PARADOKS

AKTUAL

Rəis Tofiq Quliyev üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ bilmir

27-05-2014, 20:07
  •     
  • Ölkə, |
  •  Oxunma:

 Rəis Tofiq Quliyev üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ bilmir
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bəzi şöbələrində bir sıra qanun pozuntuları müşahidə edilməkdədir. İnsaf naminə qeyd edək ki, son illər BDYPİ rəhbərliyi tərəfindən həyata keçirilən müxtəlif tədbirlər nəticəsində bu sahədə mövcud olan bəzi xoşagəlməz hallar aradan qaldırılıb. Buna baxmayaraq, qurumun bir neçə şöbəsində özbaşınalıqlar hələ də var. Bu baxımdan Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsində (DYPŞ) hökm sürən qanunsuzluqları xüsusi vurğulamaq lazımdır.

Etibarlı mənbələr tərəfindən redaksiyamıza daxil olan məlumatlara görə, Nərimanov DYPŞ-nin rəhbərliyi də daxil olmaqla əksər işçiləri dövlət yol polisinin əsas vəzifələrində qeyd olunan müddəalara riayət etmirlər. Mətləbə keçməzdən öncə qeyd edək ki, yol polisi əməkdaşlarının əsas vəzifələri yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin təşkili, DYP aparatlarının və hissələrinin fəaliyyətinə təşkilati - metodiki rəhbərliyin həyata keçirilməsi, yol hərəkəti təhlükəsizliyinə aid qaydaların, standartların və texniki normaların işlənib hazırlanmasında iştirak edilməsi, hüquqi və fiziki şəxslər tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununa riayət olunmasına nəzarətin həyata keçirilməsi, nəqliyyat vasitələrinin axtarışı işinin təşkili və bu işdə digər xidmətlərlə qarşılıqlı əlaqələrin təmin edilməsi kimi maddələrdən ibarətdir. Mənbəmiz iddia edir ki, Nərimanov DYPŞ-nin rəisi Tofiq Quliyev üzərinə düşən vəzifələri yerinə yetirmir, hələ bu azmış kimi sürücülərə qarşı haqsızlıq da edir: «Paytaxt yollarında hərəkət edən sürücülər Nərimanov «QAİ»si tərəfindən saxlanmamaları üçün Allaha dua edirlər. Çünki yerli şöbənin əməkdaşları sürücüləri saxlayanda nəysə almamış buraxmırlar. Şöbənin işçiləri əksər hallarda yol hərəkəti qaydalarını pozmayan sürücüləri saxlayırlar. Yəni heç bir səbəb olmadan sürücülərə cərimə yazılır. Sürücülər sürücülük vəsiqələrinə bal, yaxud cərimə yazılmaması üçün yerində «rüsum» ödəyib yollarına davam edirlər. Burda işləyən şəxslər hər günün sonunda gördükləri işlərlə bağlı rəisə «hesabat» verirlər. Kim şöbə rəhbərinin qarşıya qoyduğu tapşırıqları yerinə yetirib onun dediyini gətirə bilmirsə, danlanır. Bəzən isə şəxsi işlərinə töhmət yazılır. Bəzi sürücülər yol polisi əməkdaşlarından haqqını tələb etdiyinə görə, Nərimanov Dövlət Yol Polisi Şöbəsinə aparılır. Burda həmin sürücüləri birbaşa olaraq rəis Tofiq Quliyevin özü sorğu-sual edir. Onun sürücülərə qarşı sərgilədiyi rəftar polis etikasından çox-çox uzaqdır». Məlumatda həmçinin bildirilir ki, radara düşdüyünə görə şöbəyə dəvət olunan sürücülərin yetərli hissəsi yol polisi işçiləri ilə dil taparaq problemlərini yoluna qoyurlar: «Rəis Tofiq Quliyev bütün işçilərinə təlimat verib ki, hansı sürücü problemini «hörmət» qarşılığında həll etmək istəyirsə, ona şərait yaratsınlar. Gün ərzində onlarla sürücü radarla bağlı şöbəyə yaxınlaşır. Və həmin şəxslər şöbənin aidiyyəti işçilərinə lazım olanı verib radarı sildirirlər. Mövcud qanunvericiliyə görə isə qanun pozuntusundan asılı olaraq cərimə ödənməlidir. Tofiq Quliyevin şöbədə tətbiq etdiyi özəl «qaydalar» cərimələrin dövlət büdcəsinə keçməsinə imkan vermir. Buna görə də Nərimanov Dövlət Yol Polisi Şöbəsindən narazılıqlar günbəgün artır. Ən xırda qayda pozuntusuna görə sürücülərə ciddi problemlər yaradılır. DYPŞ-nin işçiləri özlərini dövlət qulluqçusu kimi aparmırlar. Rayon ərazisində baş verən avtoqəzalarda zərər çəkən tərəflər tələb olunan sənədləri alıb sığorta şirkətlərinə verə bilmirlər. Çünki buna görə şöbənin məsul şəxsləri vətəndaşlardan «şirinlik» istəyir. Bildiyimə görə, yol polisi işçisi qarşısındakı insanlara qarşı ədəb və nəzakətlə rəftar etməli, onlarla ünsiyyətdə insanın şərəf və ləyaqətini alçaldan hərəkətlərə və sözlərə yol verməməlidir. O, hərəkət iştirakçılarına «siz», «cənab sürücü və «vətəndaş» deyərək müraciət etməlidir. Amma Tofiq Quliyevin özü və tabeliyində olan işçiləri sürücülərə qarşı bu cür münasibət göstərmirlər. Dövlət Yol Polisi İdarəsinin rəhbər şəxsləri Nərimanov şöbəsində cərəyan edən özbaşınalıqlara reaksiya versələr, çox yaxşı olardı. Bu minvalla rəis hələ çox qanunsuzluqlara yol aça bilər». İrəli sürülən ittihamlara aydınlıq gətirməkdən ötrü Nərimanov DYPŞ-nin 566 63 12 nömrəli əlaqə telefonuna zəng vursaq da, cavab verən olmadı.

Qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI