Boks və atletika III Avropa Oyunlarından çıxarıldı, breyk-dans salındı

11:00 15-09-2020 10

Polşanın Krakov-Mavopolska bölgəsində keçiriləcək III Avropa Oyunlarına daxil olan idman növlərinin ilkin siyahısı açıqlanıb.

Avropa Olimpiya Komitəsinin saytının xəbərinə görə, bu qurumun danimarkalı prezidenti Nils Niqord, italiyalı baş katib Raffaele Paqnotsi ilə Polşa nümayəndələri arasında baş tutan müzakirələrdən sonra idman növlərinin siyahısı müəyyənləşib.

Beləliklə, 2023-cü ilin 9-25 iyun tarixlərində keçiriləcək III Avropa Oyunlarında 23 idman növünün olması razılaşdırılıb:

Kamandan oxatma, sinxron üzgüçülük, badminton, basketbolun 3x3 növü, çimərlik həndbolu, breyk-dans, kanoe (slalom və kayak), velosiped idmanı (dağ və şose velosipedi), qılıncoynatma, gimnastika, cüdo, karate, müasir beşnövçülük, dağ qaçışı, Reqbi7, atıcılıq, xizəklə tullanma (yay növü), qayaya dırmanma, stolüstü tennis, triatlon, voleybol (çimərlik və klassik voleybol), ağırlıqqaldırma, güləş.

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, II Avropa Oyunları isə ötən il Belarusun paytaxtı Minskdə keçirilib. Bakıda 20, Minskdə 15 idman növü üzrə yarış olub.

Ötən Avropa Oyunları ilə müqayisədə budəfəki yarışdan boks, sambo, velosipedin trek növü, atletika və çimərlik futbolu siyahıdan çıxarılıb.

Səbuhi Musayev