Nazirlik 22 işəgötürənlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib

15:05 30-07-2020 11

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinə əsassız xitam verilməsi hallarına yol verilməməsi üçün “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən daimi nəzarət həyata keçirir.

Nazirlikdən bildirilib ki, işəgötürənlərlə sosial dialoq qurularaq, onlara əmək qanunvericiliyinin tələbləri izah olunur, sosial məsuliyyət prinsiplərinin yüksək tutulması, karantin dövründə məşğulluq məsələlərinə həssaslıqla yanaşılması tövsiyə edilir.

Xüsusi karantin dövründə həyata keçirilən nəzarət zamanı 22 işəgötürən tərəfindən “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilən əmək müqavilələri reallığa uyğun olmayan müqavilələr kimi diqqəti cəlb edib. Həmin müqavilələrin xüsusi karantin dövründə ayrı-ayrı şəxslərin evdən çıxaraq sərbəst hərəkət etmələri üçün müvafiq icazəni əldə etmələrinə şərait yaratmaq məqsədilə bağlanılaraq, bu barədə bildirişlərin e-sistemə daxil edildiyinə dair əsaslı şübhələr yaranıb.

Qeyd edilən işəgötürənlər barəsində toplanmış müvafiq məlumatlar araşdırılması və tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.

Eyni zamanda, karantin dövründə əmək müqavilələrinə xitam vermiş 156 işəgötürənə xitamvermə halının əmək qanunvericiliyinə uyğun olub-olmamasının araşdırılması məqsədilə müvafiq sənədləri Xidmətə təqdim etmələri üçün məktublar göndərilib.