Trampın “məsləhət”i ilə dezinfeksiya məhlulu içib öldülər

11:25 29-06-2020 9

ABŞ-da dezinfeksiya məhlulu içən üç nəfər həyatını itirib, biri isə ömürlük kor olub.

“Sözcü” nəşri xəbər verir ki, Nyu-Meksiko ştatında əl üçün dezinfeksiya məhlulu içən üç nəfərin metanol zəhərlənməsindən öldüyü, daha üçünün reanimasiyada müalicə olunduğu, birinin isə həmişəlik kor qaldığı bildirilib.

Ştatın qubernatoru qeyd edib ki, metanol tərkibli əllər üçün dezinfeksiya məhlulu içənlər mütləq tibbi yardıma müraciət etməlidirlər. Metanol zəhərlənməsi üçün antidotdan istifadə edilə bilər.

Yüksək miqdarda metanol qəbulu ürəkbulanma, qusma, başağrısı, bulanıq görmə, qalıcı korluq, sinir sistemində fəsadlara və ya ölümə səbəb ola bilər.

Qeyd edilir ki, ABŞ Prezidenti Donald Tramp aprel ayında Ağ Evdə koronavirusla bağlı iclasda “Dezinfeksiya məhlullarını bədənimizə inyeksiya etməyin bir yolu varmı? Bəlkə də, daxilimizdə bir növ təmizlik edə bilərik. Bilirsiniz, virus ağciyərlərə enir. Buna nəzər yetirmək maraqlı olardı” deyib. Sonradan Tramp bunun müxbirlərə ünvanlanan kinayəli atmaca olduğunu bildirmişdi.