PARADOKS

AKTUAL

Azərbaycan-Almaniya: “İqtisadi şans”

29-08-2018, 13:35
  •     
  • İqtisadiyyat |
  •  Oxunma: 25

Azərbaycan-Almaniya: “İqtisadi şans” Kansler Angela Merkelin səfəri: verilən proqnozlar, obyektibliyə iddia edən təhlillər, subyektiv mülahizələr
Azərbaycan gündəmində ötən həftənin ən mühüm hadisələri sırasında, heç şübhəsiz, Almaniya Federativ Respublikasının kansleri Angela Merkelin Cənubi Qafqaza, o cümlədən, Azərbaycana səfəri mühüm yer tutdu. Bu səfər istər Almaniyanın özündə, bütövlükdə Avropa Birliyində, xüsusilə, Rusiyada, ABŞ-da, eləcə də, bu bölgəyə sakiytcə nüfuq edən Çində maraqla və diqqətlə izlənildi. Bu səfər, onun nəticələri barədə dünya mediasında çoxlu proqnozlar və təhlillər yer aldı. Cənubi Qafqaz kimi həssas bir bölgəyə Almaniya kimi çox böyük Avropa dövlətinin rəhbərinin səfəri, təbii ki, gözlənildiyi kimi çöx müxtəlif aspektlərdən şər olundu və şərh olunmaqda da davam edir.

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin sədri, professor Fikrət Yusifov Bizimyol.info-ya açıqlamasında Azərabaycan üçün Almaniyanın, eləcə də, kansler Angela Merkelin səfərinin önəmini xüsusi təhlil edib. Cənab Yusifov deyib: “Öz iqtisadi qüdrətinə görə Almaniya dünyada ABŞ, Çin və Yaponiyadan sora 3 trilyon 684 milyard dollarlıq Ümumi Daxili Məhsulla dördüncü ölkədir. Ümumdünya Ticarət Təşkilatının və ABŞ-n Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarına əsasən 2017-ci ildə Almaniya 1 trilyon 576 milyard dollar həcmində ixrac etməklə, Amerika Birləşmiş Ştatlarını qabaqlayaraq, Çindən sonra dünya ikincisi olmuşdu. Ümumi Daxili Məhsul və ixracın həcminə dair məlumatlar Almaniya iqtisadiyyatının nə qədər qüdrətli olduğuna aydın şəkildə göstərir. Belə nəhəng resurslara malik bir ölkənin iqtisadiyyatı və maliyyə durumu ona Avropa Birliyində dayaq rolunu oynayan iki dövlətdən biri olmağa imkan verir. Bu gün AB-də bu rolu Fransa ilə birlikdə məhz Almaniya oynayır. İngiltərənin AB-dən çıxmasına qərar verildikdən sonra Almaniyanın üzərinə bu məsələdə daha böyük yük düşür. Almaniya Avropa Birliyində aparıcı söz sahibidir. AB-nin siyasi və iqtisadi kursunun müəyyən edilməsində onun səsi həlledicidir. Almaniya – Azərbaycan münasibətləri inkişaf yolundadır. Bunu iqtisadi əlaqələrimizin səviyyəsi təsdiq edir. Heç də əbəs deyil ki, xanım Merkelin Bakıda verdiyi bəyanatlardan birində Azərbaycanın Cənubi Qafqazda Almaniyanın ən böyük ticarət tərəfdaşı olması etiraf edildi. Yaxın illərə qədər iki ölkə arasında ticarət əlaqələri daha böyük idi. Lakin sonradan bizim neft məhsullarımızın satış bazarında edilən bəzi korrektələr iki ölkə arasında ticarət dövriyyəsini bir xeyli azaltdı. Belə ki, əgər 2014-cü ildə Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 2 milyard 67 milyon dollar idisə, 2017-ci ildə bu rəqəm 894 milyon dollara qədər azala bildi. Lakin buna baxmayaraq, yenə də Azərbaycan regionda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanda Almaniyanın xarici ticarət palatası var. Bu gün ölkəmizdə 150 alman müəssisəsi fəaliyyət göstərir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində hökumətin mühüm addımlar atdığı bir dönəmdə Alman iş adamlarının Azərbaycana bu şəkildə üz tutması tədqirəlayiq bir haldır. Yeri gəlmişkən demək lazımdır ki, bu gün Azərbaycan tək Almaniya üçün deyil, dünyanın ABŞ, Çin, Rusiya, Türkiyə, İran və bir çox başqa ölkələri üçün də çox maraqlı bir investisiya məkanına çevrilib. Bunu şərtləndirən əsas məqamlardan biri Azərbaycanın əlverişli coğrafi mövqeyidirsə, digəri və bundan daha önəmlisi isə Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik və münbit biznes mühitdir. Son illər ərzində biznes mühitin yaxşılaşdırılması və onun istənilən səviyyədən olan investorlar üçün tam əlverişli bir duruma gətirilməsi, dünyanın aparıcı maliyyə institutlarının və digər beynəlxalq təşkilatlarının diqqət mərkəzində dayanır. Hər bir investor isə normal biznes mühiti olan ölkədə yatrımlar etməyə çox maraqlıdır.Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının, gələcəkdə isə Türkmən qazı daxil olmaqla başqa ölkələrdən nəql ediləcək qazın bu xətlə Avropaya çatdırılması Almaniyanın marağında olan mühüm bir məsələdir. AB-nin aparıcı ölkəsi kimi Almaniya bu qaz hesabına ilkin mərhəllədə Avropanın cənubunda yerləşən ölkələrin qaz təchizatının şaxələndirilməsini və onların Rusiya qazından asılılığının minimuma endirilməsini alqışlayır. Almaniya şərqlə qərbi birləşdirən Bakı Tbilisi Qars dəmir yolunun istivadəyə verilməsini də yüksək dəyərləndirir. Bu yol şərqdən gələn yüklərin bütün Avropaya, o cümlədən, Almaniyaya daha tez çatdırılmasının etibarlı xəttidir”.

Bu arada Almaniyanın Sueddeutsche Zeitung saytı Federal Respublikann kansleri xanım Merkelin Cənubi Qafqaza səfərindən yazıb. Məqalənin müəllifi Niko Frid yazır ki, Ermənistandakı “siyasi eyforiya və Azərbaycandakı “iqtisadi şans” xanım Kanslerdən Qafqaz turnesində daha böyük diplomatik səylət tələb etdi: “Kansler əmindir ki, heç bir konflikt (Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konflikti nəzərdə tutulur-red.) danışıqlar olmadan həll edilə bilməz. Ancaq Almaniya hökumətinin başçısını Bakıya ciddi iqtisadi maraqlar – neft, qaz, iqtisadi layihələr çəkib gətirmişdi. Almaniyanın 50 şirkəti Azərbaycanla əməkdaşlıq edir. Cənubi Qqafqaz regionunun bütövlükdə Almaniya Federativ Respublikası ilə ticarət həcminin 70 faizi məhz Azərbaycanın payına düşür”.

Öz faysbuk səhifəsində paylaşdığı məqaləsində keçmiş xarici işlər naziri, Azərbaycanın Latviyadakı keçmiş səfiri Tofiq Zülfüqarov yazır ki, Avropa Birliyinin ön böyük dövlətinin hökumət başçısı Cənubi Qafqazı gəlib getdikdən sonra özündən sonra çoxlu analizlərlərin, ehtimalların və fərziyyələrin yaranmasına səbəb olub: “Bir çox analitiklər dəqiqliklə qeyd etdilər ki, bu səfərin əsas motivi energetikadır. Bununla bağlı xatırlatmaq yerinə düşərdi ki, Avropa Birliyinin ilk adı “Kömür və polad Birliyi” olub. Əgər 20-ci yüzildə və 21-ci yüzilin əvvəlində kömür, polad və neftin erası bitibsə, indi əsas enerji resursu olan qaz bazarı özünün yüksəlişindədir”.

Tofiq Zülfüqarov qeyd edir ki, Avropada bu bazarın əsas oyunçuları hazırda Rusiya, Türkiyə və ABŞ-dır. Analitik qey edir ki, Rusiya Sovet İttifaqı dövründən qalma üstünlüyünü – Avropa qaz bazarındakı xüsusi payını saxlamaqda davam edir. Türkiyə öz coğrafi mövqeyinin verdiyi imkanlardan yararlanaraq cənub istiqamətində qaz axınlarını Avropa bazarına öz ərazisi vasitəsilə çıxarmağa çalışır. Bu zaman təbii ki, Azərbaycan qazının, eləcə də, gələcəkdə türkmən, İsrail, İran, Kipr və sair qazının ötürülməsi imkanından söhbət gedir. Keçmiş nazir iddia edir ki, bu yaxın zamanlarda Almaniya-Türkiyə təmasları bu mövzuda olacaq; Avropa Birliyinin ən böyük iqtisadi gücü olan Almaniya Cənub Qaz dəhlizinin maliyyələşdirilmsində çox mühüm rol ala bilər. Tofiq Zülfüqarov üçüncü əsas oyunçu olaraq Amerika Birləşmiş Ştatlarını görür. Onun fikrincə, bunun üçün rəsmi Vaşiqtonun da öz tutarlı hesab etdiyi səbəbləri var.

Siyasi analitik Bahəddin Həziyev də hesab edir ki, Almaniya Federativ Respublikasının Cənub Qaz Dəhlizi ilə bağlı maliyyələşdirmə aspektində tutacağı mövqe, əlbəttə ki, Azərbaycanı birbaşa maraqlandıran və məmnun edə biləcək bir hadisə, proses olardı: “Burada bir maraqlı məqam var: bir tərəfdən, Avropaya daha çox həcmdə sıxılmış qaz ixrac etməyi planlaşdıran ABŞ o biri tərəfdən Rusiyanın Avropa qaz bazarında üstünlüyünü zəiflətmək üçün Cənub Qaz Dəhlizinə siyasi dəstək verməkdədir. Bu anlamda Azərbaycanın içərisində olduğu durum, tutduğu mövqe, öz enerji resurslarını şaxələndirlmiş şəkildə Avropa bazarına çıxarmaq xəttinə sadiqliyi çox böyük maraq və önəm kəsb edir. Azərbaycan özünün də təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi layihəsinə Rusiyadan və xüsusilə, İrandan müqaviməti neytrallaşdırmaq üçün çox çevik siyasət aparmaq durumunda qalıb. Xüsusilə də ona görə ki, Ukraynadan yan keçməklə Rusiyanın Almaniyaya – Avropanın mərkəzinə uzatmaqda olduğu yeni Şimal Axını-2 qaz kəməri xəttini, eləcə də, İran qazının Qərbə, hətta qonşu Türkiyəyə belə axınını dayandırmağa, azaltmağa çalışan ABŞ məhz Cənub Qaz Dəhlizini dəstəkləyir. Bu, Azərbaycan qazının, eləcə də, ehtimal olunduğu kimi, Azərbaycan vasitəsilə Mərkəzi Asiya qazının Avropaya daşınması üçün fövqəladə önəmli energetika arteriyası olacaq. Təsəvvür etmək çətin deyil ki, Ukraynada hakimiyyət dəyişikliyi edərək bu ölkəni öz nəzarəti altına almış ABŞ əsas məqsəd kimi Ruisya qazının Avropaya daşınmasının qarşısını almağa çalışmışdı. İndi Ukraynadan yan keçməklə çəkilən Şimal axını -2 kəməri Ukraynaya qoyulan bütün “siyasi sərmayə”ni effektsiz edir. Krımın ilhaqından sonra bu, rəsmi Moskvanın ABŞ-a qarşı ikinci həmləsidir. Təbii ki, başqa həmlələr də var. Vaşiqtonda yaxşı anlayırlar ki, Rusiyanın iqtisadiyyatı çox böyük ölçüdə neft-qaz gəlirlərindən aslıdır. Buna görə Rusiyanı zəiflətmək, öz təsir sferalarını ABŞ-a buraxmağa məcbur etmık üçün onun Avropanın neft, xüsuilə, qaz bazarındakı üstün məvqeyini əlindən almaq planları qurulur. Təsadüfi deyildi ki, ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların yumşaldılması əvəzinə Moskva ilə Suriyada birgə fəaliyyət göstərmək şərti qoymuşdu. Rusiya bu şərti qəbul etmıdi və bunu təkcə sözlə deyil, əməllərlə göstərir – Suriyada hərbi gücünü daha da artırır, özünün Şərqində 1981-ci ildən bəri ən böyük hərbi təlmini keçirir (300 min nəfərlik şəxsi heyətin və 36 min hərbi ytexnikanın iştirakı ilə keçirilən hərbi təlimin əsas şərti hədəfinin Uzaq Şərqdəki Amerikan bazaları olduğu məlumdur), sentyabrın 7-də İranda – Cənubi Azərbaycanın mərkəzi olan Təbriz şəhərində Rusiya, Türkiyə, İran prezidentlərinin Suriya zirvəsinə qatılır, Türkiyəyə satdığı S-400 sistemini təhvil verir və sair. Byundan əvvəl daha dörd Xəzəryanı dövlətlə birlikdə Rusiya Xəzərin hüquqi statusuna dair Konvensiyanı imzalayaraq Xəzər hövzəsində donanmasının hərəkət sərbəstliyini təmin etmişdi (bu məsələdə ən az Rusiya qədər maraqlı olan İran Prezidenti Ruhanl Aktau sammitindən sonra açıq şəkildə demişdi ki, ABŞ və NATO Xəzərdə hərbi dəniz bazası yaratmaq istəyirdilər). Belə bir hərəkət sərbəstliyi Rusiyaya imkan verəcək ki, lazım bildikdə Xəzərdə daha yaxın məsafədən Suriyadakı hədəflərə raket zərbələri endirsin. Başqa xeyli misallar da gətirmək olar. İranla bağlı təkcə onu demək kifayətdir ki, ABŞ Prezidentinin İrandan qaz alacaq ölkələrə, bu sahədə İranla əməkdaşlıq edəcək şirkətlərə sanksiya həhdidinə cavab olaraq rəsmi Tehran belə bir bəyanatla çıxış etmişdi ki, əgər İran öz enerji resurslarını dünya bazarına çıxara bilməyəcəksə, bu bölgədə başqa heç bir dövlət də çıxara bilməyəcək. Rusiyanın da susqun razılığı ilə səslənmiş bu bəyanatın Azərbaycana birbaşa dəxli vardı ki, bunun da nəticəsini Mingəçevir və Gəncə olaylarında gördük”.

Siyasi analitik sonda deyir: “Bütün bunlar o deməkdir ki, Rusiya, eləcə də, İran “sanksiya müharibəsi”nin əsas hədəfləri halına gəldikcə, aqressivləşən bu iki dövlətin, həm də dünya bazarının iki ən böyük qaz ixracatçısının arasında dayanaraq Azərbaycan ABŞ-la, Avropa Birliyi ilə, NATO ilə əməkdaşlıq etməklə yanaşı öz müstəqilliyini də qoruyub saxlasın, hələ üstəlik Avropa bazarına qaz da ixrac etsin. Bu, çox böyük siyasi-diplomatik səylər və bacarıq tələb edən durumdur. Azərbaycan xarici siyasətinin, xarici iqtisadi fəaliyyətlərinin, öz cümlədən, enerji ixracı ilə bağlı siyasətinin də əsasında böyük qonşu dövlətlərin maraqlarnı zədləmədən dünyaya çıxmaq, dünya birliyinə inteqrasiya proseslərini davam etdirmık və öz maraqlarını təmin edən xətti aparmaqdır. Bu isə gələcəkdə cəmiyyətin dövlət hakimiyyətinə daha böyük inamını və dəstəyini tələb edəcək”.

Materialı hazırladı: Gülnarə ƏMİRQIZI


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI