“Biz Türkleriz! Çadırımız Gök Kubbesi!” kitabının təqdimatı keçirilib

13:15 16-09-2020 12

Sentyabrın 15-də Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyilə nəşr edilən “Biz Türkleriz! Çadırımız Gök Kubbesi!” kitabının onlayn video-konfrans formatında təqdimatı keçirilib. 

“Biz Türkleriz! Çadırımız Gök Kubbesi!” kitabı Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin, Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir” və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın “Türk millətini hələ tanımayıblar! Biz bir ölər, min dirilərik, Bu, bizim xarakterimizdir” kimi dəyərli fikirləri ilə açılır.

Təqdimatda türkdilli dövlətlərin Azərbaycandakı səlahiyyətli səfirləri, Türk Şurası, Türkdilli dövlətlərin Parlament Assambleyası, Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatalarının nümayəndələri, Türkiyə və Azərbaycanın millət vəkilləri, sahibkarlar iştirak ediblər. Salamlama nitqi ilə çıxış edən akademik Nizami Cəfərov tarix yazan türklərin öz tarixlərini yazmasının vaxtının gəlib çatdığını qeyd edib. 

“Sentyabrın 15-də, Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad olunduğu gündə bu kitabın təqdimatını keçirməyimiz həm də rəmzi xarakter daşıyır. Azərbaycan və Türkiyə öz mənəvi birliyi ilə dünyaya bir nümunədir”, - deyən akademik “Biz Türkleriz! Çadırımız Gök Kubbesi!” kitabının gələcək nəsillərin formalaşmasında mühüm rol oynayacağını vurğulayıb.

“Azərbaycan türk dünyasında çox mühüm mövqeyə sahibdir. Türk Şurasına rəhbərlik bu il Azərbaycandadır və Prezident İlham Əliyevin bu sahədəki fəaliyyəti çox böyükdür, çox dəyərlidir”, - deyən Türk Şurasının Baş katibi Bağdad Amreyev, tədbirin təşkilinə görə ASK-ya və kitabın müəlliflərinə öz təşəkkürünü bildirib. Professor Ələmdar Şahverdiyev 15 sentyabr Bakının işğaldan azad olunması ilə bağlı bütün türk dünyasını təbrik edərək türkdilli respublikalar, türkçülük, islamçılıq və müasirləşmənin modelinin Əhməd bəy Ağaoğlu tərəfindən irəli sürüldüyünü və böyük Musatafa Kamal Atatürk tərəfindən türk dünyası üçün inkişaf modeli kimi qəbul olunduğunu xatırladıb.

Kitabda Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” çağırışı, müasir müstəqil Azərbaycan dövlətinin memarı Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” nidası ilə bu gün də birlik, bütövlük rəmzinə dönən türk millətinin əbədi birliyindən soraq verilir.

İstər Ulu Öndərin, istər də Prezident cənab İlham Əliyevin reallaşdırdığı bütün layihələrdə Türkiyə Azərbaycanla birgə sevinib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün müzakirələrdə Türkiyə Azərbaycanın, Türkiyə Cümhuriyyəti ilə əlaqəli məsələlərdə Azərbaycan Türkiyənin haqq səsinə dönüb. Professor kitabda bu məqamlarla yanaşı, türk birliyinə xidmət edən bir çox tarixi anlar, görüşlər, toplantılara dair materialların da yer aldığını qeyd edib. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva 15 sentyabrın tariximizdə çox önəmli bir gün olduğunu qeyd edib. 

“Bu gün Qafqaz İslam Ordusunun qəhrəmanları tərəfindən Bakıda həyata keçirilən qətliamların qarşısının alındığı, azərbaycanlıların xilas olunduğu şanlı tarixdir. Türk dövlətlərinin birliyinin güclənməsinə ehtiyacımız var. Gənclərimizə ortaq tariximizi öyrətməklə yanaşı, ortaq gələcəyimizin hamımız üçün daha etibarlı olduğunu gənclərə aşılamalıyıq. “Biz Türkleriz! Çadırımız Gök Kubbesi!” kitabı bu məqsədlərə çatmağımız üçün çox dəyərli bir vasitədir”, - deyə Q.Paşayeva vurğulayaraq, bu layihəyə görə Azərbaycan Sahibkarlar Konfederasiyasına, müəlliflərə təşəkkür edib.

“Bu gün böyük zəfərin 102-ci ilidir”, deyə xalqımızı təbrik edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özaral “Biz Türkleriz! Çadırımız Gök Kubbesi!” kitabının bütün türk xalqlarının birləşməsinə, dostluğuna, qardaşlığına xidmət edəcəyini nəzərə çatdırıb. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva kitabda türk dünyasının ruhunun ifadə olunduğunu vurğulayıb. O, “kitab türk tarixinin keçdiyi keçməkeşli, şanlı tarixinin səhifələrini açır. Kitab bəlkə öz tariximizi yenidən kəşf etməyə, yaxşı mənada dərs götürməyə imkan verir”, - deyə öz fikirlərini bölüşdü. 

Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibinin müavini Ali Yıldız türkləri bir araya gətirən “Biz Türkleriz! Çadırımız Gök Kubbesi!” kitabının sərkərdələrimizin qüdrətini, eyni zamanda onların birliyinin bir təcəssümü olduğunu qeyd edib:

“Bu kitabın türk respublikalarında deyil, bütün dünyada tanınacağına inanıram”.

Türkiyə Böyük Millət Məclisinin keçmiş deputatı Alaatdin Böyükkaya bildirib ki, insanlıq tarixində türklər qədər öz əsatirlərinə sığınan, onlar qədər mədəni irsinə bağlı olan ikinci xalq yoxdur.

“Bu isə bizim böyük üstünlüyümüzdür. Türklər tarixi yaratmış, amma tarixi yazmamışlar. Bu kitabla tarix də yazılmağa başladı”, - deyərək kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib.

Millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun sözlərinə görə, 15 Sentyabr – “Azərbaycan” qəzetinin kollektivi üçün çox əzizdir. Çünki müstəqil dövlətimizin yaratdığı “Azərbaycan” qəzetinin ilk nömrəsi məhz Bakının düşmənlərdən azad olunması ilə bağlı sevindirici xəbərin dərc olunmasına həsr edilib:

“Böyük türk sərkərdəsi Nuru Paşanın teleqramı qəzetin ön səhifəsində verilib və göstərilib ki, Bakı düşməndən azad olundu, hökumət Gəncədən Bakıya gələ bilər. Belə kitablar bu şanlı tariximizin yazılmasında, gənc nəslin tərbiyəsində mühüm əhəmiyyətə malikdir. Ona görə də layihə rəhbəri Məmməd Musayev başda olmaqla kitabın bütün yaradıcı heyətinə təşəkkür edirəm”.

Daha sonra çıxış edən Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatının Türkiyə-Azərbaycan iş Şurasının sədri Selcuk Akat, Türkdilli dövlətlərin Ticarət və Sənaye Palatasının baş katibi Adem Kula, SOCAR şirkətinin vitse-prezidenti Süleyman Qasımov və digərləri türk tarixinə ithaf edilən bu kitabla bağlı əməyi keçənlərə təşəkkür ediblər. Sonda kitabın müəllifi Nərman Qocatürk millət sevgisinə görə tədbirdə iştirak edən hər kəsə minnətdarlıq edib:

“Yazdığım mənzərənin başqa bir mənzərəsini görürəm. Zaman yetişib və öz tariximizi yazmalıyıq, biz o xoşbəxt xalqlardanıq ki, bizim yaddaşımız var”. 

Layihənin rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bütün iştirakçılara təşəkkür edərək, iş adamlarının belə layihələri dəstəkləməyə hazır olduğunu bildirib.