40 ildir rayon toylarında caz ifa edən gitaraçı ilə MÜSAHİBƏ - VİDEO

09:50 17-09-2020 10

Budəfəki müsahibimiz 40 ildən çoxdur ki, gitarada ifa edən, ancaq bir dəfə də olsun efirə çıxmayan Səxavət Quliyevdir.

S.Quliyevi digər gitaraçılardan fərqləndirən maraqlı bir tərzi var. Belə ki, o, necə deyərlər, “bir igidin ömrü qədər” müddətdə rayon toylarında caz ifa edib.

Maraqlı tərəfi isə odur ki, bu, heç də onun yadırğanmasına səbəb olmayıb, əksinə, xalq arasında daha da sevdirib.

milletinsesi.info-ın müxbiri Səxavət Quliyevlə elə bu mövzuda söhbətləşib:

– Neçə ildir bu sənətlə məşğul olursunuz?

– Mən uşaq yaşlarımdan musiqi ilə məşğul olmuşam. Hələ uşaq olanda taxtanın üzərinə kapron sim bağlayaraq, “gitarada” ifa edirdim. Hərbi xidmətdə ikən hərbi hissənin nəzdində olan ansamblın rəhbəri olmuşam. Bir çox konsert və tədbirlərdə iştirak etmişəm.

– İlk dəfə toyda caz ifa etmək ideyası haradan ağlınıza gəlib?

– 40 ildən çox Azərbaycan və hətta ölkədən kənarda toylarda gitarada ifa etmişəm. Uzun illər dünya musiqisinə qulaq asdığım üçün caza böyük həvəsim yaranıb. Getdiyim toylarda caz ifa edirdim və sərbəst improvizələrim olub. Cazla yanaşı, hind musiqisinə də böyük üstünlük verirəm və hər toyda cazdan əlavə, hind musiqilərini də ifa edirəm.

– Caz region toylarında yadırğanmır ki?

– Regionlarda məni toya dəvət edənlər bilirdilər ki, caz və Avropa musiqilərini ifa edəcəyəm, məhz buna görə məni el şənliklərində görmək istəyirdilər.

– Oğlunuzu özünüz bu sənətə yönəltmisiniz, yoxsa öz istəyi ilə başlayıb?

– İki oğlum var. Hər ikisi gitarada ifa edirlər. Biri burada mənim yanımdadır. Digər oğlum isə İspaniyanın Madrid şəhərində yaşayır və orada musiqi ilə məşğuldur.

Uşaqlarım kiçik olanda onlardakı istedad və həvəsi gördüm. Nəticədə, övladlarımı gitarada ifa etməyə yönəltdim. Hazırda hər iki oğlum gitarada ifa edirlər. Bu, Allahın bizə bəxş etdiyi bir nemət və istedaddır.

– Efirlərə çıxmısınızmı? Ümumiyyətlə, efir təklifləri almısınızm? Yoxsa imtina etmisiniz?

– Hər zaman efirlərdən uzaq olmuşam. Efirdə olmağı xoşlamamışam.

– Sizi “Çaqqalan” deyə təqdim edirlər…

– Bu ləqəbi mənə nənəm verib. Toya dəvət edəndə “Çaqqalan” deyə çağırırdılar. Bu ad belə də qalıb. Hamı məni bu ləqəblə tanıyır.

İlhamə Əbülfət