.

– Bəs əslində bu mexanizm necə olmalıdır?

– Belə mexanizm dünyada var. Tibbi sığorta olmalıdır. Bizdə də tibbi sığorta haqqında qanun hələ 90-cı illərin sonlarında qəbul edilib. Ancaq uzun müddət işləmədi. 2007-ci ildə icbari tibbi sığorta ilə bağlı Nazirlər Kabineti yanında Dövlət Agentliyi yaradıldı. Təqribən 9 ildən sonra Agentlik fəaliyyətə başladı…

-Niyə belə gec?

– Səhiyyə islahatları bizdə ən ləng gedən islahatlardandır. Buna görə də biz həmişə Azərbaycanın səhiyyə sistemini geridə qalmış sayırıq.

“Bakının yüklənməsi vəziyyəti çətinləşdirib”

– Əhalinin məcburi tibbi müayinəsi ilə bağlı sualımıza qayıtmaq istərdik. Qısa müddətdə səhiyyəmizin indiki imkanları ilə bu işi reallaşdırmaq mümkündürmü?

– Mümkün deyil. Ona görə, təbii ki, insanlar alışmalıdır. Dediyim kimi, tibbi sığorta olmalıdır ki, insanlar planlı olaraq il ərzində bir neçə dəfə müayinədən keçə bilsinlər. Xəstəlikləri varsa, ilkin mərhələdə aşkarlana bilsin. Onda, təbii ki, dövlətin də xərcləri azalacaq. Bizim mental xüsusiyyətimiz var; insan yatağa düşməmiş, ciddi xəstələnməmiş həkimə müraciət etmir. Yəni özümüzdə də çox problemlər var. Bir yandan da insanları qınamaq da olmur; tibbi sığorta olmadığı üçün əlavə xərc çəkmək istəmir. Üstəlik də öz daimi qeydiyyatda olduğu ərazidən kənarda yaşayan insanlarımız çoxdur – milyonlarladır. Rayonlardan camaat daha çox Bakıya toplaşıb. Bakının əhalisinin bəlkə də yarıdan çoxu rayon qeydiyyatında olanlardır. Bu da səhiyyənin problemlərini, dövlətin xərclərini artırır. Yəni burda həm mental xüsusiyyətlər təsir edir, həm də tibbi sığorta olmadığına görə vətəndaş izafi xərc çəkmək istəmir. Nəzərə alaq ki, Azərbaycanda məcburi köçkün olmuş kifayət qədər insanlarda var. Eyni zamanda iqtisadi miqrasiyaya məruz qalmış insanların sayı milyonlarladır.

– Dediniz ki, rayon camaatının Bakıya gəlmıəsi dövlətin xərclərini artırır. Nədə ifadə olunur bu xərclər?

– Sosial problemlər olduqda dövlətin xərcləri artır. Əslində dövlət aztəminatlı insanları, tələbələri, təqaüdçüləri, dövlət qulluğunda çalışanları,hərbçiləri və başqa bu kimi kateqoriyadan olanları icbari tibbi sığorta əsasında dövlət büdcəsi hesabına müalicə etdirilmələdir. Yəni proflaktik müayinədən tutmuş müalicəyə qədər .

– Bəs bu kateqoriyadan olmayanların sığortası necə olmalıdır?

– Söhbət özəl sektorda çalışanlardan gedirsə, onlarıişlədikləri müəssisələr icbari tibbi sığorta edəcək. Sistem belə qurulmalıdır. Burda ciddi şəffaflıq olmalıdır. Məsələn, qonşu Gürcüstanda
yaşayan hər bir vətəndaşın aylıq gəliri 394 dollardan aşağıdırsa, onların işdəyib-işdəməməyindən asılı olmayaraq,əksər müayinə və müalicə xərcləri dövlətin üzərindədir. Pulsuz müayinə olunurlar.

“Doğru-dürüst müayinə olsa, insanlarda çox xəstəliklər aşkarlanacaq”

– Ancaq səhiyyə tamam pulsuz da deyil?..

– Bəli. Cərrahi əməliyyatın və stasionar müalicə, yəni həkim müşahidəsi altında xəstəxanada yatmağın xərcinin təqribən 20-30 faizini vətəndaşın özü ödüyür. Gürcüstanın iqtisadiyyatı bizimkindən zəifdir. Ancaq Gürcüstanın səhiyyəyə ayırdığı vəsaitlər Azərbaycan dövlətinin həmin sahəyə ayırdığı vəsaitlərdən kifayət qədər çoxdur. Bu, təbii ki, icbari-tibbi sığorta səhiyyə islahatlarının nəticəsidir. Azərbaycan da bu sistemə inteqrasiya olunmalıdır. Köklü islahatlar aparılmalıdır ki, səhiyyə sistemində haqqında danışdığımız problemlər yaşanmasın.

– İndi başlanmış bu kütləvi müayinə əsasında müalicələr yazılacaqmı? Yəni bunun bir əməli nəticəsi nə olacaq?

– Əgər bir iş kampaniya şəklində gedirsə, onun nəticəsini hesablamaq çoxda çətin deyil. İstənilən sağlam adam belə xəstəxanaya müraciət etsə, əvvəldən axıra qədər doğru-dürüst check up aparılsa, gizlin olsa da müxtəlif xəstəliklər aşkaralana bilər. Bu da ölkədə iqtisadi, sosial problemlərin qabarıq olmasını göstərər…

-Yəni insanların sağlıq durumu iqtisadiyyata bağlıdır.

– Heç şübhəsiz. Bilirsiniz, biz kənardan varlı dövlət kimi görünürük. Bizim valyuta ehtiyyatımız kifayət qədər yüksəkdir. Ancaq real rəqəmlər bunun əksin göstərir. Bunun da kökündə duran səbəblərdən biri inhisarçılıqdır.

