Nazirlikdən təcili yardımın çağırışa gec gəlməsi ilə bağlı AÇIQLAMA

19:15 30-06-2020 12

“Poliklinikaların test üçün nümunə götürməsi xidməti artıq təcili tibbi yardıma edilən müraciətlərin azalmasına səbəb olacaq”.

milletinsesi.info xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib. 

Təcili yardım xidməti əməkdaşlarının çağırış yerinə bir və ya iki gün sonra gəlməsi və sosial şəbəkədə bu istiqamətdə yayılan məlumatlara aydınlıq gətirən N.Zeynalov bildirib ki, tibb işçilərinin üzərinə düşən yük yüngülləşdiriləcək:

“COVID-19-a yoluxmuş şəxslərin ev şəraitində müşahidəsi və müalicəsi məsələsi bu istiqamətdə atılan addımdır. Xəstəxanaların, insan resurslarının, həkimlər, tibb bacılarının, xəstələrin müraciətini qəbul edib, onları xəstəxanalara çatdıran təcili tibbi yardımın üzərinə düşən yük azalacaq.

Göstərilən tibbi xidmətin optimallaşdırılması və tibbi xidmətin keyfiyyətini artırmaq üçün ev şəraitində müşahidə və müalicə ilkin səhiyyə xidməti – polikinikaların üzərinə qoyulur və beləliklə, təcili yardımın gec gəlməsi, testlərin nəticələrinin gec çıxması ilə bağlı faktlar varsa da, poliklinika üzərinə yükün bir hissəsini götürəndən sonra, təcili tibbi yardımın və xəstəxanaların işinin daha səmərəli getməsini gözləyə bilərik. 

O ki qaldı xəstələrin gec müraciət etməsinə, etiraf edək ki, bir çox vətəndaşlarımız koronavirus əlamətləri olanda bunu başqa insanlara bildirməkdən çəkinir, ehtiyat edirlər ki, onları xəstəxanaya aparacaqlar və işə gedə bilməyəcək. Buna görə xəstəliyi müəyyən müddət gizli saxlayırlar, özbaşına müalicə tədbirləri görürlər və nəticə gözləyirlər. 

Koronavirus elə bir infeksiyadır ki, xəstənin vəziyyəti qısa bir müddətdə dəyişə bilər. Ona görə biz bu xəstəliyin ağırlaşmalarını az görmək istəyiriksə, əlamətlər olan kimi həkim məsləhəti üçün müraciət etməliyik”.

Könül Cəfərli