“Azərenerji”: “Azərbaycan” İES ekoloji cəhətdən sağlamlaşdırılıb”

12:25 29-06-2020 11

“Azərbaycan” İstilik Elektrik Stansiyası yenidən qurulandan sonra burada ekoloji cəhətdən çirkab suların təmizlənməsi sistemi yaradılıb”.

Bunu milletinsesi.info-a açıqlamasında “Azərenerji” ASC-nin vitse-prezidentinin müavini Vüqar Şahmuradov deyib.

V.Şahmuradovun sözlərinə görə, əvvəllər mazut qarışmış suların təmizlənməsində ciddi çətinliklər olurdu və bu da ekoloji cəhətdən problemlər yaradırdı:

“Bu problemləri aradan qaldırmaq, çirkab suların təmizlənməsi üçün böyük çökdürücülər qurulurdu. Bu gün isə mazut qarışan suların təmizlənməsi üçün ciddi sistem qurulub. Həmin sistem suyu mazut və yağdan tam təmizləyərək, kanala buraxmağa imkan yaradır”.

V.Şahmuradov yenidənqurma işləri çərçivəsində qazanlarda və turbinlərdə işçi kürəklərinin də dəyişdirildiyini diqqətə çatdırıb:

“Qazanın hava qızdırıcıları, daxili boruları, eyni zamanda, boruların hava yolları dəyişdirilib. Bununla İstilik Elektrik Stansiyasının (İES) ümumi faydalılığını təxminən 10-12 qram şərti yanacaqla aşağı saldıq.

2018-ci ilə qədər bu stansiya blokları 340-350 qr yanacaqla işləyirdisə, biz bu göstəricələri 330 qramdan aşağı saldıq. Nəzərə alsaq ki, stansiyanın illik enerji istehsalı təxminən səkkiz milyard kV/saatdan artıqdır, bu, milyonlarla vəsait deməkdir”.

Könül Cəfərli