“Əslində dövlət xəstəxanaları da pulludur, ancaq…”

– Tibb sahəsində də inhisarşılıq var? Axı dövlət xəstəxanaları ilə yanaşı çoxlu özəl klinikalar da var.

– Dövlət özəl tibb xidmətinə lisenziya verir. Bu, doğrudur. Ancaq dövlət xəstaxanaları özəl klinikalara qarşı qara piar kampaniyası aparılır.

– Rəqabət olmalıdır…

– Söhbət rəqabətdən getmir. “Qara piar”dan gedir. Məsələn, xəstələrin ölüm hadisələri daha çox dövlət xəstəxanalarında baş verir. Ancaq özəl xəstəxanalarda baş vermiş ölüm hadisələri çox qabardılır. Əslində dövlət xəstəxanaları da əksər özəl xəstəxanalar kimi fəaliyyət göstərir. Çünki pullu xidmətlərdən yararlanırlar. Ancaq o pullu xidmətə görə də vergi ödəmirlər. Burda hansı rəqabətdən söhbət edə bilərik?! Dövlət xəstəxanaları dövlət büdcəsi hesabına təmin olunur, avadanlıqlar alır, maaşlar verilir. Ancaq yığılan vəsaitdən vergilər ödənilmir. Həmin dövlət klinikalarının menecerləri,baş həkimləri və yaxud direktorları onları özəl klinika kimi işlədirlər. Dövlət büdcəsi hesabına maliyyələşirlər. Ancaq fəaliyyətləri insanları qane etmir.Ona görə islahatlar aparılmalıdır. İlk növbədə yerliçilik ləğv olunmalıdır. Xəstəxanlarda işə qəbul pulla aparılır. Məhdudiyyət qoyulur -hansı klinikalara getmək olar və ya getmək olmaz. Belə desək, bazar məhdudlaşdırılır. Bunun hamısı insanların sağlamlığına mənfi təsir edir. Bu məsələlər həll olunmasa, səhiyyədə olan problemlər davam edəcək, vətəndaşlarımız da kampaniya qurbanı olacaqlar.

– Kampaniya demişkən, əhali arasında belə fikirlər yayılır ki, indiki kütləvi müayinənin məqsədir kütləvi də müalicə yazıb dərman satdırmaqdır. Bəziləri də deyir ki, bu, seçki ilə bağlıdır. Bu fikirlər nə dərəcədə doğrudur?

– Mediada müxtəlif versiyalar yayıla bilər. Mənim onlara şərh etmək niyyətim yoxdur. Əslində həkimlərin müəyyən dərman satan şirkətlərlə əməkdaşlıq etdiyi heç kəsə sirr deyil. Bu şirkətlər ancaq dövlət xəstəxanalarına yol açırlar. Həmin həkimlər xəstələrin qarşısında cəvabdehlik daşıyır. Əgər vətəndaş gedib vəsait ödəyibsə, onun şəxsi cibinə verirsə, yəni heç bir qəbz yoxdursa və heç bir vergi ödənilmirsə, sabah vətəndaş iddia qaldıra bilmir. Problemlə üzləşəndə məhkəməyə müraciət etmək imkanı olmur. Ona görə də istənilən xidmətin qarşılığnda pul ödənirsə, qəbz tələb edilməlidir. Bu həm vətəndaşın sağlamlığının qorunmasına xidmət edər, həm də dövlətin büdcəsini artırar. Şəffaflığa gətirib çıxarar. Heç kəsdən çəkinmək lazım deyil. Siz xidmət alırsınız və onun müqabilində pul ödəyirsiniz.Pulu nəyə görə ödəyirsinizsə onun qəbzini almalısınız.

– Yəni həmin dərman şirkətləri ilə dövlət xəstəxanalarının o həkimləri arasında əməkdaşlıq qanuni deyil?

– Tamamilə doğrudur. Dərman satan şirkətlər dövlət xəstəxanalarındakı həkimləri, baş həkimləri, direktorları və başqa bu kimi çalışanları ələ alırlar. Bu, artıq kütləvi hala çevrilib. Bundan əvvəlki sualınızın ikinci hissəsinə gəlincə, əhalinin ümumi tibbi müayinəsi bir neçə ildir aparılır. O zaman seçki yox idi. Yəni bu kampaniyanın seçki ilə əlaqəsi yoxdur. İndi ola bilər seçki ilə üst-üstə düşdüyü üçün bu fikir yaranıb. Məsələ təkcə seçki ilə bağlı olmamalıdır. Hər bir sahənin rəhbərliyi özünü yaxşı göstərmək üçün kampaniya keçirirlər. Bu, doğru iş deyil. İnsanların sağlamlığına həmişə fikir vermək lazımdır. Biz həmişə özümüzü başqa ölkələrlə müqayisə edirik; onlarda niyə səhiyyə və xidmətlər yüksəkdir? Niyə həkimlər yüksək maaş alırlar? Bunun kökündə duran səbəb isə iqtisadi şəffaflığın olmasıdır. İnhisarçılığın olmamasıdır. Tibbi xidmətin keyfiyyətli və etibarlı olduğu ölkələrdə həkimlərin vəzifəyə təyin olunması tam şəffaf aparılır. Ona görə də rəqabət olur. Bir yerə bir neçə mütəxəssis iddia edir. Ən yaxşısı seçilib götürülür. Biz də bu yolu getməliyik. Özü sağlam olmayan səhiyyə millətin sağlamlığını necə qoruya bilər?!

Fərqanə Babazadə
Aysel Ələkbər

Bizim Yol


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI