Ekspert tarix dərsliyindəki qalmaqallı “Arsax” sözünə aydınlıq gətirib: “Ermənilərə aidiyyatı yoxdur”

16:05 16-09-2020 9

7-ci sinif Azərbaycan Tarixi dərsliyində qeyd edilən “Arsax” adının Ermənistanla heç bir əlaqəsi yoxdur.

Bu sözləri milletinsesi.info-a açıqlamasında təhsil eksperti Elvin Bədirov deyib. O bildirib ki, “Arsax” sözü qədim türk sözüdür:

“Qarabağın tarixi adı uzun müddət hər yerdə Arsax olaraq keçib. Diqqətinizə çatdırıram “Artsax” deyil, “Arsax” olaraq. Ümumiyyətlə “Artsax” erməniləşdirilmiş bir formadır və erməni dilində belə heç bir məna ifadə etmir. Bu gün ermənilərin iddia etdiyi Arsax vilayətinin ermənilərə heç bir aidiyyatı yoxdur.  Tarixən adlandırılan Arsax “igid saklar” demək olub.

Bölgənin Kür-Araz aralığındakı hissəsində eradan əvvəl 7-ci əsrdən etibarən kimmerler, skitlər, saklar tayfaları gəlib məskunlaşanda bu bölgələrdə böyük Sak padşahlığı meydana gəlib. Həmin Arsax vilayətinin də adı bu Sak tayfalarının adından götürülüb”.

Ekspert qeyd edir ki, Arsax vilayətinin Qarabağ adlandırılmasından sonra ermənilər bu sözü erməniləşdirərək “Artsax” şəklində istifadə etməyə başlayıblar:

“Onlar bunu bu şəkildə dünyaya təqdim etməyə çalışırlar. Lakin, tarixi mənbələrdə bunun yanlış olduğuna dair məlumatlara rast gəlirik. Çünki, bizim eramızdan əvvəlki dövrdə, eləcə də bizim eramızın ilk əsrlərində indiki Qarabağ ərazisi Arsax adlandırılıb. Qədim Yunan, Roma müəlliflərinin əsərlərində də  bu faktlar öz əksini tapıb. Artıq Səlcuqların Azərbaycana gəlişindən sonrakı dövrdə Arsax dəyişdirilərək Qarabağ adlandırılıb. Ümumiliikdə, orta əsrlərin ikinci dövründən etibarən biz bu torpaqları Arsax deyil Qarabağ kimi adalndırmışıq”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdə 7-ci sinif Azərbaycan Tarixi kitabında Qarabağ torpaqlarının olduğu ərazinin Arsax kimi qeyd olunması ciddi müzakirələrə səbəb olub.