PARADOKS

AKTUAL

Paytaxtda hazırlanan dönərlərin tərkibi haqqında bilmədiklərimiz

26-08-2014, 10:30
  •     
  • MAQAZİN, |
  •  Oxunma:

Paytaxtda hazırlanan dönərlərin tərkibi haqqında bilmədiklərimiz
Paytaxtda hazırlanan dönərlərin tərkibinə anormal qatqılar əlavə olunur, ət isə get-gedə "yoxa çıxır"
Yəqin ki, məşhur holland rəssamı Vinsent Van Qoqun "Kartof yeyənlər" (De Aardappeleters) tablosunu xatırlayırsız. Tabloda rəssamın təsvir etdiyi Qrootlar ailəsi kəndli idi. Həyatlarını tarlada işləməklə təmin edən 5 nəfərlik kasıb ailənin əsas yeməyi kartof idi. Qardaşına yazdığı məktubunda məşhur rəssam tablonu çəkmək istəyini bildirirdi, lakin o, hələ əmin deyildi ki, nahar, yoxsa şam yeməyini təsvir edəcək, işıq gün işığı, yoxsa lampa işığı olacaq.

Amma dəqiq bəlliydi ki, Qrootların naharı da, şamı da kartofdan ibarət idi...

Van Qoqun qəhrəmanları ehtiyacdan kartof yeyirdilər. Bizdə isə kartofu millətə zorla yedirənlər var. Son bir neçə ildə Puşkin küçəsi 5 ünvanda yerləşən "Anadolu" restoranından aldığım dönərin yavaş-yavaş "arıqladığı"nın şahidi olmağa başlayırdım. Qiymət isə 1 manat 20 qəpikdən 2 manat 20 qəpiyə qədər gəlib çıxıb. Amma sonuncu dəfə dönər ustasının qarşısında dağ kimi kartof qalaqlandığını görəndə dalağım sancdı. Dadına mən də baxdım. Çörəkarası dönərin içində kartof "əlindən tərpənmək olmurdu", heç dadı da yox idi. Əti isə samanlıqda iynə axtaran kimi axtardım. Bir-iki tikə tapa bildim. Tikə dedim, amma heç tikə də deyildi, ətin üzünü yongarlayıb çıxartmışdılar. Bir neçə gün sonra restorana getdim. Bu dəfə pul ödəyib almağa əlim gəlmədi. Həm də gözüm görə-görə adını "biznesmen" qoyub xalqı aldadanlara pul qazandırmaq istəmədim.

Alıcı Səbuhidən xahiş edib yeməyə hazırlaşdığı dönərin şəklini çəkdim. Gördüyünüz kimi bu, ət yox, "kartof dönəri"dir. Digər şəkildə ustanın qarşısında dağ kimi qalaqlanan isə dönərin içinə "getməyə hazırlaşan" kartof free-dir. Tavada kartofun həcmi ətinkindən bir neçə dəfə çoxdur. Bəli, restoranın saytında da müxtəlif dönərlərin inqrediyentləri arasında kartof free "aparıcıdır". Ət və ikiqat ət dönərin tərkibi belədir: göyərti, kartof free, mayonez, pomidor, soğan, tomat sousu. İkiqat dönərin qiyməti 4 manat 40 qəpikdir, amma yenə də kartofdan "qurtula" bilməyib.

Ustadan dönərin reseptini soruşdum, stolun üstündəkiləri sadaladı. Dedim "axı içinə kartof niyə doldurursuz?", yanımdakı müştəri xanımlar ustaya imkan verməyib istehza ilə özləri şərh elədilər: "Kartof çox olanda içi də bol olur, əti "əvəz" edir".

Bir dönərdə 10 kartof

Menecer Zaur hər hansı dövlət qurumundan dönərin tərkibini təsdiqləyən bir sertifikat və ya onabənzər sənəd göstərmədi. Üstəlik dediyinə görə, özü dönəri kartofla xoşlayırmış. Soruşdum "nəyə görə, evdə kartof tapmırsız?" Gülməklə canını qurtardı. Restoranda qiyməti 9 manat ətrafında dəyişən makaronla dönər, püre ilə dönər, qarabaşaqla dönər, kartof free ilə dönər, iskəndər dönər, ikiqat ət dönəri, bir sözlə dönərin yanında nə istəsəniz verilir. Yeməklərin yanında kartof, düyü, ya da qarabaşaq anlaşılandır. Amma çörəyin arasına bir də kartof doldurmaq görünməmiş işdir. Bu, çörəyi elə çörəklə yeməkdir.
Baş menecer olduğunu deyən Nizami Cəbrayılov iddia etdi ki, müştəri istəmirsə, dönərə kartof vurmurlar. Dedim, guya müştəridən soruşursuz ki? Dediyinə görə, restoran 20 ildir millətə dönərin içində kartof yedizdirirmiş. Əvvəllər kartofu hiss etməmişəm, çünki özüm dönər yemirəm. İndi həddən çox qoyulduğuna görə diqqətimi çəkdi, dadsız olduğundan, uşaqlar da yaxın durmadılar.

N.Cəbrayılov dedi ki, dönərdə çörək 110 qram, ət 55-60 qram, kartof isə 15 qram qoyulur: "Kartof 4-5, bəzən də 3 dənə olur. İkiqat olanda artıq qoyurlar. Tələsiyə düşəndə 1-2-si artıq ola bilər". 4-5-ə bax a, dönərin içində ən az 10 dənə kartofu özüm vizual olaraq təyin etdim, şəkildə də aydın görünür. Əlbəttə, mənə "dəymiş zərəri" ödəmədilər, mən də israr etmədim. Kartofsuz dönər almaq və ya dönərə qonaq olmaq təkliflərini də qəbul etmədim.

Ətə belə "qənaət" edərlər

Eyni küçədə fərqli dükanda dönər 1 manat 40 qəpikdir. Afiq ustanın mətbəxində gözümə kartof dəymədi. Deyir, kartofu sonradan "icad" ediblər, əslində inqrediyentlərə bu tərəvəz daxil deyil. Amma kartofu dönərə vuranda ət az "gedir": ""Anadolu"nun sadəcə adı var, onun öz işçiləri gəlib məndən dönər alırlar". Tərifləyir, amma burada da dönər bapbalacadır. Dediyinə görə 60-70 qram ət qoyur.

Şərifzadə küçəsində "Karadəniz dönər"də sadəcə toyuqdan istifadə olunur, qiyməti də 1 manat 50 qəpik. Amma usta dedi ki, dönərə kartofun qatıldığını ilk dəfədir eşidir. Dönər mənşəcə türk yeməyidir və özü dərs aldığı türk ustadan kartof barədə duymayıb. Dedi ki, Türkiyədə belə bir şey yoxdur. Ustanın fikrincə, dönərə kartof vuranlar bu şəkildə ətin "israfçılığı"nın qarşısını alırlar: "Dönərlə kartof "getmir", kartofu evdə yeyərlər. O, həm də dönərin dadını qaçırdır. Bu, kotlet deyil ki. Belə edirlər ki, ət az getsin, kartof qarşısını alsın. Dönərin tərkibi ət, soğan, duz, istiot, göyərti, pomidor, xiyar, mayonez, tomat sousundan ibarətdir. Ət 100 qram qoyulur. Hazırda baha olduğu üçün onu müştəriyə optimal qiymətə satmaq mümkün deyil, odur ki, biz toyuq ətinə üstünlük veririk. Onu 2 manata satan dükanlar dondurulmuş ətdən istifadə edirlər".

Dönərdə əti yox etmək "ideya"sı

Həmin küçədə "Çudo Peçka"da dönərin qiyməti 1 manat 60 qəpikdir. Ustanın qarşısında kartof görəndən sonra artıq suala da ehtiyac qalmadı. Bununla belə, soruşmadan da getmədim. Dedi ki, dadını dəyişmək üçün dönərə kartof vurur. Dedim "kartofun nə matah dadı var ki, yeməyi dəyişsin, onsuz da millət kartof yeməkdən doyub". Cavab verdi ki, guya cəmi 3 kartof vurur. İnanan daşa dönsün! Heç dönər alan da yox idi ki, açıb içinə baxaq. Fərid yalan, yoxsa düz dedi ki, dönərə 80 qram ət qoyur. Bayıra çıxıb dükanın şəklini çəkmək istəyirdim ki, özünü mağazanın meneceri kimi təqdim edən Ruslan Hüseynov başıalovlu gəldi. Dönərə kartofu isə özlərinin daxili "resepturası"na əsasən qoyduqlarını deyən o, çoxsaylı suallarıma cavab verə bilmədi: "mən burda təzəyəm, yazmaqla mənə ziyan vurarsız", deyə yazıqlandı.
150-200 metr aralıda "Kral Dönər" dükanında məlum oldu ki, ustanın kartofla arası yoxdur. Bildirdi ki, kartof dönərin dadını qaçırdır. Stolunun üstündə də bu tərəvəzi görmədim. Oğlan dedi ki, əslində başlanğıcda dönər yeməyinin tərkibində ət, tomat sousu, bibər olub, kartof sonradan qondarmadır. Bütün dükanlarda dönərin çəkisi azdır. Buna nəzarət etməli qurumlar isə mənim müşahidəmə görə vəzifələrini layiqincə yerinə yetirmirlər. Bir gün dönərdə badımcan, ya da kələm görsəm, təəccüblənməyəcəm.

"Onu yeyəndə insanın qarnı şişir və tez doyur"

"28 Mall" ticarət mərkəzinin yanında "Büyükfırat" restoranında türk Ayhan ustanın da qarşısında xeyli kartof free vardı. Soruşdum, "dönərə kartof qatmağı biz sizdən öyrənmişik, yoxsa siz bizdən?" Özüm də cavab verdim ki, hər halda dönər sizdən gəldiyi üçün biz sizdən öyrənərik. Təsdiqlədi. Soruşdum, "dönərə niyə kartof doldurursuz?" Səmimi cavab verdi: "Çox olsun, fazla görünsün və doyurucu olsun deyə. Kartof yeyəndə insanın qarnı şişir və tez doyur".

Bildirdi ki, daha öncələr Türkiyədə dönərə kartof qoyulmayıb, ətin çəkisi də 120-150 qram ətrafında imiş. Sonradan ətin qiyməti bahalaşdığından, sahibkarlar dönərdə onun çəkisini 100-110 qrama qədər azaltmaqla bərabər kartof da əlavə ediblər. Və bunu onun üçün ediblər ki, ətin azalmağını müştəri hiss etməsin, dönər isə doyurucu olsun. Biz də axı pis vərdişləri tez götürən millətik, sorğulamadan "kartof ənənəsi"ni qəbul etmişik. Amma dediyinə görə Türkiyədə dönərdə ətin çəkisi bizdəkindən azı iki dəfə çoxdur. Ayhan Bakıda 2 manata satdığı dönərə dediyinə görə 60 qram ət qoyur. Halbuki, ətin qiyməti iki dövlətdə çox da fərqlənmir.

Usta dönərin içinə əvvəlkindən iki dəfə artıq ət qoyub izah etdi: "Əgər mən bunun içinə bu qədər ət qoysam, o halda kartof vurmaram. Amma bunu edə bilmərəm, çünki ət çox olanda qiyməti 6 manat olacaq və onu sata bilməyəcəm".
Əlindəki dönərdə ətin həcmini soruşdum, 120 qram dedi. "Bəs onda niyə 6 manat? Axı 2 manatlığın tərkibində 60 qram ət olduğunu deyirsiz, iki dəfə artıq olanda qoy 4 manat olsun" dedim və burdan məntiqi nəticəyə gəldim ki, iddia olunduğu kimi dönərin tərkibindəki ətin həcmi də heç 60 qram deyil, ondan azdır.

Dönər reseptində kartof yoxdur

Beləliklə öyrəndim ki, Türkiyədə dönərin qiyməti 5 lirədir, yəni bizdəki qiymətlə eynidir, amma orada ətin çəkisi bizdəkindən iki dəfə çoxdur. Dedim, "deməli mənim millətimə kartofu siz yedirirsiz". Dedi, "biz yox, amerikalılar, çünki fast food-u onlar çıxarıblar". Dedim, "amma dönər türk mətbəxinə aid yeməkdir". Cavab verdi ki, "müştəri istəməsə, etiraz etsə, kartof da qoymayacağıq".

Amma müştərilər də heç etiraz edənə oxşamırdılar. Söhbətimizi eşidənlər belə dönəri sifariş verir, lakin kartofdan da imtina etmirdilər. Görünür biz həqiqətən kartofyeyən millətik.

Türk saytlarında ət dönərin tərkibi belədir: 1 kilo dana ətindən antrikot, ya da qoyunun bud qismi, 100 qram quyruq yağı, bir ədəd baş soğan, 1 çay qaşığı qarabibər, 1 çay qaşığı duz, yarım fincan duru yağ, 1 desert qaşığı qırmızı toz bibər, 2 xörək qaşığı yoqurt, 1 desert qaşığı kəklikotu. Gördüyünüz kimi kartofun heç adı da çəkilmir. Türkiyə saytlarında çörəkarası dönərdə ümumiyyətlə kartof yoxdur, həm də dönər bizdəkindən heç olmasa iki dəfə böyükdür. Çoxsaylı reseptlərdə də inqrediyentlər arasında "kartof" kəlməsinə rast gəlmədim, baxmayaraq ki, dönərdə kartofu da bizə türklər gətirib. Kimsə fikirləşər ki, mən 6 manatın davasını edirəm. Mənim davam sadəcə millətimə ət əvəzinə ucuz kartof yedirənlərlədir. Kartofun tərkibində orta hesabla 76,3% su, 23,7% quru maddə, o cümlədən 17,5% nişasta, 0,5% şəkər, 1-2% zülal, 1%-dək mineral duzlar, C, B1, B2, B6, PP, K vitaminləri və karotinoidlər var. Qoyun ətinin tərkibində su 67.6%z, zülal 16.3%, yağ 15%, minerallar 0.8% təşkil edir. Dana ətində insan orqanizmi üçün ən vacib olan zülalın həcmi 19.7%-dir. Orqanizm üçün kartof ətdən az faydalıdır. Həm də kartof insanın artıq çəki almasına səbəb olur. Yemək bişirmək ideyadırsa, dönəri balıqdan hazırlayın. Əminəm, daha dadlı olar.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI