Qarabağ məktəblərində yeni ingilis dili layihəsinə start verilir - FOTO

11:35 15-09-2020 12

ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə 2020-ci ilin son aylarında Speak Glocal platforması məcburi köçkün məktəblərində  ingilis dilini tədris  edən müəllimlər üçün yeni layihəyə başlayacaq.

“WOWoman” Azərbaycan və Azərbaycan Respublikası Dağlıq Qarabağın Azərbaycanlı İcmasının birgə layihəsi, Azərbaycan Respublikası Dağlıq Qarabağın Azərbaycanlı İcmasının təhsilə dəstək təşəbbüsü  fonunda bu layihə məcburi köçkün müəllimləri və şagirdlərini düzgün hədəflərə yönəltmək naminə sıx əməkdaşlıq bağları qurub.

“Speak Glocal” artıq bir ildən çoxdur ki, fəaliyyət göstərən, Azərbaycanın bütün regionlarından 500-ə yaxın innovativ təlim metodu ilə ingilis dilini tədris edən müəllimlərdən ibarət cəmiyyət  formalaşdıran və peşəkarlığı yüksəldən platformadır.

Platforma dünya ilə sərbəst ünsiyyət qurmaq, XXI əsrin dəyişikliklərinə hazır olmaq və ən yaxşı təhsilə qapı açmağa kömək etmək məqsədini daşıyır. Beləliklə, ingilis dili müəllimlərinin daha yaxşı öyrədilməsindən şagirdlər bəhrələnəcəklər və bununla da, ingilis dili bacarıqlarını və iş qabiliyyətlərini artıracaqlar.

 İlk “Speak Glocal” layihəsinin iştirakçısı - ingilis dili müəllimi Aysel xanımdır. Aysel xanım Ucar rayonunda yaşayan ingilis dili müəllimidir. Onun ingilis dilinə olan həvəsi ona xəyallar qurmağı, arzulamağı və hədəflərə doğru getməyi öyrətdi.

 “O vaxt mən ingiliscə danışan insanları ancaq televizorda görürdüm, onların danışığından çox xoşum gəlirdi. İstəyirdim ki, böyüyəndə mən də onlar kimi ingilis dilində danışa bilim”, - deyə o qeyd edib.

Beləliklə, Azərbaycan Beynəlxalq Universitetinin ingilis dili fakültəsini bitirdikdən sonra rayona qayıdan Aysel kənd məktəbində işə düzəlir:

“Özümü inkişaf etdirmək üçün elə hey imkanlar axtarırdım. İndi ən böyük istəyim xarici ölkələrdən birində ingilis dili ilə bağlı təlimlərdə iştirak etməkdir”.

Onun arzusuna doğru atdığı ən böyük addımlardan biri “Speak Glocal” layihəsinin hər iki mərhələsindən keçib layihədə iştirak haqqı qazanmaq idi. Layihə çərçivəsində dörd günlük təlim üçün onun Bakıya gəlməsi lazım idi. Qaynanası həmrəylik göstərərək Ayselə dəstək oldu:

“Speak Glocal layihəsində iştirak etmək həyatımda yeni mərhələ başlatdı. Rayonda qəlbimdə yatıb qalan arzularım yenidən çiçəkləndi, sönməkdə olan ümidlərim yenidən baş qaldırdı.”

Layihənin təşkilatçıları iştirakçıların bütün zəruri ehtiyaclarını təmin edərək onlara stimul verir, həvəsləndirirdi. Təlimçilər isə bir başqa motivasiya verirdilər. Ən əsası isə, iştirakçılara bu dilin dərinliklərini öyrətmək istədiklərini hər vəchlə hiss etdirirdilər.

“Rayona o qədər yüksək həvəs və motivasiya ilə qayıtdım ki, izah etmək mümkün deyil. Bu gün də həvəslə bu təlimin növbəti mərhələsinin hansısa ingilisdilli ölkədə davam edəcəyinə və özümün də orada iştirak edəcəyimə ümidim sonsuzdur”, - deyə Aysel müəllim bildirib.

“Speak Glocal” platformasının təsisçisi Zara Hüseynova ölkəmizin inkişafı və tərəqqisini  həm də təhsil vasitəsilə yüksəltməyin vacibliyini vurğulayır:

“Belə ki, “Speak Glocal”-ın məqsədi ingilis dili müəllimlərinin açıq təhsil platformasında bir-birilə təcrübə mübadiləsi aparması və yüksək həvəslə peşəkar bacarıqlarını inkişaf etdirməsidir. Mənim həyatımda ingilis dili böyük rol oynayıb. Bütün imkanlar, dünya ilə ünsiyyət, kitab və kurslar - hər şey dil biliyimin sayəsində həyata keçib”.

Qeyd edək ki, “Speak Glocal” platforması Azərbaycanda artıq beş ildən çox fəaliyyət göstərən və 10 000-dən artıq qadın üçün 500-dən çox təlim, 40 kurs və layihə həyata keçirən “WoWoman” komandası tərəfindən yaradılıb.

“WoWoman” platforması “Facebook” tərəfindən dünyanın top 100 cəmiyyətindən biri seçilib. Platformanın təsisçisi Zara Hüseynova “Forbes 30 under 30” sosial sahibkarlar siyahısına daxil edilib.