PARADOKS

AKTUAL

"Mən yağışa can verirəm - Günay Həsənli

2-04-2017, 23:59
  •     
  • Mədəniyyət |
  •  Oxunma: 399

"Mən yağışa can verirəm - Günay Həsənli Günay Həsənlinin şeirlərini təqdim edir:

AXTARIR

Dənizə atılan daşa dönmüşəm,
Bir ömür axtarsan tapa bilməzsən.
Tapsan da sən məni neynəyəcəksən?
Mən özüm-özümü tapa bilmirəm.
Dilim qıfıl vurub lal hisslərimə
Bir “açar” sözünü tapa bilmirəm.
Tapsan da sən məni neynəyəcəksən?
Dili lal,
Gözü kor,
Ağılı dəm-dəm.
Söylə beləsini neynəyəcəksən?
Dərddən manqurtlaşıb,
Xəyalı hərdəm.
Elə hey itirir,
Axtarır hərdən.
O nəyi axtarır, niyə axtarır?
O kimi axtarır, nədən axtarır?
Əbədi dünyaya gedən axtarır
Bir tabut salamı göndərmək üçün.
Söylə beləsini neynəyəcəksən?
Yerin göbəyini tapıb kəsəcək,
Vaxtsız anasından ayırmaq üçün.
Qarınqulu olub ürək yeyəcək,
Ürəyinin dərdi azdı deyəsən
Dərdinin qarnını doyurmaq üçün.
O ki dərdlərinin yurd anasıdı,
İstəməz balası acından ölə.
Axtarır, axtarır,
O dərd axtarır,
Dərdinin qarnını doyurmaq üçün.
Söylə beləsini neynəyəcəksən?
O ki sevincini yellərə verib.
Bəzəkli-düzəkli dərdi axtarır,
Dərdinin gözünü doyurmaq üçün.

15.01.2015

BOĞULURAM

Aman Allah boğuluram,
Hər kəsə həyat verən, bu hava boğur məni.
Gündə min kəs boğulub,
Gündə min yol ölürəm.
Fani dünya qəsdinə analar doğur məni.
Saçımdan dəstə-dəstə
Yolub, kəndir hörürəm.
Salıram boğazıma
Ayaq yerdən üzülür, havada boğur məni.
Qəmim yaman çoxalıb,
Yığılıb üst-üstünə.
Toz basıb ürəyimi
Tozunu yumaq üçün buludlar yağır məni.
İçimdəki ocağın tüstüsü boğur məni.
Hər gün bir az boğulub, ölümə uçunuram.
Cəhənnəm yolundayam, yolumdan çağır məni.
Sevincin teştinə sal, bir azca yoğur məni.

01.11.2014

YAĞIŞ YAĞIR ÜSTÜMƏ

Yağış yağır üstümə,
Bu yağan yağışdımı?
Bəlkə günahlarımdı
Səmadan axıb gəlir.
Bəlkə, bəlkə...
Edəcəyim günahı
Əvvəlcədən görüb o,
Yumaq üçün tələsir.
Bu yağan yağışdımı?
Gözyaşımdı deyəsən.
Bir zaman buxar olub
Çəkilmişdi göylərə.
Göz yaşı axıtdığım
O dərdli günlərimi
Xatırlatmağa gəlir.
Damcısını döndərib,
Kiçik köz parçasına
Qığılcıma bənd olan
Mənim heysiz cismimi
Alovlatmağa gəlir.
Yağış yağır üstümə
Hər damlası dəlib keçir bədənimi.
Güllələnən adam kimi
Çırpınıram, can verirəm.
Canı mənə Tanrı verib,
Mən yağışa Can verirəm.

10.08.2014


AYAĞIM BAŞIMI

Bilmirəm hardayam, hara gedirəm,
Ayağım başımı çəkib aparır.
Yollar ərşə çıxır ayağım altdan
Bir ucu göylərə çəkilib gedir.
Biri də cismimdən oğurluq edib,
Canımı ağzımdan dartıb çıxarır.
Yollar uzandıqca ömür qısalır,
Uzanan yolların yolunu kəsək.
Hərdən ilan olub çalır bu yollar,
Amansız yolların qolunu kəsək.
Əyrilir, qıvrılır, sürünüb gedir,
Əyrilər yolçusu olur bu yolun.
Əyilən yolların yolunu kəsək.
Bilmirəm hardayam, hara gedirəm,
Ayağım başımı çəkib aparır.
Bir sual yaranır beynimdə bu an,
Başım bədənimi aparmalıykən
Ayağım başımı çəkib aparır.

07.07.2014

DÜNYA

Söylə sənə neynəmişəm?
Mənsiz olan, mənli dünya.
Çoxlarına kef-damaqsan,
Mənə niyə qəmli, dünya?
Haqqımı yedizdirib,
Nadanları gəl az güldür!
Dəfələrlə göynətdiyin
O həminki yazıq mənəm.
Daha bəsdi, gəl göynətmə,
Birdəfəlik öldür, öldür!
Öldür məni, tezcə öldür!
Öldürməsən, gözlərimdən axan yaşı
Bir dərəyə,
Damla-damla toplayacam.
Dünya...
Səni su basacaq.
Diri-diri yandırırsan,
Yandır hələ.
Rəhmin gəlmir mənə sənin,
Mənim sənə gələcəkmi?
Mən də səni göz yaşımdan yaratdığım,
Səndən böyük bir dəryada boğacağam.
Sənlə olan bu savaşın
Qalibi mən olacağam.
“Qalibi, mən olacağam!...”

24.06.2014

RUHUMU İNCİTMƏYİN!

Bəsdi daha düz yeridim,
Əyib, əyri yeriyəcəm.
Düzlərimdi düzdə qalan
Tərs gedəcəm,nəs gedəcəm.
İstər didin-tökün məni,
Külüng alıb sökün məni,
Neylon sarıb bükün məni,
Kibrit çəkin bədənimə,
Yanım,yanım külə dönüm.
O külümdən qorxun mənim.
Diri-diri basırsan da
Torpağını yeyib-yeyib,
İlan kimi lağım atıb çıxacağam.
Rişxənd ilə,gülə-gülə, nifrət ilə,
Bu dünyaya oyuncaq tək baxacağam.
Hisslərim də buz bağlayıb,
Nəfəsim də...
Bircə dəfə üfləsəm dünya donar, həyat donar.
Nəfəsimi kəsmək üçün, boğmaq üçün,
Atın məni dənizlərə.
Balıq olub böyüyəcəm,
Dünyadan da böyük olub,
Bircə loxma edəcəyəm bu dünyanı.
Göydən asın ayağımdan.
Diri-diri soyun məni
Şişə taxıb cəsədimi,
Manqal üstə qoyun məni.
Cəzaların ən ağırın kəsin mənə
Nə olar ki, yalvarıram,
Yaralıdı yazıq ruhum,
Bircə onu incitməyin!
Biecə, onu incitməyin!!!

21.06.2014

GÖZƏLİM

Sən o qədər gözəlsən ki... Vətənim!
Vicdanımın aynasına rəsmin çəkmək istəyirəm.
Gözəlliyin ağır oldu,
Beli sındı fırçamın.
Heyranlıqdan kilidlənib,
Əli sındı fırçamın.
Kipriyimi fırça edib,rəsmin onunla cızaram.
Bir az qanımdan süzərəm,
Bir də göz yaşı qataram.
Kipriyimlə “qanyaş” adlı
Mənə məxsus bu boyayla
Dərdlərindən cadarlanmış
Parçalanmış ürəyimə sənin adını yazaram.
Sən o qədər gözəlsən ki...
Vicdanımın aynasına ilmə-ilmə hörüm səni.
Gözümün üstündə dayan,
Gözlərimin qapağı ol,
Həm görməyim, görüm səni.
Mənə saray lazım deyil.
Torpağından kərpic kəsim,
Həyatımın divarına hörüm səni.
Sən o qədər gözəlsən ki...
Vicdanımın aynasına səni çəkmək istəyirəm.
Qorxuram ki çat-çat olub
Tökülər ayağım altda.
Yumaq olar vicdanim,
Bükülər ayağım altda.
O rəsmini çəkmək üçün,
Həm səndən utanıram, həm də yaman qorxuram.

13.10.2014

TƏRS DÖNƏCƏK BU DÜNYA

Çevirəcəm oxunu,
Tərs dönəcək bu dünya.
Enişdən başlayacaq çaylarının axarı,
Yoxuşa töküləcək.
İnsan qoca doğulub,
Körpələşib öləcək.
Məzlumu tapdalayan,
Şux olan qamətin də
Ahımdan büküləcək.
Lazımsız kağız kimi
Səni ovub bükəcəm.
Ovcumun içi boyda
Olacaqsan a dünya,
Oynadacam əlimdə
Səni oyuncaq kimi.
Balaca top eyləyib,
Atıb-tutacam səni.
Məni illər uzunu
Atıb- tutduğun kimi.
Bəzən də atıb məni,
Tutmağı unudurdun.
Elə möhkəm dəyirdim
Yerlərin göy üzünə.
İndi atıram səni,
Yalvar,yıxıl dizimə!!!

15.07.2014

İBADƏT

Əl açıb köməyi SƏN-dən istədim,
Uzandı qollarım göylərə sarı.
Beləcə il ötdü, ay keçdi, günlər yetişdi.
Yalvardım dərdimi gəl eylə yarı.
Nə əlac eylədin kor dərdlərimə?
Üstəlik belimə duz yükü vurdun.
Göz dağı eylədin həyatı mənə
Dağların gözünü mükafat kimi
Dərdimin üstünə hədiyyə qoydun.
Sənin istədiyin ibadət bumu?
Zəncirsiz, kəndirsiz çarmıx oyunu...
Burax mənim əllərimi!!!
Onlar pisliklərə alət olmadı.
Daha qaldırmaram onları sənə,
Əlsiz as, qolsuz as göyündən məni.
Sən ki, yol taparsan məni asmağa,
Sıyır bədənimdən damarlarımı,
Bağla bir-birinə lap ucundan as.
Saçımdan bir tel ayır,
Lap onun ucundan as.
Bilirəm heç səndə insaf qalmadı.

07.12.2014


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI