PARADOKS

AKTUAL

Azərbaycanlı milyarderin yaxtasına basqın, “Luna” həbs altında

17-04-2018, 11:51
  •     
  • Kriminal |
  •  Oxunma: 74

Azərbaycanlı milyarderin yaxtasına basqın, “Luna” həbs altında Bu ilin fevralında Dubayda azərbaycanlı milyarder Fərhad Əhmədovun 540 milyon dollar dəyərində olan superyaxtasına silahlı polislər tərəfindən basqın edilib.
“Bizimyol.info” “Criminalaz.com”a istinadən xəbər verir ki, bu sensasion məlumatı Birləşmiş Ərəb Əmirliklərinin ingilisdilli “Gulf News” nəşri yayıb.

Nəşrin məlumatına görə Dubayın beynəlxalq maliyyə mərkəzinin məhkəməsi (DİFC) London məhkəməsinin çıxardığı qərar əsasında milyarderin yaxtasına müvəqqəti həbs qoyub. Əhmədovun vaxtilə Roman Abramoviçdən aldığı “Luna” adlı 9-mərtəbəli, vertolyot meydançasına və iki üzmə hovuzuna malik 115 metrlik yaxta həmin vaxtdan bəri Dubayın “Port Rashed” limanında həbs altında saxlanılır.

Ötən həftənin çərşənbə günü-aprelin 11-də DFİC məhkəməsi biznesmenin ailə trastına yaxtaya həbs qoyulması barədə qərardan apelyasiya vermək haqqı verib.Yaxtaya həbs qoyulması London məhkəməsində Fərhad Əhmədovun keçmiş arvadı tərəfindən qaldırılmış boşanma təzminatı işi ilə bağlıdır.

Xatırladaq ki, London məhkəməsi biznesmenin hələ 2001-ci ildə Rusiya qanunları əsasında bu ölkədə rəsmən boşandığı keçmiş arvadı Tatyana Əhmədovanın 15 il sonra qaldırdığı iddiaya baxaraq F.Əhmədovun ona az qala 600 milyon dollar təzminat ödəməli olduğu barədə qərar çıxarıb. Biznesmen məhkəmənin bu qərarını tanımadığını və bir sent də ödəməyəcəyini bəyan edib.

Onun bəyan etdiyi kimi London məhkəməsinin ümumiyyətlə bu iddiaya baxmaq səlahiyyəti yox idi. Çünki nigah münasibətlərində olmuş tərəflərdən hər ikisi Rusiya vətəndaşıdır, bu nigah Rusiyada bağlanıb və bu ölkənin qanunları əsasında pozulub.

Lakin Tatyana Əhmədovanın vəkilləri London məhkəməsində biznesmenin aktivlərinə həbs qoyulmasına dair qərar çıxarılmasına nail olublar. Bu ilin martında keçirilən prosesdə Tatyana Əhmədovanın vəkilləri bildiriblər ki, biznesmen hələ barəsində çıxarılmış təzminat qərarını yerinə yetirməyib və ən qiymətli aktivi olan “Luna” yaxtasını Panamada qeydiyyatdan keçmiş şirkətin adına keçirərək etibarlı şəkildə ingilis yuridiksiyasından gizlədib.

Qeyd edək ki, London məhkəməsində Tatyananın iddiası əsasında gedən prosesdə Fərhad Əhmədov özü heç vaxt iştirak etməyib. Onun maraqlarını vəkillər qoruyub. Qərar da biznesmenin özünün iştirakı olmadan çıxarılıb.

Biznesmen xarici KİV-lərə açıqlamasında bildirir ki, London məhkəməsinin çıxardığı qərar və onun əsasında Dubay hakimlərinin verdiyi hökm onun əmlakını qəsb etmək, məhkəmə qərarı altında gizlənib soyğunçuluq həyata keçirmək cəhdidir. Motiv isə onun Skripalların işinə görə Böyük Britaniya hökumətinin, XİN-in Rusiyaya qarşı hücumlarına müqavimət göstərməsi, Londonun planlarını ifşa etməsidir.F.Əhmədovun sözlərinə görə, ingilislər Skripal oyununu Rusiyadakı prezident seçkiləri ərəfəsində ona görə başlatmışdılar ki, hakimiyyətə yaxın oliqarxlar Londonun sanksiyalarından, əmlaklarının dondurulmasından narazı qalıb Putini devirsinlər. Lakin bu təxribat baş tutmayıb. İndi isə belə görünür ki, Skripalların işində Londonu ifşa edən F.Əhmədovdan qisas almağa çalışırlar və bu işdə onun keçmiş arvadı ingilislərlə sövdələşməyə girib.

F.Əhmədov təkcə “Skripalların işi”ində Qərblə açıq polemikaya girməyib. Xatırlatmaq lazımdır ki, bir neçə il əvvəl Rusiya qırıcısının vurulmasına görə Moskva ilə Ankara arasında korlanmış münasibətlərin bərpasında da onun rolu olmuşdu. Sonralar bu barədə danışan Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu Moskva ilə Ankara arasında münasibətlərin bərpasında Əhmədovun rolunu qeyd etmişdi. Əlbətdə, bu da Qərbin xoşuna gələ bilməzdi, axı Türkiyə ilə Rusiya arasında son illər güclənən strateji tərəfdaşlıq Avrasiya qitəsində Qərbin mövqelərinin zəifləməsi ilə müşaiyət olunurdu. Nəticədə Əhmədovun Rusiyanın maraqlarını qorumağa yönəlmiş bütün bu fəaliyyətinin qisasını onun əmlakından almaq istəyirlər.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI