67 yaşlı təqaüdçü: Suyun olmadığı zavod müəssisəsində tənha yaşayıram - FOTO

13:10 17-09-2020 8

H.Əliyev prospektində qəzalı vəziyyətdə olan iki mərtəbəli sənaye binası Sovet dövründə “Azərmetal” zavoduna məxsus olub, ötən əsrin 90-cı illərində isə anbar kimi istifadə olunmaq üçün fərdi şəxslər tərəfindən satın alınıb. 67 yaşlı Yelena Məmmədova 20 ildən çoxdur ki, burada tək yaşayır. Onun otağının girişində su ilə dolu onlarla şüşə qab var. Qadın onlardan qənaətlə istifadə etmək məcburiyyətindədir, çünki binanın sahibləri dəyişdikdən sonra evdəki su təchizatı kəsilib.

İllər keçdikcə Y.Məmmədovanın burada yaşaması daha da çətinləşir. Onun gözləri önündə tavan çatlayır və divarlar uçur, otaqda elementar rahatlıq şəraiti yoxdur.

Y.Məmmədovanın heç kimi yoxdur, o, 230 manat təqaüdlə yaşayır. Qadın su təchizatı xəttinin çəkilməsi üçün vəsait toplanmasına kömək istəyi ilə Media.Az-ın redaksiyasına üz tutub. Yeri gəlmişkən, bütün montaj işlərini pulsuz həyata keçirməyə razı olan xeyirxah ustalar tapılıb, ancaq materiallar üçün 1000 manat lazımdır: təxminən 700-800 manat - borular üçün, 200 manat santexnika üçün. Üstəlik, “Azərsu”" ASC iş başa çatdıqdan sonra otağa su sayğacını quraşdıracağına söz verib.

Y.Məmmədova keçən əsrin 40-cı illərində tikilmiş binada 1956-cı ildən bəri yaşayır.

“O zaman bu mənzil babama verilmişdi. O, “Azərmetal”da mühasib idi. Burada şirkət işçiləri üçün altı mənzil var idi.  Ancaq bura müvəqqəti sayılırdı, işçilərin köçürüləcəyi ev tikilənə qədər burada qalınacaqdı.

Qonşularımız tədricən iş yerlərini dəyişdirdilər, başqa təşkilatlardan mənzil aldılar. Köçənlərin mənzilinə artıq heç kim yerləşdirilmirdi, rəhbərliyin ehtiyacları üçün ofis kimi istifadə edilirdi. Son kirayənişinlər 1982-ci ildə köçdü və anamla mən burada tək qaldıq. 10 ildən sonra o da vəfat etdi və mən buranın yeganə sakini kimi yaşamağa başladım”.

Qadının sözlərinə görə, binada problemlər 1980-ci illərin sonundan başladı.

“Müəssisə hər şeyə qənaət edirdi, məsələn, istilik verilişini dayandırdılar. İşçilər də bizim kimi ofislərini elektrik ocaqları ilə qızdırırdılar. 90-cı illərin əvvəllərində vəziyyət daha da pisləşdi. Müəssisə yarım qüvvə işləyirdi. Zavod tərəfindən kommunal xidmətlər ödənilmədiyinə görə binanın qaz kəməri kəsildi, su verilişi dayandırıldı. Kommunal xidmətlər üçün ödənişlər dövlətə deyil, müəssisəyə ödənildiyindən biz onlardan tamamilə asılı idik.

Azərbaycan müstəqillik qazandıqdan sonra “Azərmetal” binanı özəl müəssisəyə satdı. İndi mən onlardan tamamilə asılıyam. O vaxtdan bəri otaqlardan ofis kimi deyil, anbar kimi istifadə olunmağa başlandı. Ev 90-cı illərdə üzlənəndə bütün su boruları götürüldü. Həmin vaxtdan bəri susuz qaldım. Təxminən 20 ildir ki, 60 metr aralıdakı yanğınsöndürmə məntəqəsindən su gətirmək məcburiyyətində qalmışam. Evin qəzalı olmasına baxmayaraq sonradan qaz verildi: bütün strukturlara müraciət etdim, nəhayət mənə yazıqları gəldi”.

Maraqlıdır ki, 1993-cü ildə dövlət ona bir mənzil verib, ancaq qadın oraya köçə bilməyib:

“Məsələ burasındadır ki, order verilənə qədər ev məçburi köçkünlər və qaçqınlar tərəfindən tutuldu. Onlar hələ istifadəyə verilməmiş binanı tutdular. Mənə deyirlər ki, mənzil boşaldıqda problem həll olunacaq. Ancaq insanlar orada 30 ilə yaxındır ki, yaşayırlar. Artıq 67 yaşım var, bütün aidiyyəti qurumlara müraciət etməyimə baxmayaraq ümidimi itirmişəm. Hamı yaşadığım evin qəzalı vəziyyətdə olduğunu, insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığını qəbul edir. Ancaq indi heç olmasa buraya su çəkilsəydi... ”

Yelena Məmmədovaya kömək etmək istəyənlər aşağıdakı bank hesabına pul köçürə bilərlər: