Fuad Muradov: “Ermənilər vandalizm aktı göstərərək, vətəndaşlarımızı qorxutmaq istəyirdilər”

13:00 30-07-2020 9

“Los-Ancelesdəki hadisəyə görə artıq erməni icmasından həbs olunanlar var”.

milletinsesi.info-ın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib. 

Onun sözlərinə görə, Brüssel, Haaqa və Varşavada bu proseslər davam edir:

“Belə qeyri-qanuni təxribatlar ilk dəfə Varşavada olub. Bu, yeni məsələ deyil. Ermənilər tərəfindən terrorçu qruplar fəaliyyət göstərir və biz bunu nəzərə almalıyıq. Bizim soydaşlarımız bundan çəkinməyib, biz haqq səsimizi demişik və deyəcəyik”.

Komitə sədri bildirib ki, Los-Anceles, Brüssel, Varşava, Niderland, Haaqada ermənilər tərəfindən təxribatlar həyata keçirilməyə başlanılıb:

“Onlar vandalizm hərəkətləri göstərərək, səfirliklərimizi daş-qalaq edib, vətəndaşlarımıza təzyiqlər, xəsarətlər göstərilib. Beynəlxalq ictimaiyyət, həmin ölkələrin nümayəndəlikləri gördülər ki, ermənilərin insanlara qarşı cinayətlərinin kökündə “millətçi” yanaşmaları durur.

Açıq-aşkar görünür ki, ermənilər vandalizm aktı göstərərək, vətəndaşlarımızı qorxutmaq istəyirdilər. Lakin soydaşlarımız lazımi cavabı verdi və bundan sonra da 10 qat cavab verəcək.

Bizim soydaşlarımız sülhpərvər olduğumuzu, qaydalara, qanunlara riayyət etdiyimizi göstərdi.

Lakin ermənilərin bizim səfirliklərin qarşısında keçirdiyi tədbirlər qeyri-qanuni idi. Bizim aksiyalar üçün 79 müraciət edilib, 68 aksiya icazəli keçirilib”.

İlhamə Əbülfət