Qarabağ erməniləri İlham Əliyevin ermənilərlə azərbaycanlıların birgə yaşayacağı ilə bağlı vədlərinə inanır

23:55 16-10-2020 16

Qarabağ erməniləri əmindirlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağda ermənilərin və azərbaycanlıların sülh şəraitində yaşayacağı ilə bağlı verdiyi bəyanatın bütün bəndləri yerinə yetiriləcək. Bunu Qarabağ Erməniləri Birliyinin fəalı Lev Yaxşibekov deyib.

“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll ediləcəyinə inanırıq. Bizim əcdadlarımızın neçə-neçə nəsli Dağlıq Qarabağda doğulmuşdur. Ancaq indi biz Vətənimizin - Azərbaycanın hüdudlarından kənarda yaşayırıq. Dağlıq Qarabağ ətrafındakı mövcud vəziyyəti həyəcanla izləyirik. Biz Azərbaycan Prezidenti İlham Əliyevin müraciətinə müsbət yanaşırıq. Əminik ki, Prezident İlham Əliyev verdiyi bütün vədləri yerinə yetirəcək”, - deyə Yaxşibekov "İnterfaks-Azərbaycan" agentliyinə müsahibəsində bildirib.

Qarabağ fəalının sözlərinə görə, Yerevan Bakının şərtlərini mümkün qədər tez qəbul etməli və münaqişənin həlli məqsədilə məzmunlu danışıqlara başlamalıdır. “Siyasətçilər danışıqlar masası arxasına əyləşməli və razılığa gəlməli, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirməyə başlamalı, məzmunlu danışıqlar prosesi aparmalıdırlar. Yerevan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılma müddətinin göstərildiyi plan hazırlamalıdır. Daha sonra ATƏT-in Minsk qrupunun iştirakı ilə Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək mümkün olacaq”, - deyə o qeyd edib.

Fəal əmindir ki, işğal olunmuş ərazilər azad edildikdən sonra Qarabağ azərbaycanlıları və erməniləri əvvəlki münasibətləri bərpa edə, həmçinin sosial-iqtisadi layihələri inkişaf etdirə biləcəklər.

“İqtisadi layihələr həyata keçiriləcək, yeni iş yerləri açılacaq. Qarabağda erməni və azərbaycanlıların yaşayış səviyyəsi yüksək olacaq. İnanırıq ki, ermənilər və azərbaycanlılar Azərbaycanın tərkibində sülh şəraitində yaşayacaqlar”, - deyə Yaxşibekov əlavə edib