Elçin Əmirbəyov “Əl-Ərəbiyyə” kanalına Ermənistanın humanitar atəşkəsi pozması ilə bağlı danışdı - VİDEO

14:10 18-10-2020 17

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Ərəb telekanalı “Əl-Ərəbiyyə”yə canlı olaraq verdiyi müsahibədə Minsk qrupu həmsədrləri ilə koordinasiya edilərək, Fransanın vasitəçiliyi ilə dünən əldə edilən, 18 oktyabr gecə yarısında qüvvəyə minən humanitar atəşkəs razılaşmasının Ermənistan tərəfindən çoxsaylı, kobudcasına pozulmasından danışıb.

O, Ermənistan silahlı qüvvələrinin atəşkəs rejiminin pozulmasına yönələn təkrar təxribatları zamanı Tərtər və Cəbrayıl istiqamətlərindəki Azərbaycan mövqelərini ağır artilleriya və minaatanlardan atəşə məruz qoyduqlarını bildirib. Nəticədə hərbçilərimizdən biri yaralanıb. Ermənistanın öz öhdəliklərini yenidən xain şəkildə pozması bir daha göstərir ki, işğalçı ölkə rəhbərliyi münaqişənin sülh yolu ilə həllində maraqlı deyil və Azərbaycana qarşı başladılan hərbi təcavüzü davam etdirmək niyyətindədir.

Qeyd olunub ki, Azərbaycan qanuni müdafiə haqqını qoruyub saxlayır və düşmənin bütün təxribatlarına layiqli cavab veriləcək. Aparıcının sualını cavablandıran E.Əmirbəyov Gəncə şəhərinin yaşayış məntəqələrini gecə saatlarında Ermənistan ərazisindən qeyri-insani bombardıman etməsi, bunun nəticəsində 13 azərbaycanlı mülki şəxsin öldüyü və 40-dan çox insanın yaralandığı barədə ətraflı danışıb. Bu terror aktını insanlığa qarşı cinayət kimi xarakterizə edən E.Əmirbəyov Ermənistanın hərbi siyasətini qorxaqlıq və qeyri-insani zülmdə günahlandırıb və onun törətdiyi əməllərə görə gec-tez ədalət qarşısına çıxarılacağını qeyd edib.