AFFA-dan Azərbaycan Premyer Liqasının start tarixi ilə bağlı açıqlama

12:45 30-07-2020 9

AFFA-nın İcraiyyə Komitəsinin 18 iyun 2020-ci il tarixli qərarına əsasən, 2020/2021-ci illər mövsümündə ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə İşçi Qrupu yaradılıb.

Qərara uyğun olaraq, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqovu İşçi Qrupunun sədri təyin edib.

Qrupun tərkibində aşağıdakı şəxslər daxil olunub:

Vaqif Sadıqov, AFFA-nın vitse-prezidenti – sədr;

Ağasəlim Mircavadov – Məşqçilər Komitəsinin üzvü;

Cahangir Həsənzadə - AFFA-nın Texniki direktorunun səlahiyyətlərini icra edən;

Vyaçeslav Xomenko – AFFA-nın baş həkimi;

Elgiz Abbasov – PFL-in Texniki İdman şöbəsinin müdiri;

İşçi Qrupunun üzvləri aparılan müzakirələrdən və Premyer Liqada çıxış edən klubların rəyi öyrənildikdən sonra Azərbaycan Premyer Liqasının 2020/2021-ci illər mövsümünə bu il avqustun 21-də start verilməsi ilə bağlı təklifi AFFA-ya təqdim edib. İşçi Qrupunun təklifi AFFA tərəfindən Peşəkar Futbol Liqasına təqdim olunub.

PFL tərəfindən çempionatın başlanma tarixi ilə bağlı qərar qəbul olunmazdan əvvəl COVİD-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq, AFFA tərəfindən müvafiq strukturlara müraciət olunub.