PARADOKS

AKTUAL

Bu il metroda gediş haqları artacaq

24-04-2014, 20:26
  •     
  • MAQAZİN, |
  •  Oxunma:

 Bu il metroda gediş haqları artacaq
Əgər metropoliten özü gəlir mənbələrinin birindən imtina edirsə, bunu başqa yolla kompensasiya edəcək”.

Bu sözləri “Axar.az”a iqtisadçı ekspert Samir Əliyev metrodakı ticarət obyektlərinin və reklam lövhələrinin qadağan edilməsindən sonra metropolitenin nə qədər pul itirdiyi haqqında danışarkən bildirdi.

Ekspertin sözlərinə görə, metropolitenin 3 əsas gəlir mənbəyi var: “Bunlardan biri gediş haqları, ikinci mənbə dövlət büdcəsidir ki, bura dotasiya və investisiyalar daxildir. Üçüncü gəlir mənbəyi isə ticarət obyektlərindən və reklamdan gələn gəlir idi. Bunlar arasında ən çox gəlir təbii ki, gediş haqlarından gələn gəlirdir. Bu, gəlirin təxminən 50 faizdən çoxunu təşkil edir”.

S.Əliyev qeyd edir ki, metropolitenin 3 gəlir mənbəyindən birinin sıradan çıxması, gediş haqlarının artımı ilə nəticələnə bilər:
“Əgər metropoliten özü gəlir mənbələrindən birindən imtina edirsə, deməli, bunu başqa yolla kompensasiya edəcək. Bunun üçün dövlət büdcəsindən ayrılan dotasiyanın həcmi artırılmalıdır. Ancaq bu müvəqqəti olacaq. Çünki nə vaxta qədər dövlət büdcəsindən dotasiya ayrılmalıdır ki? Deməli, ən optimal variant qiymət artımıdır. Əslində buna optimal variant yox, çıxış yolu demək daha yaxşı olardı”.

Onun sözlərinə görə, qiymət artımının kökündə onun necə formalaşması haqqında mətbuatın, ictimaiyyətin məlumatsız olması dayanır: “Düzgün hesablanma aparılmadığı üçün və bu barədə məlumat qıtlığı səbəbindən qiymət artımı baş verir. Qiymət artımı Tarif Şurasının qərarına əsasən baş verir, ancaq bunun üçün metropoliten özü müraciət edir. Əgər ehtiyac yoxdursa və gəlirlər kifayət edirsə, qiymət artımı üçün müraciət etməyə bilər və hətta aşağı da sala bilər. Lakin bizdə belə bir təcrübə yoxdur. İndiki vəziyyətdə isə gediş haqlarının artması realdır. Artımın bu il olacağı daha real görünür. 2015-ci il seçki ili olduğu üçün həmin il qiymətin artma ehtimalı yoxdur”.

S.Əliyev qeyd edir ki, ticarət obyektlərinin və reklam lövhələrinin qadağan edilməsi ilə metropolitenin nə qədər pul itirdiyini demək mümkün deyil:
“Bu suala dəqiq cavab vermək üçün metropolitenin büdcəsi barədə məlumat əldə etmək lazımdır. Əvvəlcə müəyyən etmək lazımdır ki, onlar bu ticarətdən və reklamdan nə qədər qazanırdılar. Metropolitenin gəlirləri barədə məlumat ictimaiyyətə qapalı olduğuna görə, konkret rəqəm də göstərmək mümkün deyil”.

S.Əliyev qeyd edir ki, reklam lövhələrinin yığışdırılması ilə metropoliten ziyanla üzləşəcək:
“Bütün dünya metrolarında reklam lövhələri var və bu əsas gəlir mənbəyi hesab edilir. Bu səbəbdən bir müddət sonra metropoliten reklam lövhələrini yenidən bərpa etməyə məcbur olacaq”.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI