İsrail İordan vadisini ilhaq edəcək? - TƏHLİL

10:00 30-06-2020 27

Əgər qarşıdakı 24 saat ərzində ciddi hadisələr olmasa iyulun 1-də İsrailin Baş naziri Benyamin Netanyahu İordan vadisi ərazilərinin ilhaqı haqqında layihəni parlamentə təqdim edəcək. Netanyahu-Qantz koalisiya hökumətinin ortaq qərarına əsasən, 1967-ci il “altı günlük” müharibə zamanı işğal olunmuş İordan vadisi İsrailə birləşdiriləcək. Bu qərara Vaşinqton administrasiyası da dəstək verir.

İordan vadisi adlanan ərazi hazırda Fələstin administrasiyasının yerləşdiyi İordan çayının qərb sahili regionunun 30 faizini təşkil edir, fələstinlilərin 4,5 faizi burada yaşayır. Sözügedən ərazi 1967-ci il müharibəsi zamanı İordaniyanın nəzarətində olan Şərqi Qüds, Sinay yarımadası və Qolan təpələri ilə birlikdə İsrailin nəzarətinə keçib. Sonrakı illərdə yalnız 1978-ci il Kemp Devid sazişindən sonra Sinay yarımadası və daha sonra Qəzza zolağı azad edilib, yerdə qalan ərazilər isə hələ də İsrailin işğalı altındadır. İsrail parlamenti 1980-ci ildə Qüdsü İsrailin “bölünməz paytaxtı” elan edib. Lakin o zaman heç bir dünya ölkəsi Qüdsü İsrailin paytaxtı kimi tanımayıb. Yalnız 2017-ci ildə ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq, ABŞ səfirliyinin Qüdsə (Yerusəlim) köçürülməsi ilə bağlı qərar qəbul edib. BMT-nin etirazına baxmayaraq, Tramp bu qərardan geri çəkilməyib. ABŞ prezidenti bu qərarı ilə kifayətlənməyib. Prezident Donald Tramp 2019-cu ilin martında daha bir işğal ərazisini - Suriyanın Qolan təpələrini İsrail torpaqları kimi tanıyıb. Və nəhayət, indi ABŞ hökumətinin də dəstəyi ilə İsrail hökuməti 1967-ci ildə işğal olunmuş sonuncu ərazini – İordan vadisini ilhaq etməyə qərar verib. 

Xatırladaq ki, bu ilin yanvarında ABŞ prezidenti İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı “Əsrin müqaviləsi” adı verilmiş sənədi açıqlayıb. Ancaq sənəd Fələstində sərt etirazla qarşılanıb, administrasiya lideri Mahmud Abbas İsrail və ABŞ-la əməkdaşlığı dayandırdığını elan edib. Ancaq məsələ ondadır ki, heç də bütün ərəb ölkələri indi Mahmud Abbasın yanında deyil. Bir sıra ərəb ölkələri regional siyasi proseslər və digər səbəblərdən indi İsrail və ABŞ-la daha yaxın olmağa çalışır. Həmçinin, Fələstində münaqişənin yenidən alovlanması ərəb liderləri üçün əlavə başağrısı ola bilər. Buna görə də onlar könülsüzdürlər.

Benyamin Netanyahu isə tələsir. Düzdür, indi beynəlxalq birlik, əksər dünya dövlətləri, BMT və ən əsası Avropa İttifaqı ilhaq planına görə İsraili sərt şəkildə tənqid edir. Lakin bir neçə səbəbə görə Netanyahu ilhaq planını reallaşdırmağa çalışır. Çünki ilk növbədə hazırkı ABŞ rəhbərliyi, yəni Donald Tramp administrasiyası İsraili və ilhaq planını dəstəkləyir. Ancaq dörd aydan sonra keçiriləcək prezident seçkilərində Co Bayden ABŞ prezidenti seçilərsə, o zaman ilhaq planı təxirə düşə bilər. Çünki Bayden ilhaq planına qarşı olduğunu açıqlayıb. Yəni ilhaq planı yaxın aylarda reallaşmasa, onun taleyi şübhə altına düşə bilər.
 
İkinci mühüm səbəb isə regional vəziyyətdir. Hazırda region ölkələri, xüsusən də ərəb dövlətləri Yəmən, Liviya münaqişələrinə daha çox cəlb olunduqları üçün İsrail-Fələstin münaqişəsinin yenidən alovlanmasını və özlərinin bu məsələdə tərəf olmalarını istəmirlər. Əksinə, İranla münasibətlərin pisləşdiyi bir zamanda İsraillə daha da yaxın olmağa çalışırlar. Bu səbəbdən də indi regional və beynəlxalq vəziyyət İsrail rəhbərliyi üçün əlverişlidir. 

Yalnız Avropa İttifaqı və qonşu İordaniya müqavimət göstərə bilər. İordan çayının qərb sahili İordan vadisinin ilhaqı İordaniya dövləti üçün ciddi riskdir. Bu ərazi daha əvvəl İordaniyanın mandatı altında olub. Rəsmi Əmman bəyan edib ki, ilhaq olarsa, İsraillə münasibətlərə yenidən baxmalı olacaq. Lakin ciddi iqtisadi və siyasi sıxıntılar yaşayan İordaniya krallığının təkbaşına İsrailə necə müqavimət göstərəcəyi bəlli deyil.

Xatırladaq ki, 1967-ci ildən İsrail işğalı altında olan və İsrailin ilhaq etməyə hazırlaşdığı İordan vadisi hazırda Fələstin administrasiyasının yerləşdiyi İordan çayının qərb sahili ərazisinin 30 faizini təşkil edir. Münbit torpaqlar və suvarma sisteminə malik olan bu ərazidə həm israillilər, həm də fələstinlilər əkinçiliklə məşğul olur. Bu 30 faizlik ərazinin yalnız üç faizində 132 yəhudi yaşayış məntəqəsi inşa olunub ki, burada 430 min israilli yaşayır. İsrail baş naziri başlanğıcda sadəcə yəhudilər yaşayan üç faizlik ərazinin, digər 27 faizin isə ABŞ-la razılaşdırıldıqdan sonra ilhaq olunacağını bəyan edib. Eyni zamanda İordan vadisində yaşayan fələstinlilərin İsrail dövləti hakimiyyəti altına keçməyəcəyini vəd edir.

Əlbəttə, əgər siyasi təzyiqlər artsa və regional vəziyyət uyğun olmasa, Netanyahu ilhaq planını bir neçə ay təxirə sala bilər. İsrail mətbuatına görə baş nazir bir neçə gün əvvəl partiyasının toplantısında bu barədə xəbərdarlıq edib. Lakin koalisiyanın əsas seçki vədlərindən biri olan ilhaq qərarının ləngidilməsi Netanyahu üçün mənfi nəticə verə bilər. Bu səbəbdən də çox ciddi təzyiqlər olmasa, baş nazir geri çəkilməyəcək.

Ancaq bu addım Yaxın Şərqdə gərginliyi yenidən artıracaq. Çünki faktiki olaraq, Fələstin üçün sülh ümidlərini dəfn edir, buna qədər sülh danışıqlarına xalqı inandıran Mahmud Abbasın arqumentini puça çıxarmış olacaq. Bu mənada hətta ən sülhsevər fələstinlilərin belə bu qərara qarşı çıxacağı gözlənilir. Yəni ilhaq qərarı Yaxın Şərqdə hər an partlayışa səbəb ola bilər. Bunu İsrail rəhbərliyi də bilir və buna görə də ordu yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyi ilə bağlı informasiyalar var. Başqa sözlə, hər kəs iyulun 1-də Netanyahunun atacağı addımı gözləyir. 

Rəşad Quliyev