PARADOKS

AKTUAL

Xalq artisti Fikrət Verdiyevin anadan olmasının 70, ifaçılıq fəaliyyətinin 55 illiyinə həsr edilmiş yubiley gecəsi keçiriləcək.

15-11-2017, 12:12
  •     
  • Ölkə, Mədəniyyət |
  •  Oxunma: 324

Onun barmaqları ən ülvi duyğuları, bədii-estetik düşüncəni, sevinci, kədəri, mübarizəni pərdələrdə dinləndirir, ruhumuzu ehtizaza gətirir. Tanınmış tarzən, Xalq artisti Fikrət Verdiyev haqqında düşünəndə ağlıma ilk olaraq bu sözlər gəlir...

Noyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində tanınmış tarzən, Azərbaycan Respublikasının Xalq artisti Fikrət Verdiyevin anadan olmasının 70, ifaçılıq fəaliyyətinin 55 illiyinə həsr edilmiş yubiley gecəsi keçiriləcək.

Fikrət Verdiyev 1947-ci ildə Gəncə şəhərində anadan olub. 1957-ci ildə Gəncə şəhərindəki 1 nömrəli musiqi məktəbinə daxil olan Fikrət Verdiyev tar sinifini uğurla bitirdikdən sonra musiqi təhsilini davam etdirmək məqsədi ilə 1962-ci ildə Qənbər Hüseynli adına orta-ixtisas musiqi məktəbinin tar sinifinə daxil olub.Təhsilini davam etdirən Fikrət Verdiyev Gəncədə fəaliyyət göstərən Pioner və Məktəblilər Sarayında, Mədəniyyət Evinin bədii özfəaliyyət kollektivlərində çıxış etmiş, bir müddət isə onlara rəhbərlik edib. 13 yaşından səhnədə həm solo, həm də müşayiətçi kimi ansambllarda çıxış edən Fikrət müstəqil ansambl yaratmaq fikrinə düşür və göstərdiyi əzmkarlıq nəticəsində öz arzusuna çatır. 1961-ci ildə Bakıda keçirilən respublika pioner və məktəblilər saraylarının müsabiqəsində onun rəhbərlik etdiyi kollektiv 1-ci yerə layiq görülür.

1966-cı ildə Q.Hüseynli adına Gəncə orta-ixtisas musiqi məktəbini bitirən Fikrət Verdiyev 1967-ci ildə Üzeyir Hacıbəyov adına Konservatoriyanın tar-dirijor fakültəsinə daxil olur.

Konservatoriyada o görkəmli bəstəkar,gözəl pedaqoq Adil Gərayın sinifində tar ifaçılığının dərin sirlərinə bələd olur.Təhsilini başa vurduqdan sonra o doğma Gəncə şəhərinə qayıdaraq böyük həvəslə işə başlayır. Öz tükənməz yaradıcılıq arzularını həyata keçirmək həvəsi gənc ifaçını tərk etməmişdi və tezliklə özü kimi beş gənc dostu və həmkarı ilə birləşən Fikrət Verdiyev sonralar onun həyatında böyük rol oynayan “Göy-göl”ansamblını yaradır və bu ansambla fasilələrlə 50 ilə yaxın rəhbərlik edir.Fikrət Verdiyev “Göy-göl”ansamblı ilə dünyanın bir çox ölkələrinə səfərlər etmiş,xarici ölkələrin ən nüfuzlu konsert salonlarında konsertlər vermiş,Azərbaycan tarının şöhrətini ölkə hüdudlarından kənarda təbliğ etmişdir.

1977-ci ildə ümummilli lider Heydər Əliyevin göstərişi ilə kollektivə Dövlət Mahnı və Rəqs Ansamblı statusu verilmişdir.Ansamblın ifasında Fikrət Əmirovun, Cahangir Cahangirovun, Emin Sabitoğlunun, Ələkbər Tağıyevin, Ramiz Mirişlinin, Faiq Sücəddinovun mahnıları səslənmiş, görkəmli sənətkarlar Şövkət Ələkbərova, Gülağa Məmmədov, İslam Rzayev, Arif Babayev, Nəzakət Məmmədova və başqaları bu kollektivin müşayiəti ilə ən gözəl mahnılarını ifa ediblər.

1982-ci ildən Fikrət Verdiyev eyni zamanda, SSRİ Xalq artisti Zeynəb Xanlarovanın yaratdığı ”Əfsanə” ansamblına dəvət olunub. Fikrət Verdiyev Zeynəb Xanlarovanın ansamblına konsertmeysterlik etdiyi dövrdə bu görkəmli sənətkarla gözəl yaradıcılıq əlaqəsi quraraq Azərbaycan musiqisinin daha da zənginləşməsi və təbliği istiqamətində böyük əmək sərf edib, Azərbaycanın, keçmiş Sovet İttifaqının bir çox ölkələrində,o cümlədən Amerika, Kanada, Türkiyə, Yunanıstan, İraq, Yəmən, Əlcəzair, Tunis kimi ölkələrdə konsertlər verib.
Fikrət Verdiyevin təşəbbüsü ilə 1970-ci illərdə Rusiyadan Mixail Boyarski, Türkiyədən Müşərrəf Akay, Yuqaslaviyadan Radimila Karaklaiç kimi sənətkarlar Cəncəyə dəvət olunub, Gəncənin müsiqi mühiti ilə yaxından tanış olur və konsertlər veriblər.

2000-ci ildə Dövlət Neft Şirkətinin tərkibində “Neftçi” adlı mahnı və rəqs ansamblı yaradılıb. Fikrət Verdiyev uzun illər həmin ansambla rəhbərlik edib. Bu illər ərzində həm “Göy göl”, həm də “Neftçi” mahnı və rəqs ansmblı vasitəsilə Rövşən Behcət, Aygün Bayramova, Babək Niftəliyev, Könül Xasıyeva, Samir Cəfərov, Aygün Bəylər, Feyruz Səxavət, Cabir Abdullayev kimi indi tanınmış müğənnilər öz yaradıcılıqlarını inkişaf etdirir, muğam sənətinin sirlərinə dərindən bələb olurdular. Ansambl həm milli musiqini – muğamları, eyni zamanda bəstəkar əsərlərini və rəqsləri ifa edirdi.

Bu gün Xalq artisti, tarzən Fikrət Verdiyev yenə də əvvəlki gənclik həvəsi ilə çalışır. Həyat yoldaşı, böyük muğam ustası Xan Şuşinskinin qızı “Xan Şuşinski” fondunun rəhbəri Bəyimxanım Cavanşirova-Verdiyevanın rəhbəlik etdiyi fondun işində də yaxından iştirak edir, Azərbaycan muğamının həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda təbliği üçün yorulmadan çalışır.

Prezident İlham Əliyevin 2014-cü ilin fevralın 13-də imzaladığı sərəncamla tanınmış tarzən Fikrət Verdiyev Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. 55 illik səhnə fəaliyyəti dövründə Fikrət Verdiyev həm də bir pedaqoq kimi fəaliyyət göstərir,yeni tarzənlər nəslinin yetişməsində öz bilik və bacarığını əsirgəmir.
Xalq artisti Fikrət Verdiyevin anadan olmasının 70, ifaçılıq fəaliyyətinin 55 illiyinə həsr edilmiş yubiley gecəsi keçiriləcək.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI