PARADOKS

AKTUAL

Pasiyentlərin cibinə girirlər

6-06-2014, 19:32
  •     
  • Ölkə, |
  •  Oxunma:

Pasiyentlərin cibinə girirlər
Bu gün səhiyyə sistemində problemlər durmadan artır. Bu problemlərdən biri də həkimlərin apteklər, xüsusilə də dərman firmaları ilə işbirliyidir. Əgər fikir vermisinizsə, xəstə həkimə müraciət edərkən həkim pasiyentə firma dərmanı yazır və konkret olaraq həmin dərmanın hansı aptekdə satıldığını deyir. Bildirir ki, bu dərman yalnız filan aptekdə satılır. Canının hayında olan xəstəni isə yalnız dərmanları almaq və müalicəyə başlamaq düşündürür. Bundan başqa həkimlər xəstəyə təkidlə bildirirlər ki, əgər sizə aptekdən bunun əvəzedicisi olduğunu bildirsələr və desələr ki, əvəzedici götürün, bu zaman əczaçının dediklərinə əhəmiyyət verməyin.

Mütləq resptdə yazılan dərmanları tapın. Bu zaman ortaya sual çıxır. Əgər tərkib eynidirsə, niyə mütləq respetdə yazılan firmanın dərmanını almalıyıq? Buradan belə nəticəyə gəlmək olur ki, həkimlər firma dərmanlarını çox yazmaqda məqsədləri həmin firmadan külli miqdarda faiz almaqdır. Buna görə də lazım oldu-olmadı çalışırlar ki, reseptdə firma dərmanlarının sayı çox olsun. Lakin həkimlər belə işə yol verməməlidirlər. Elə xəstə var ki, maddi imkanı yol vermədiyinə görə vaxtında həkim müayinəsindən keçə bilmir. Qəpiyi qəpiyin üstə qoyur ki, müayinədən keçə bilsin. Belə xəstələrdə firma dərmanlarını almağa imkan haradandır? 5 manata olan eyni tərkibli dərmanı 20 manatlıq firma dərmanı şəklində yazırlar. Bundan xəbərsiz olan pasiyentlər isə bu cür fırldaqçı həkimlərin güdazına gedirlər. Lakin bu barədə bir az məlumatı olan xəstələr isə həmin həkimlərdən firma dərmanlarını yazmamağı xahiş edirlər. Həkim isə xəstənin məlumatlı olduğunu gördükdə firma dərmanları yazmaqdan çəkinir. Lakin bu gün hüquqlarını bilən az sayda vətəndaş var. Ona görə də vətəndaşların bu məsələ ilə bağlı maarifləndirilməsinə ehtiyac duyulur. Ekspertlərin sözlərinə görə, həkim pasient arasında yaranmış belə saxta münasibətlərin baş verməməsi üçün xəstələrin də məlumatlı olmaları mütləqdir. Pasiyent özü həkimin firmalarla işlədiyini müəyyən edə bilər. Əgər həkim pasientə 5-dən artıq dərman yazırsa, o zaman şübhələnməyə dəyər. Çünki dünya praktikasında bir çox xəstəliklər 3-5 dərmanla sağalır. Həkimlərin dərman firmaları ilə münasibətlərini tənzimləyən digər yollar da var. Ölkəyə gətirilən dərmanlarla bağlı məsələ o vaxt qəlizləşir ki, həmin preparatlar işbazların əlinə keçir. Bu zaman yalnız görünüşü dəyişdirilən dərmanlar, tərkibinə görə heç də üz qabığı kimi keyfiyyətli olmur. Saxtalaşdırılan dərmanların çoxu firmalara məxsusdur. Belə olan halda bu dərmanlarla müalicənin effektindən danışmaq yersizdir.

Dərmanların qiymətinə gəldikdə isə mütəxəssislər hesab edirlər ki, dərmanların, eləcə də digər məhsulların ölkəyə gətirilməsində inhisarçılıq olduğundan, daxil olan mal yalnız bir əldən keçdiyinə görə, bazarda rəqabət yaranmır. Respublikada istənilən məhsulun qiyməti real deyil, inhisar qiymətidir. Bu məsələləri tənzimləmək, nəzarət aparmaq və monopoliyanın qarşısını almaq üçün antiinhisar qanunları olmalı, süni qiymət artıran təsərrüfat subyektlərinə qarşı cərimələr tətbiq edilməli və cinayət işi açılmalıdır. Sivil dövlətlərdə azad bazar iqtisadiyyatı üçün bu kimi tədbirlər görüldüyü halda, bizdə bununla məşğul olmalı qurumlar hər şeyı görməzlikdən gəlirlər.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI