Bəzi dərsliklərin tərtibatı dəyişdiriləcək - VİDEO

19:10 29-06-2020 16

2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrinin birinci, beşinci və doqquzuncu sinif şagirdləri üçün dərsliklər yenidən təkmilləşdirilərək hazırlanacaq. Bəzi dərsliklərin də tərtibatı dəyişdiriləcək.

Baku.Tv xəbərinə görə, Təhsil Nazirliyinin baş məsləhətçisi Vüsalə Əliyeva bildirir ki, dərsliklər dövlətin qərarına uyğun olaraq, bir neçə il müddətində istifadə etmək üçün çap olunur. İstifadə müddəti bitdikdən sonra kitabların yararlılıq müddəti başa çatır. Bəzən isə dərsliklər istifadə olunduğu dövr ərzində məzmun baxımından müəyyən köhnəlməyə məruz qalır. Belə olan halda isə dərsliklər ya təkmilləşdirilir, ya da yeniləri ilə əvəz olunurlar.

Bu ildən etibarən, 1-ci sinifdə təhsil alanlar üçün hazırlanan bütün kağız dərsliklərin istifadə müddəti də dəyişdirilir. Belə ki, əvvəl bu dərsliklər üçün dörd tədris ili təyin olunurdusa, bu ildən bir tədris ili təyin olunacaq. Bu isə ona əsas verir ki, şagirdlər tapşırıqları yerinə yetirmək üçün əlavə avadanlıqlardan deyil, bütün tapşırıqları elə dərsliyin üzərində işləməklə həyata keçirəcəklər.

Bundan əlavə, 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində birinci siniflər üzrə Azərbaycan dili və Riyaziyyat dərslikləri bu il ilk dəfə olaraq iki hissəli nəşr ediləcək. Dərsliyin birinci hissəsi tədris ilinin birinci yarısını, ikinci hissəsi isə tədris ilinin ikinci yarısını əhatə edəcək. Ümumilikdə 2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin 1-11ci siniflər üçün 339 adda 7 milyon 233 min 214 nüsxə kağız dərslik və metodiki vəsaitin çap edilməsi nəzərdə tutulur.