PARADOKS

AKTUAL

Bu il Novruz bayramı ilə əlaqədar təşkil olunmuş kənd təsərrüfatı mallarının satış yarmarkalarından birinin fəaliyyəti hələ də davam edir

6-06-2014, 17:42
  •     
  • Ölkə |
  •  Oxunma:

Bu il Novruz bayramı ilə əlaqədar təşkil olunmuş kənd təsərrüfatı mallarının satış yarmarkalarından birinin fəaliyyəti hələ də davam edir
Martın 15-dən etibarən Əhmədlidə, Məhəmməd Hadi küçəsində təşkil olunmuş yarmarka ciddi narazılıqlara səbəb olub.

Uzunluğu təqribən 200-250 metr olan, nəhəng dəmir konstruksiyalardan quraşdırılmış bu yarmarka artıq öz sərhədlərini aşaraq, xeyli ərazini əhatə edib. Bazar üçün qurulmuş obyektə yer tapa bilməyən alverçilər metronun çıxışına doğru yolboyu pərakəndə halda yerləşdirilib.

Musavat.com-un əməkdaşı küçənin qapadılaraq, bazara çevrildiyi ərazidə olub. Bizim həmin yerə gəlişimiz ilk dəfə deyildi. Adı çəkilən bazar haqqında bir neçə dəfə yazılar yazmışıq. Sakinlər hər dəfə öz şikayətlərində deyirlər ki, yarmarka həftənin şənbə və bazar günləri işləyir. Amma cümə günləri də yollar bağlı olur. Çünki həmin günü alverçilər öz məhsullarını bazara gətirir, hazırlıq işləri aparırlar. İyunun 6-da, yəni cümə günü biz də orada olduq. Həqiqətən də yol artıq ağır beton daşlarla qapadılmışdı. Məhəmməd Hadi küçəsinə doğru hərəkət edən avtomobillə məcbur qalaraq geri dönürdülər. Şəhər sakinlərinin böyük bir hissəsi buranın həftə sonlarında bazara çevrildiyini bilmədikləri üçün bu yoldan istifadə etmək qərarına gəlirlər. Onlar yolun bağlı olduğunu görür və geri qayıtmaq məcburiyyətində qalırlar. Bu kimi vəziyyətlər təkrarlandıqca, küçədə tıxaclar əmələ gəlir.

Əməkdaşımız həmin sürücülərdən birinə yaxınlaşaraq onun fikirlərini öyrənib: “Mən bu yolla getmək istəyirəm. Ürəyim hansı küçədən istəyir, keçə bilərəm. Amma bunlar mənim yolumu kəsiblər. Ukrayna dairəsinin düz yanında, ən vacib küçələrdən birində bazar açıblar. Kim icazə verib? Belə şey olar? Mən bu istidə məcburam yolumu uzaqlaşdırım”.

Bu səs-küydən, narahatlıqdan ən çox əziyyət çəkənlər, həmin əraziyə yaxın binalarda yaşayan sakinlərdir. Sakinlərin sözlərinə görə, şikayət etməkdən beziblər. Amma bazar bağlanmayana qədər yollarından dönməyəcəklər.

“Yaxınlıqda stadion var, getsinlər öz bazarlarını orada açsınlar”

M.Hadi küçəsinin sakinlərinin dediklərinə görə, ilk günlərdə şikayətçi olmayıblar. Çünki söz verilib ki, bazar bayramdan sonra ləğv ediləcək. Uzun zaman keçməsinə baxmayaraq bazar bağlanmayıb. Bir çox yerlərə şikayət etsələr də faydası olmayıb: “Əvvəl dedilər ki, yarmarka bayrama görə təşkil edilib, bayramdan sonra ləğv ediləcək. Biz də razılaşdıq ki, insanlara bir xeyri dəyər, həm də özümüz bayram vaxtlarında alış-veriş üçün uzağa getmərik. Buradan bazarlıq edərik. Bayram qurtardı, amma bazar ləğv edilmədi. Necə var idisə, elə də qaldı. Hətta daha da böyüyüb. Artıq Ukrayna dairəsinə çatmağa az qalıb. Gecə-gündüz səs-küydən yata bilmirik. Evə təmiz hava gəlsin deyə pəncərəni də aça bilmirik. Antisanitariya şəraitidir. Pis qoxu ətrafı bürüyür. Havalar isindikcə burada vəziyyət daha da pisləşəcək. Yalandan deyirlər ki, alternativ yer yoxdur. Təbi ki, var. Yaxınlıqda stadion var. Getsinlər öz bazarlarını orada açsınlar”.

“Rasim Məmmədovun bu bazarı bağlamaq və ya başqa bir yerə köçürmək fikri yoxdur”

“Bu bazar həqiqətən də bayram vaxtları üçün nəzərdə tutulmuşdu. Bayramdan sonra bazar ləğv ediləcəkdi. Amma gördülər ki, burada alver yaxşıdır. Camaat gəlib-gedir, yaxşı alver var. Getdikcə satıcıların sayı çoxalır və dolayısı yolla da buradan aldıqları “haqq” da artmış olur. Ona görə də, bazarı bağlamaq fikirlərindən daşındılar. İcra başçısı Rasim Məmmədovun bu bazarı bağlamaq və ya başqa bir yerə köçürmək fikri yoxdur. Görünən odur ki, gəlirlərdən razıdır. Amma nə etsələr xeyri yoxdur. Biz axıra kimi mübarizə aparacağıq. Ya bu yarmarka buradan köçəcək, ya da bağlanacaq” – deyə sakinlər öz şikayətlərini bildirdilər.

“Yerlə bağlı məsələyə yenidən baxırıq”

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, yarmarkaların keçirilməsinin yeganə məqsədi əhaliyə xidmət etməkdir: “Bakının bir neçə rayonunda təşkil olunan yarmarkalar həftənin yalnız şənbə və bazar günləri keçirilir. Bu xüsusilə də həmin ərazilərdə yaşayan insanlar üçün çox əlverişlidir. Yay mövsümünün kənd təsərrüfatı məhsulları həmin yarmarkada satılacaq. Sakinlərin yol ilə bağlı şikayətlərinə gəlincə, demək istəyirəm ki, hələlik alternativ bir yer tapa bilməmişik. Yarmarka üçün Xətai rayonunda ən uyğun yer Ukrayna dairəsi ilə Məhəmməd Hadi küçəsinin kəsişməsidir. Yerlə bağlı məsələyə yenidən baxırıq”.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI