İqor Tenetko: “Azərbaycana sərf edir ki, ABŞ-da seçkilərdə Tramp qalib gəlsin” - MÜSAHİBƏ

14:10 29-06-2020 13

Peşəkar Siyasi Məsləhətçilər Assosasiyasının (APPC, Kiyevdəki mənzil-qərargah) “Siyasi Məsləhətçi ilə 20 Dəqiqə” layihəsinə start verib. Proqramın son qonağı ABŞ-ın tanınmış siyasi məsləhətçisi, Beynəlxalq Siyasi Məsləhətçilər Assosiasiyasının (IAPC) Baş katibi Metyu Klink olub.

Onunla “Prosper-Rete” siyasi konsaltinq şirkətinin direktoru, Peşəkar Siyasi Məsləhətçilər Assosasiyasının vitse-prezidenti İqor Tenetko söhbət edib, ABŞ-da etirazlar, “Qaraların Həyatı Əhəmiyyətlidir” (BLM) hərəkatı və noyabr ayında keçirilməsi planlaşdırılan prezident seçkiləri haqqında danışılıb.

Media.Az-a verdiyi müsahibədə İqor Tenetko bu söhbətdən bəhs edib və ABŞ-dakı hadisələrin postsovet məkanına, o cümlədən Azərbaycana necə təsir edəcəyi ilə bağlı fikirlərini bölüşüb.

- Söhbət etdiyiniz Metyu Klink qeyri-adi insandır. O, demokrat Kaliforniya ştatında yaşayır, ancaq respublikaçıdır. Bu, olduqca nadir birləşmədir. Nə öyrəndiniz, ABŞ-da niyə belə bir partlayış baş verib?

- Baş verənlər Birləşmiş Ştatlar üçün tipik hadisə deyil. Bəli, ABŞ tarixində Los-Ancelesdə, Çikaqoda və digər şəhərlərdə iğtişaşlar olub. Ancaq heç vaxt belə dalğalanma yaşanmayıb. Metyu Klinkin əsas sözü bu oldu: “Onlar çox uzağa gedirlər”.

Seçkiöncəsi oyunlar, dərin problemlər haqqında danışmaq olar; bütün bunlar ölkənin təhlükəsizliyinə təhdiddir. Ayrı bir məqam isə demokratlarda oynanılacaq kartın qalmamasıdır. Demokrat namizəd və hazırkı prezident Donald Trampın rəqibi Co Bayden, Metyu Klinkin sözü ilə desək, “yaxşı adamdır”. Ancaq bu, artıq kifayət deyil. Tramp respublikaçı tərəfdarları arasında kifayət qədər etibar qazanıb, onların 93 faizi ona səs verməyə hazırdır. Bu, çox yaxşı göstəricidir.

Polisi tənqid etməyimi çox az adam bəyənir, amma sonda hüquq-mühafizə orqanlarının əməkdaşları “demokrat” ştatları tərk edərək “respublikaçı”lara keçirlər.

- Ancaq reytinqlər başqa şey deyir. Co Bayden koronavirus təhlükəsi səbəbindən 3,5 ay bunkerdə qalsa da, anketlərə görə, o, Donald Trampı qabaqlayır...

- Metyu Klink bunu yalnız Co Baydenin Donald Trampın səhvləri üzərində oynaması ilə izah edib. Onun sözlərinə görə, bu, öz təsirini göstərir. Dost media ilə tənqid etmək həmişə asandır. Reytinqlərə gəldikdə, seçkiyə bir neçə ay qalmasını nəzərə alsaq, 2-7 faiz arasında fərq heç bir şey demək deyil.

2016-ci il seçkilərini xatırlayaq. Hamı demokratların nümayəndəsi Hillari Klintonun qalib gələcəyinə əmin idi. Nəticə nə oldu? Co Bayden onsuz da bunkerdən çıxmalı olacaq və o da səhvlər buraxacaq.

- Nəyə görə sırf “Amerika hekayəsi” olan “Qaraların Həyatı Əhəmiyyətlidir” (BLM) hərəkatı Avropaya, MDB ölkələrinə də yayılıb, sosial şəbəkələrdə bir çox istifadəçilər BLM heşteqi ilə statuslar yazmağa başlayıb?

- Ukraynada yaşlı nəsil Amerikanı çox sevmir və BLM mövzusuna laqeyd yanaşır. Elə gənclər də əhəmiyyət vermir. Ancaq orta nəsil bu məsələyə “50-nin 50-yə” münasibəti bəsləyir. Qeyd etmək istəyirəm ki, Ukraynada hər kəs polis işçilərinin dizi üstə durmasının nə ilə nəticələndiyini yaxşı xatırlayır. Az adam bunun təkrarlanmasını istəyir. Nə bizdə, nə də Azərbaycanda irqi problem, sadəcə, yoxdur. Buna əminəm. Avropadakı hadisələrə gəlincə, bu hal vəziyyəti qızışdıran mediadan qaynaqlanır.

- ABŞ-dakı etirazlar, iğtişaşlar – Birləşmiş Ştatlarda prezident seçkilərinin nəticələrinə və noyabrdan sonra Vaşinqtonun xarici siyasət prioritetlərinə necə təsir göstərə bilər?

- Əlbəttə, bu hadisələr müəyyən təsir göstərəcək, amma bu, həlledici olmayacaq. Amerikalılar prezidentliyə namizədlərin proqramlarına diqqət yetirirlər, çünki prezidentlik yarışının iştirakçıları ən azı verdiyi vədlərin əhəmiyyətli hissəsini həyata keçirməyə çalışırlar.

Koronavirusun ABŞ iqtisadiyyatına zərbə vurması da başa düşülməlidir, buna görə, amerikalıların Co Baydeni yox, Donald Trampı seçəcəyini düşünürəm.

Amma indi subyektiv fikrimi bildirəcəyəm: Co Bayden qalib gələrsə, şübhəsiz ki, ABŞ-ın keçmiş iqtisadi və xarici siyasətinə qayıdış olacaq. Dollar yenidən çap ediləcək, dünya ölkələrinin, o cümlədən Azərbaycan və Ukraynanın daxili işlərinə müdaxilələr başlayacaq.

İndi bu yoxdur, Trampın zamanında və sonra bu olmayacaq. Postsovet məkanı və ölkələrimiz (Ukrayna və Azərbaycan), həmçinin başqa dövlətlər üçün Donald Trampın prezident seçkilərində qalib gəlməsi, əlbəttə ki, daha sərfəlidir.