PARADOKS

AKTUAL

Çalışdığı şirkəti soyan qadının məhkəməsində şahid ifadə verdi

7-04-2018, 12:43
  •     
  • Kriminal |
  •  Oxunma: 74

Çalışdığı şirkəti soyan qadının məhkəməsində şahid ifadə verdi Taksi sürücüsü: “Qadını vurdular, yerə yıxılıb ağladı”

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhərində fəaliyyət göstərən şirkətlərdən birinin pulunu mənimsəməkdə təqsirləndirilən Səidə Məmmədova, Tural Quliyev və Asif Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizimyol.info xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində taksi sürücüsü Natiq Qocayev ifadə verib.O bildirib ki, Səidə Məmmədovanın vurulması hadisəsinin şahidi olub. “Taksi sürücüsü kimi sifarişə getmişdim. Bu zaman səs eşitdim, gördüm ki, bir qadını vurdular. O, yerə yıxılıb, ağladı. Mən onu yerdən qaldırdım” – deyən şahid əlavə edib ki, qadını vuran şəxslərin oradan nə apardığını görməyib. Proses aprelin 13-də davam edəcək.

Hadisə Bakı şəhəri Nərimanov rayonu ərazisində baş verib. MMC-lərdən birinin xəzinədarı Səidə Məmmədovaya ofisin çıxışında zor tətbiq edərək içərisində 134 min manat pul olan idman çantasının naməlum şəxslər tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyi barədə polisə müraciət edib. Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən soyğunçuluq hadisəsinin Bakı şəhər sakinləri – Tural Quliyev və Asif Abdullayev tərəfindən törədilməsi müəyyən edilib və onlar Xaçmaz rayonunda tutulublar.

Araşdırma zamanı hadisəsinin təşkilatçılarından birinin həmin MMC-nin xəzinadarı, istintaqa əvvəlcə zərərçəkmiş şəxs qismində ifadə verən Səidə Məmmədova olduğu məlum olub. İttihama görə, Səidə Məmmədova MMC-nin xəzinəsindən 45 min manat pul götürərək şəxsi ehtiyacları üçün xərcləyib. O, yaranan kəsirin aradan qaldırmaq üçün əvvəldən tanıdığı, dəstənin digər üzvü Tural Quliyevdən kömək istəyib. T.Quliyev əvvəlcə ona kassadakı puldan 20 min manat da götürərək futbol mərc oyunlarına qoymağı məsləhət görüb. T.Quliyev S.Məmmədovadan qeyd edilən pulu götürüb mərc oyunlarına qoysa da o, həmin pulu da uduzub. Bundan sonra S.Məmmədovanın MMC-nin xəzinəsində olan kəsiri daha da artdığından dəstə üzvləri başqa plan qurublar.

Belə ki, S.Məmmədova əvvəlcədən T.Quliyevə ofisdən banka pul apardığı vaxtı deyərək ona hücum edib xəsarət yetirməyi və əlindəki içi pulla dolu çantanı alaraq qaçmağı tapşırıb. Hadisə günü T.Quliyev qeyd edilən vaxtda tanışı Asif Abdullayevlə birlikdə sonuncuya məxsus “Niva” markalı avtomobillə ofisin giriş qapısına gələrək plana uyğun şəkildə qeyd edilən cinayəti həyata keçirib.

Plana görə S.Məmmədova ifadəsində onu soyan şəxsləri tanımadığını və kəsirlərini gizlətmək üçün yalandan çantada 134 min manat pulun olduğunu bildirib. Amma qadının ifadəsindəki ziddiyyətlər və şübhəli davranışları polisin diqqətindən yayınmayıb və baş verən cinayətin üstünü isti izlərlə açmaq mümkün olub.

S.Məmmədova və digərləri Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunurlar.

İttiham aktına əsasən, onlar şirkətin 68 min 603 manat pulunu mənimsəyib. Təqsirləndirilən şəxslər zərəri ödəyib. Məhkəmə istintaq dövründə həmin şəxslər ev dustaqlığına buraxılıb.

Rəşad VAQİFOĞLU


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI