Şamaxıda kran sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı

12:50 17-09-2020 10

Sentyabrın 16-da Şamaxı rayonunda 1983-cü il təvəllüdlü Zaur Balabəyovu elektrik cərəyanı vurub, nəticədə o, hadisə yerində ölüb. 

Bu barədə Şamaxı Rayon Prokurorluğu məlumat verib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, Zaur Balabəyov idarə etdiyi “İVECO” markalı oxlu kran avtomobili ilə beton plitə boşaldan zaman kranın həmin ərazinin üzərindən keçən elektrik xəttinin naqilinə toxunması nəticəsində sonuncu hadisə yerində ölüb.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri aparılır.