İtaliyanın məşhur səyahət portalı Bakının Balaxanı qəsəbəsindən yazır - FOTO

11:50 17-09-2020 6

Son zamanlar çoxsaylı internet səhifələrində və sosial media platformalarında Balaxanı qəsəbəsi ilə bağlı yayılan fotolar İtaliyanın məşhur “Si Viaggia” səyahət portalının diqqətini cəlb edib.

Məqalə portalda “Turistləri və blogerləri heyran edən Azərbaycan qəsəbəsi” adı altında dərc olunub. 

Bu barədə milletinsesi.info-a Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, yazıda Azərbaycanın son zamanlarda böyük marağa səbəb olan turizm marşrutlarından birinə çevrildiyi, ölkənin Formula 1 Qran Pri yarışları kimi mötəbər tədbirlərin keçirilməsi ilə müxtəlif televiziya kanallarının və sosial mediada fotolar paylaşan tanınmış blogerlərin böyük marağına səbəb olduğu bildirilir. 

Yazıda son dövrlərdə Azərbaycanda turizm sektorunun sürətlə inkişaf etdiyi, məşhur paytaxt Bakı ilə yanaşı, YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Şəkinin, eləcə də Qəbələ və Quba kimi digər şəhərlərin, turizm marşrutları boyunca yerləşmiş çoxsaylı yeni məkanların getdikcə daha çox tanındığı qeyd edilir.

Bu xüsusda, Balaxanı qəsəbəsinin Azərbaycanın incilərindən hesab olunduğu, indiyə kimi o qədər də tanınmış turizm məntəqəsi olmamasına baxmayaraq, qəsəbənin rəngarəng görüntülərinin artıq çoxsaylı internet portallarında, xüsusilə blogerlər tərəfindən “Instagram” sosial mediya platformasında yer aldığı qeyd olunur. Bildirilir ki, Balaxanı dünyanın ən qədim neft hasilatı nöqtələrindən biri kimi tanınır. 

Yazıda qeyd olunur ki, bir vaxtlar sənaye qəsəbəsi olan Balaxanı bu gün artıq rəngarəng bir məkana çevrilib və tarixi abidələr və mədəniyyət yerləri ilə zəngin olan qəsəbənin turizm idarəsi Balaxanının təbliğini yerli əhalini də cəlb etməklə həyata keçirir. Qəsəbə haqqında axtarış edərkən sosial mediada ağ və mavi evlərin, gözəl dekorativ elementlərlə bəzədilmiş, kiçik quş yuvaları yerləşdirilmiş divarların fotolarına da rast gəlindiyi bildirilir.

Yazıda bütün bunların fonunda Azərbaycanın “Instagram” blogerlərini heyran edərək davamlı olaraq çoxsaylı “selfie” çəkdirməyə sövq edən bu cür çoxsaylı məkanlarının mövcud olduğu diqqətə çatdırılır.

Yazı ilə buradan tanış ola bilərsiniz.

Könül Cəfərli