PARADOKS

AKTUAL

Deputat:”...xaricdə banklar əhaliyə yalvarır”

7-12-2017, 06:58
  •     
  • Ölkə |
  •  Oxunma: 19

Deputat:”...xaricdə banklar əhaliyə yalvarır” "Vaxtı keçmiş kreditlərlə bağlı dəfələrlə Milli Məclisin iclaslarında, mətbuatda məsələ qaldırılır, müzakirələr səsləndirilir”.

Muxalifet.az xəbər verir ki, bunu sherg.az-a kredit borclarına görə, intihar edən şəxslərlə bağlı danışarkən iqtisadçı, millət vəkili Vahid Əhmədov deyib.

Deputat vurğulayıb ki, ölkədə bu il ən ciddi problem bank sisteminin sağlamlaşdırılmasıdır:

"Bu istiqamətdə addımlar atılır, lakin ümumi götürdükdə həmin məsələ gündəmdən çıxmır. Əhalinin kredit borcları səbəbindən cəmiyyətdə mənfi hallar baş verir. Kredit borcları araşdırılmalıdır. Bu borcların miqdarı, kimlər tərəfindən saxlanması, qaytarıla bilər ya yox, tədqiq edilməlidir. Dövlət o məsələyə qoşulmalıdır.

Azərbaycanda problemli kreditlərin miqdarı 2 milyard manata yaxınlaşıb. Bu çox böyük məbləğdir. Bəzi təkliflər irəli sürülür. Ümumi götürdükdə isə hələ də məsələ həllini tapmayıb. Kompleks şəkildə proses aparılmalıdır. Dövlət, banklar birlikdə hərəkət etməlidir. Bank rəhbərlərini Milli Məclisə çağırıb, fikirlərini dinləyə bilərik. Bu, yalnız bankların təşəbbüsü ilə həll edilə bilməz. Yığışıb, problemi aradan qaldırmalıyıq”.

Bankların əhali ilə kobud rəftarına, borcluları təhdid etməsinə gəlincə, V.Əhmədov bunun yolverilməz olduğunu vurğulayıb:

"Bank əhaliyə xidmət sahəsidir. Burada elə sistem qurulmalıdır ki, problem olmasın. Xarici dövlətlərdə kredit üçün əhali banklara deyil, banklar əhaliyə yalvarır. Azərbaycanda bu problemlərin həlli üçün müəyyən vaxt lazımdır. Çətinliklər yavaş-yavaş öz həllini tapacaq. Amma bank sisteminin sağlamlaşdırılması ilə əlaqədar xüsusi strateji yol xəritəsi olmalıdır”.

Qeyd edək ki, Binəqədi rayonu Binəqədi qəsəbəsində yaşayan 1972-ci il təvəllüdlü Zeynalova Solmaz Məhərrəm qızı dekabrın 5-i özünü yaşadığı evin həyətində tut ağacından asıb. Məlumata görə, S.Zeynalovanın banklardan birinə külli miqdarda kredit borcu olub. Krediti ödəyə bilmədiyi üçün özünü öldürüb. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI