PARADOKS

AKTUAL

KİV-ə Dəstək Fondunun "fəal işlədiyi" müddət ərzində MƏTBUAT GERILƏYİB

12-01-2018, 11:41
  •     
  • Ölkə |
  •  Oxunma: 88

KİV-ə Dəstək Fondunun "fəal işlədiyi" müddət ərzində MƏTBUAT GERILƏYİB Vüqar Səfərli jurnalistlərlə görüşsəydi, biz ondan soruşardıq ki...

2008-ci ilin iyulunda prezident İ.Əliyev öz fərmanı ilə KİV-ə dövlət dəstəyi konsepsiyasını təsdiq edib. Onun əsasında Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb.
Bu qurumun yaradılması təşəbbüsü aparıcı KİV redaktorlarına aid idi, onlar bu yolla dövlətin KİV sahəsində siyasətini konstruktiv istiqamətə yönləndirməyə və maliyyə cəhətdən KİV-in öz-özünə kifayət etməsini, eyni zamanda mətbuatın keyfiyyətini və yerliliyini təmin etmək üçün şərait yaratmağa ümid edirdilər.
Fəaliyyət göstərdiyi 10 ilə yaxın müddət ərzində Dövlət Fondunun uğurları və uğursuzluqları nələrdir? Yanvarın 8-də Turan Agentliyinin nümayəndəsi KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun (qısaca - Fond) icraçı direktoru Vüqar Səfərlidən müsahibə almaq, ona bu və digər sualları vermək üçün Fondun ofisinə gedib. V.Səfərli öz kabinetində idi, katibə ona Turan-ın müxbirinin gəldiyi barədə məlumat verib, amma jurnalistikanın inkişafına görə məsuliyyət daşıyan Fondun rəhbəri kabinetindən çıxmayıb, katibə isə V.Səfərlinin müsahibə vermədiyini deyib. Heç vaxt və heç kimə. Mətbuatla əlaqələrə görə məsul şəxs səlahiyyətlərini icra edən direktor müavini də sualları cavablandırmaqdan imtina edib.
Fondun http://kivdf.gov.az saytında bu ictimai və qeyri-kommersiya təşkilatının prezident tərəfindən təsdiq edilmiş konsepsiyası yerləşdirilib. KİV-ə dövlət dəstəyinin prinsip və formalarına həsr olunmuş üçüncü hissədə "şəffaflıq" anlayışı "qanunçuluqdan" sonra ikinci yerdə gəlir. V.Səfərli jurnalistin Fondun fəaliyyəti haqqında məlumat almaq hüququnu pozaraq və bununla da onu ictimaiyyət üçün qeyri-şəffaf edərək, hər iki prinsipi birdən pozub. V.Səfərli ona 2017-ci ildə prezidentin Fonda ayırdığı beş milyon manatın xərclənməsi haqqında sual vermək imkanı yaratmaqdan imtina edib. Sualımız yanvarın 5-də Azərbaycan prezidentinə və birinci vitse-prezidentinə açıq məktub dərc edən Hurriyet qəzetinin Fondun ünvanına ittihamları ilə bağlıdır. Məktubda bu nəşrin baş redaktoru V.Məmmədov dövlət rəhbərlərinə KİV-ə Dövlət Dəstəyi Fondunda korrupsiya faktları barədə məlumat vermək üçün qəbul edilməsini xahiş edir.
Qəzetin redaksiyasında hesab edirlər ki, KİV-ə maliyyə dəstəyi üçün ayrılan büdcə vəsaiti Fond tərəfindən yanlış və ədalətsiz xərclənir. "Sizin ayırdığınız (respublikada KİV-in inkişafına - Turan) vəsait təyinatı üzrə xərclənmir və 3-5 nəfər tərəfindən mənimsənilir", deyə Hurriyet qəzetinin müraciətində bildirilir.
Azərbaycan mətbuatında Fondun fəaliyyətinin qanuniliyinə olan şübhələr haqqında çox yazılıb və deyilib, xüsusən jurnalistlər üçün iki çoxmərtəbəli evin tikintisi və mənzillərin paylanması ilə bağlı. Palitika.az saytında Fondda Prezident Administrasiyasının sədr müavini Əli Həsənovun himayəsi altında korrupsiya haqqında məqalələr dərc edilib (http://palitika.az/xeber/1600-qara-mnd-qoz-var-v-ya-vuqar-sfrlinin-ozunu...).
Digər bir KİV-in nəşrində jurnalistlər üçün tikilmiş evdə mənzil paylanması zamanı onlara dəstək prinsipinin pozulmasından gileylənilir. Mənzilləri jurnalist olaraq işləməyən və dövlətin köməyinə ehtiyacı olmayan insanlar alıblar (https://www.24saat.org/ev-alan-saxta-jurnalistlərin-siyahisi-vuqar-səfərlinin-katibə-ev-verib-137233.html).
Bağlanan "Azadlıq" qəzetinin məqaləsində iddia olunur ki, jurnalistlər üçün birinci evdə 15 mənzil sürücülərə və katibələrə verilib (https://storage.googleapis.com/qurium/azadliq.info/197526.html).
Yuxarıda qeyd edilən konsepsiyanın beşinci hissəsində (KİV-in inkişafına dövlət dəstəyi sahələri) ayrı-ayrı sətirlərdə aşağıdakılar sadalanır:
- vətəndaş cəmiyyətinə, hüquqi dövlət qurulmasına dəstək;
- fikir, söz və informasiyanın yayılması azadlığına, plüralizmin inkişafına dəstək;
- insan hüquq və azadlıqlarının, vətəndaş hüquqlarının müdafiəsinə dəstək, siyasi mədəniyyət səviyyəsinin artırılması, sosial və siyasi fəallığın gücləndirilməsi.
Amma Fondun yarandığı gündən ötən 10 il ərzində bu təşkilat konsepsiyada sadalanan bəndlərdən heç biri üzrə vəziyyətin yaxşılaşmasına şərait yaratmayıb. Azadlıq, Ayna-Zerkalo, Hurriyet və digər qəzetlər bağlanıb, Azərbaycanın ilk özəl telekanalı olan ANS bağlanıb. Azərbaycanda media saytları bloklanıb və bloklanmağa davam edir.
KİV-in iqtisadi cəhətdən öz-özünə kifayət etməsinin, peşəkarlıq səviyyəsinin təmin edilməsinə yönəlmiş müxtəlif konsepsiya və proqramların hazırlanması və həyata keçirilməsi, dövlətin səmərəli informasiya siyasətinin formalaşdırılması, beynəlxalq aləmdə qəbul edilmiş peşə-etika normaları bazasında jurnalistlər və dövlət arasında KİV-in inkişafı məsələləri üzrə konsensus yaradılması yerinə, Fond qrantların və mənzillərin primitiv şəkildə paylanması, heç bir öhdəlik yaratmayan tədbirlərin keçirilməsi ilə məşğul olub.
Dövlət səviyyəsində istisnasız bütün KİV-in maliyyə yükünün azaldılması üçün heç bir təşəbbüs həyata keçirilməyib.
Fondun inkişaf etdirməli və təkan verməli olduğu reklam bazarı sabit şəkildə geriləməyə davam edib - 2006-cı ildə 28 735 632 manatdan (25 mln. dollar) 2016-cı ildə 14 675 000 manata (8 621 190 dollar) qədər.

2016
Ümumilikdə 14.675.000 ($8. 621.190)
TV 8.036.000 ($4 720.950)
Radio 1.479.000 ($868.870)
İnternet 1.247.000 ($732.580)
Qəzet və jurnallar 1.400.000 ($87.530)

ÜDM-də mediareklam bazarının payı 0,02% təşkil edib, bir halda ki, beynəlxalq norma 1%-dir. Bu, son 10 ildə ən aşağı göstəricidir. 2005-ci ildə bu göstərici 0,14% səviyyəsində idi.
Ölkədə çap mətbuatının özəl yayımçıları sistemi dağılıb, baxmayaraq ki, doxsanıncı illərdə Azərbaycanda öz aralarında rəqabət aparan bir neçə belə şirkət fəal şəkildə işləyirdi. Amma son 10 il ərzində köşklərin sayı o qədər azalıb ki, Azərbaycan qəzet köşkləri göstəricisinə görə təkcə inkişaf etmiş ölkələrdən ciddi şəkildə geri qalmayıb. Məsələn, Avropada hər 1500 nəfərə bir köşk düşür, Rusiyada 4500 nəfərə bir, Azərbaycanda isə 20 000 nəfərə bir köşk düşür.
Bu gün qəzet köşkləri daha çox siqaret, gigiyena ləvazimatları, oyuncaq və ayaqqabı içlikləri, qısası, dövri mətbuatdan başqa hər şey satır.
Dünyada çap KİV-lərinin və elektron KİV-lərin internet medianın xeyrinə tədrici inkişafı baş verirsə, Azərbaycanda ənənəvi KİV də, internet də dağıdılıb, heç bir inkişaf yoxdur. Əsas, bəzən hətta yeganə gəlir mənbəyi olan reklam bazarının göstəriciləri mətbuatın hər yerdə tənəzzülə uğradığını sübut edir.
Nəticədə, KİV-in peşə-etika dəyərləri və prinsipləri əsasında özünü tənzimləməsi üçün şərait yaratmaq yerinə, dövlət qurumları səmərəsiz vasitələrlə: söz və mətbuat azadlığı sahəsində qanunvericiliyi sərtləşdirməklə, məhkəmə prosesləri, həbslər, saytların bloklanması, KİV-lərin bağlanması yolu ilə mətbuatın "tənzimlənməsi" ilə məşğul olmaq məcburiyyətində qalırlar. Dövlət və KİV münasibətlərində bütün funksiyalar əsasən hüquq-mühafizə qurumlarının üzərinə atılıb. Belə olan halda sual yaranır: onda Fond və onun həmkarı olan Mətbuat Şurası nəyə lazımdır?
Fond tərəfindən həyata keçirilən bu "KİV-in inkişafı siyasətinin" nəticəsi Azərbaycanın illik mətbuat azadlığı reytinqlərində daim biabırçı yerləri tutması olub. Məsələn, 2016-cı ildə ölkəmiz 163-cü yeri tutub (Gürcüstan 64, Ermənistan 74).
Yəqin ki, Vüqar Səfərli kabinetindən çıxıb Turan-ın suallarını cavablandırsaydı, rəhbərlik etdiyi Fondun yorulmadan fəaliyyət göstərməsi faktlarından danışardı. Təşkilatın saytında Fondun keçirdiyi konfranslar, treninqlər, jurnalistlərin kollektiv şəkildə Türkiyəyə səfərləri, jurnalistlər üçün mənzil tikilməsi və paylanması, ən yaxşı nəşr müsabiqələri, KİV-ə maliyyə yardımı və s. haqqında geniş məlumat verilib. Amma V.Səfərli sualları cavablandırmayıb, faktlar isə onun rəhbərlik etdiyi Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətində ciddi nöqsanlar olduğunu göstərir.
Biz sualları bu il yanvarın 5-də redaksiyanın qərarı ilə bağlanmış Hurriyet qəzetinin baş redaktoru Vüqar Məmmədova verdik. 2008-ci ildə "Vüqar Səfərlinin" Fondu yarandıqda qəzet 2500 nüsxə tirajla çıxırdı (həmin illərdə "Yeni Müsavat" qəzeti təxminən 20 min nüsxə tirajla çıxırdı, bu gün isə təxminən 5 min). V.Məmmədov qəzetin bağlanmasının əsas təqsirkarının KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası (sədri Əflatun Amaşov) olduğunu qeyd edir. Redaktorun sözlərinə görə, Mətbuat Şurası jurnalistlərin deyil, məmurların maraqlarını müdafiə orqanına çevrilib. Dəstək Fondu ilə birlikdə Şura da ayrı-ayrı redaksiyaların seçim əsasında pulsuz mənzil əldə edəcəklər siyahısından çıxarılması ilə məşğul olur. Bu, belə edilir: bir ay əvvəl xoşagəlməz KİV-ə Mətbuat Şurasından və ya prokurorluqdan xəbərdarlıq verilir, həm də jurnalistlərlə bağlı daxil olan şikayət yoxlanılmadan. Bir xəbərdarlıq bir redaksiyanın bütünlüklə dövlətin jurnalistlər üçün tikdiyi evdə mənzil alacaqlar siyahısından çıxarılması və dövlətin maliyyə dəstəyindən məhrum olması üçün kifayətdir.
V.Məmmədov ölkə prezidentinə və ya vitse-prezidentinə hazırladığı məruzəsinin təfsilatını açıqlamayıb. O, dövlət rəhbərlərinin onunla görüşəcəyinə ümid edir. Turan-a yalnız onu deyib ki, Əliyevlərlə görüşdə onlara bir qrup şəxsin KİV-ə dəstək üçün dövlətin ayırdığı vəsaiti mənimsəməsi ilə bağlı ciddi faktları təqdim edəcək. V.Məmmədov hesab edir ki, bu vəsait mətbuata dəstək üçün deyil, ona nəzarət üçün ayrılır. "Ondansa qəzetlərin yayılmasına kömək etsəydilər. Yoxsa 40 min əhalisi olan Maştağa qəsəbəsində bir dənə qəzet köşkü belə yoxdur. Eləcə də Buzovna, Zabrat və Mərdəkan qəsəbələrində. Oxucular bir manat verib qəzet almaq üçün bir o qədər də pul verib metronun "Koroğlu" stansiyasına gedə bilməzlər ki..."
Baş redaktor jurnalistlər üçün yaradılmış KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun, eləcə də Mətbuat Şurasının çoxdan onlar üçün deyil, özləri üçün işlədiyindən əmindir. Yeni İl ərəfəsində Mətbuat Şurasında jurnalistə rüşvət verilməsi faktı bunun parlaq nümunəsidir./turan.az/


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI