MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİNDƏ TÜRKSOY KAFEDRASI AÇILIB

Baş səhifə

Oktyabrın 16-da TÜRKSOY-un Baş Katibi Sultan Rayev və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) qonağı olub. Qonaqların qarşılanma mərasimində ADMİU-nun “Xəzər” tələbə xor kollektivinin ifasında (bədii rəhbər: Əməkdar müəllim Təranə Yusifova) Azərbaycan Xalq mahnısı “Laçın” və Qırğız xalq mahnısı “Komuzçu”, eləcə də ADMİU Xalq çalğı alətləri orkestrinin müşayiəti ilə (bədii rəhbər və dirijor: Mustafa Aşurov) Əvəzxan Əzizovun ifasında “Çırpınırdı Qara dəniz” və orkestrin ifasında “Cəngi” musiqisi dinlənilib.
Daha sonra qonaqlar universitetin binası ilə tanış olublar. ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqlara universitetin fəaliyyəti, tədris proqramı və beynəlxalq əlaqələri barədə məlumat verib.
Görüş çərçivəsində ADMİU-nun 100, TÜRKSOY-un 30 illiyi münasibəti ilə universitetdə TÜRKSOY kafedrasının açılış mərasimi keçirilib və iki qurum arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Tədbirdə çıxış edən rektor C.Mahmudova bildirib ki, Ümummilli Lider Heydər Əliyevin və qardaş Türkiyə Cümhuriyyətinin 100, Azərbaycanın peşəkar teatrının 150 illik yubileyləri ilə əlamətdar olan 2023-cü ildə Azərbaycanın əsas yaradıcı ali təhsil ocaqlarından biri Mədəniyyət və İncəsənət Universitetinin 100, nüfuzlu beynəlxalq təşkilat olan TÜRKSOY-un 30 illik yubileylərinin də təsadüf etməsi çox qürurverici hadisədir. TÜRKSOY-un Türk dünyasının nüfuzlu kültür təşkilatı kimi keçirdiyi önəmli tədbirlərdən, layihələrdən bəhs edən professor bu tədbirlərdə ADMİU-nun və onun əməkdaşlarının da iştirakından böyük məmnunluq duyduqlarını vurğulayıb. Həmçinin, onu TÜRKSOY-un 30 illik yubiley medalına layiq gördükləri üçün bir daha təşəkkürünü bildirib.
TÜRKSOY-un Baş Katibi Sultan Rayev göstərilən diqqətə və yüksək qonaqpərvərliyə görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirib, bu günlərdə Azərbaycan bayrağının Xankəndində ucaldılması ilə Qarabağın tam azadlığı münasibəti ilə hər kəsi təbrik edib. Şuşaya səfərlərindən bəhs edən Rayev 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”nın Şuşa şəhərinin seçilməsinin, eləcə də TÜRKSOY-un 40-cı konfransının məhz burada keçirilməsinin də təsadüf olmadığını bildirib. Çünki bu əzəmətli şəhər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mənəviyyat mərkəzi, qürur yeridir.
Sonra TÜRKSOY-un 30 illik yubiley medalı ADMİU-nun kafedra müdiri, Əməkdar İncəsənət Xadimi, professor İsrafil İsrafilova təqdim olunub. İ.İsrafilov ona göstərilən etimada görə təşəkkürünü bildirib və TÜRKSOY-un 30 illik geniş fəaliyyətindən danışaraq, bu uğurlu layihələrin davamlı olacağına inandığını vurğulayıb.
Tədbirdə çıxış edən Xalq artisti, professor Vaqif Mustafayev ADMİU-nun 100, TÜRKSOY-un 30 illik yubileylərinin məhz 2023-cü ilə-böyük yubileylər ilinə təsadüf etməsinin önəmindən danışıb və bu yubileylər çərçivəsində həyata keçirilən layihələri yüksək qiymətləndirilib. Sonda hər iki tərəf arasında xatirə hədiyyələri təqdim olunub.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir