Şirvan şəhərində müasir Reabilitasiya Mərkəzi açıldı - FOTO

17:50 15-09-2020 10

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şirvan şəhərində Reabilitasiya Mərkəzini əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verib.

Müəssisənin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, 2019-cu ildə Yevlax, Naftalan Reabilitasiya Mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat Mərkəzi, bu ilin avqust ayında isə Lənkəran, Şəki və Xaçmaz Reabilitasiya Mərkəzləri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, bu gün isə daha bir müasir reabilitasiya müəssisəsi Şirvan şəhərində açılır. Bu da həm ardıcıl sosial inkişafın, həm də əlilliyi olan şəxslərə qayğının bir təzahürüdür.

Nazir diqqətə çatdırıb ki, bu ilin sonunadək Sumqayıt Reabilitasiya Mərkəzi, Şağan Reabilitasiya Pansionatı əsaslı təmir-yenidənqurmadan sonra açılacaq. Həmçinin Qəbələ və Şəmkirdə inşa olunan Uşaq Reabilitasiya Mərkəzlərinin açılışının da bu il olması planlaşdırılır. Hazırda Nazirliyin 14 reabilitasiya müəssisəsi var ki, bu il əlavə iki uşaq reabilitasiya müəssisəsi yaradılmaqla bu say 16-ya çatacaq. Nəticədə ildə reabilitasiya xidmətləri ilə təmin edilənlərin illik sayı iki dəfə artaraq 28 minə çatacaq. Ümumilikdə, ölkəmizin bölgələrində reabilitasiya müəssisələri şəbəkəsi növbəti illərdə də əhəmiyyətli dərəcədə genişləndiriləcək.

Reabilitasiya sahəsində aparılan islahatlardan bəhs edən S.Babayev qeyd edib ki, dövlət başçısının fərmanı ilə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin yaradılması ekspertiza və reabilitasiya sahəsində xidmətlərin yeni optimal və təkmil model üzərində qurulmaqla daha çevik və keyfiyyətli, effektiv təşkilinə yönəlib.

Nazir reabilitasiya mərkəzlərində sosial-psixoloji reabilitasiya xidmətlərinin genişlənəcəyini deyib. O, reabilitasiya sistemində də elektron texnologiyaların geniş tətbiqi işlərinin aparıldığını bildirib. 

Müəssisədə müasir şərait yaradılıb və mərkəz limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər yeni müasir tibbi-reabilitasiya aparatları və avadanlıqlarla da təchiz edilib. Burada səmərəli fizioterapevtik üsullar, müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez və digər prosedurlar tətbiq ediləcək. Şirvan Reabilitasiya Mərkəzi Şirvan və ətraf rayonlar üzrə il ərzində 500-ə yaxın əlilliyi olan şəxsə tibbi-sosial reabilitasiya xidmətləri göstərəcək.