AFFA-dan klublara maliyyə yardımı qərarı: “Qəbələ”yə 1,5 milyon, “Zirə”yə 500 min...

18:35 30-07-2020 10

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında fövqəladə iclası keçirilib.

Bununla bağlı AFFA məlumat yayıb. 

Aparılmış müzakirələrdən sonra klublara maliyyə yardımı ilə bağlı qərarlar qəbul olunub.

Belə ki, “Qəbələ” və “Zirə” klublarının müraciətinə əsasən, Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümündə iştirakla əlaqədar AFFA tərəfindən “Qəbələ” klubuna 1 500 000, “Zirə” klubuna isə 500 000 AZN maliyyə yardımı göstəriləcək.

İclasın gedişində irəli sürülən təklif əsasında Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümündə iştirakla əlaqədar “Sumqayıt” klubuna 300 000, “Səbail” klubuna isə 200 000 AZN maliyyə yardımı göstəriləcək.

Maliyyə yardımı ayrılmış bütün klublar uşaq futbolu ilə bağlı layihələrini davam etdirməklə bağlı öhdəliyi qəbul edəcək.

AFFA qeyd olunmuş klublara ayrılan maliyyə vəsaitinin audit yoxlamasının aparılması səlahiyyətini özündə saxlayır.

AFFA qeyd olunmuş klublara ayrılan maliyyə vəsaitinin sərf olunacağı proritet istiqamətin uşaq və gənclər futbolu olmasını, həmçinin məvaciblərin süni şəkildə artırılmaması şərtilə əsas komandaların heyətində gənclərdən ibarət milli komandalara potensial namizədlərə yer verilməsini tövsiyə edir.

AFFA tərəfindən ötən mövsümlərdə Birinci Divizionda iştirakla bağlı maliyyə yardımı göstərilən klublara eyni qaydada növbəti mövsüm üçün də maliyyə yardımı təmin olunacaq.