PARADOKS

AKTUAL

Yer pullarının 150-200 manat artırılması dükan sahiblərinin kəskin etirazı ilə qarşılandı

27-05-2014, 20:22
  •     
  • Ölkə, |
  •  Oxunma:

Yer pullarının 150-200 manat artırılması dükan sahiblərinin kəskin etirazı ilə qarşılandı
Babək prospektində yerləşən «8-ci kilometr köhnə maşın bazarı»nda etirazlar səngimək bilmir. Xatırlayırsınızsa, bir neçə gün əvvəl yer pullarının qaldırılmasına etiraz edən bazar işçilərinin fikirlərinə geniş yer ayırmışdıq. Dükan sahibləri icarə haqqının artırılmasına kəskin formada təpki göstərərək aidiyyəti dövlət qurumlarına müraciət etmişdilər. Narazılıqlara baxmayaraq, bazar rəhbərliyi fikrindən daşınmayıb və bu aydan etibarən yer pulları 150-200 manat artımla alınır. Redaksiyamızla əlaqə saxlayan bazarın bir qrup işçisi bura gəlib çəkiliş aparmağımızı xahiş etdi.

Satıcıların xahişini nəzərə alaraq dünən «maşın bazarı»na yollandıq. Bəri başdan qeyd edək ki, keçən yazıdan sonra bazarın rəhbər işçiləri mətbuata şikayət edən dükan sahiblərinə qarşı təzyiqlərə başlayıblar. Onlar şikayət edən şəxslərə hədə-qorxu gələrək bu işdən əl çəkmələri barədə xəbərdarlıq ediblər. Buna görə də şikayətlərini dilə gətirən satıcılar həyatlarına hər hansı təhlükənin yaranmaması üçün adlarının gizli qalmasını xahiş etdi.



«Rasim müəllimin pul yığanları deyir ki, xoşun gəlmirsə dükanı təhvil verçıx get»



Sovet avtomobillərinin ehtiyat hissələrinin satışı iləməşğul olan dükan sahibinin sözlərinə görə, yer pullarının artırılması onların maddi durumuna mənfi təsir göstərib: «İcarə haqqı qaldırılana qədər 1000 manat yer puluödəyirdim. Bu aydan 1200 manat verməliyəm. Bazarın sahibi Rasim müəllimin pul yığanları deyir ki, xoşun gəlmirsə dükanı təhvil ver çıx get. Dükan sahiblərinə qarşı çox pis münasibət sərgilənir. Neçə ildir burda işləyib ailəmizə çörək aparırıq. Bu vaxta qədər icarə pullarını bir neçə dəfə artırıblar. Amma heç vaxt səsimizi çıxarmamışıq. İndi isə etiraz edirik. Çünki iş zəifdir, yer pulunu güclə yığıb veririk. Bizi nəzərə alan yoxdur. Axı bizim də ailəmiz-uşağımız var». Narazı bazar işçisi deyir ki, «maşın bazarı»nda təxminən 3 min dükan fəaliyyət göstərir: «Ay ərzində burdan bəlkə də milyonlar yığılır. Ən az icarə haqqı verən 1200 manat ödəyir. Təkər satılan hissədə 4 min manat yer pulu verən sahibkarlar var. Əldə olunan qazancın bəlkə də heç bir faizi büdcəyə ödənilmir. Bazarda heç kimin əmək müqaviləsi yoxdur.

Hər ay bizdən vergiyə görə pul yığırlar. Bəs həmin pullar hara gedir? Çox pis vəziyyətdəyik. Yanğın təhlükəsizliyinə riayət olunmur. Bazarda hegemonluq edən şəxslər, yəni Rasim müəllimin yaxın adamları deyir ki, guya qəzetə, televiziyaya şikayət edəndə nə olacaq ki. Belə çıxır ki, bu adamlar ürəkləri istəyən hər cür özbaşınalığı edə bilər, amma biz haqqımızı tələb etməməliyik. Əgər yer pullarını azaltmasalar, yığışıb düz Prezident Administrasiyasının qabağına gedəcəyik».



«Nilufər», «Bakı», «San Remo» şadlıq sarayları, «Cadillac Bakı Mərkəzi», «Bizim market» şəbəkəsi və daha nələr...



Adının çəkilməməsini xahiş edən başqa bir satıcı qeyd etdi ki, yer pulları artırılandan sonra ailəsinə düz- əməlli qazanc apara bilmir: «Elə gün olur ki, 5 manat pulla evə gedirəm. Qazandığımızın hamısını bazarın müdiri Rasim müəllimə veririk. Yer pullarının artırılması ilə yanaşı, hər ay müxtəlif bəhanələr gətirərək bazarda nə qədər dükan varsa hamısından əlavə pul yığırlar. Zibil pulunu da bizdən alırlar. Rasim müəllim burdan əldə etdiyi gəlirlər hesabına özünə çoxlu obyekt tikdirib. Məsələn, «Nilufər», «Bakı», «San Remo» şadlıq sarayları, «Cadillac Bakı Mərkəzi», «Bizim market» şəbəkəsi ona məxsusdur. Bundan başqa Babək prospekti boyunca uzanan böyük mebel salonlarının bir neçəsi onun sərəncamındadır. Özü yüksək səviyyədə yaşayır, amma bizi acınacaqlı hala salıb. Bazarda elə sahibkar yoxdur ki, banka borcu olmasın. Bankdan kredit götürüb mal almışıq. Amma yer pulları qalxandan sonra banka olan borcumuzu da ödəyə bilmirik. Çox dəhşətli durum yaranıb. Hara şikayət ediriksə xeyri olmur. Sanki aidiyyəti dövlət qurumları Rasim barəsində ölçü götürməyə ehtiyat edir. Bazarın sahibi harda oturursa yüksək rütbəli məmurlardan birinin adını çəkir və bildirir ki, onun arxasında həmin məmur dayanıb. Yəqin buna görə müvafiq qurumlar «maşın bazarı»na girişə bilmirlər. Bizim üçün heç bir fərqi yoxdur. Axıra qədər haqqımızı tələb edəcəyik. Yer pullarını azaltmaq lazımdır. Bilmirik banka kredit verək, ailə saxlayaq, yoxsa icarə pullarını ödəyək».



«Artıq boğaza yığılmışıq»



Avtomobillər üçün gün əleyhinə pərdə və jalüzlər hazırlayan satıcı isə bildirdi ki, yer pullarının artırılması dükan sahiblərinin müflisləşdirilməsinə hesablanıb:

«Rasim müəllim bizi tam olaraq özündən asılı vəziyyətə salmaq istəyir. Balaca dükana görə hər ay 1500 manat «arenda» verirəm. Əvvəl isə 1300 manat alırdılar. Kefləri necə istəyir elə də iş görürlər. Artıq boğaza yığılmışıq. Hər şeyi gözə almışıq. Kənardan baxanlar fikirləşir ki, biz burda milyon qazanırıq. Vallah gün olur ki, alver edə bilmirəm. Mənim işim «sezon»nudur. Oktyabr ayından sonra iş zəifləyir, demək olar ki, heç olmur. Rasim müəllim işləməyimizə imkan vermir. Yer pullarının artırılmasına heç bir ehtiyac yox idi.

Görünür, bazarın sahibi yeni obyekt tikdirir və bunun pulunu satıcılardan çıxarmaq niyyətindədir. Vəziyyət bu cür davam edə bilməz. Qəzet vasitəsilə üzümü yuxarı orqanların nümayəndələrinə tutub kömək istəyirəm. Bizə yardım etsinlər». Dükan sahibləri ilə söhbət etdiyimiz məqamda bazarın rəhbərliyində təmsil olunan bir neçə şəxs gəlib etirazçıları dağıtdı. Buna rəğmən, satıcılardan lazım olan informasiyaları ala bildik. Gələn saylarımızda «maşın bazarı»nın Rasim adlı müdirinin çiçəklənən biznesi, vergidən yayınma halları, Köhnə Günəşli qəsəbəsində yeni açılan «Bizim market»in tikintisi zamanı yaşıllıqların necə məhv edilməsi, bu marketlərdə satılan keyfiyyətsiz ərzaq məhsulları və digər məsələlərlə bağlı böyük yazı dərc edəcəyik. Ümid edirik ki, aidiyyəti instansiyaların rəsmiləri bazarda getdikcə alovlanan etirazların yatışması üçün təcili tədbir görəcək və bazar rəhbərliyini müvafiq qaydada cəzalandıracaq.

Qarşı tərəfin də cavab haqqını tanıyırıq.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI