Koronavirusun ikinci dalğası başladı və tualet kağızı mağazalardan yoxa çıxdı

06:55 29-06-2020 13

2020-ci ilin əvvəllərində koronavirus pandemiyasının başlaması ilə bir sıra ölkələrdə bəzi gigiyenik məhsulların qıtlığının yaranmasını oxucularımız, yəqin ki, yaxşı xatırlayır.

Azərbaycanda bu hala rast gəlinməsə də, bəzi dövlətlərdə ən az tapılan məhsul tualet kağızı idi.

“Reuters” xəbər verir ki, Avstraliyanın Viktoriya ştatında COVID-19 infeksiyasının ikinci dalğası başlayıb və mağazalarda yenidən tualet kağızı və dəsmallar yoxa çıxıb. İş o yerə çatıb ki, hər alıcıya iki rulondan artıq tualet kağızı satılmır.

Qeyd olunur ki, mağazalarda ajiotaja sosial şəbəkələrdə yayılmış fotoşəkillər səbəb olub. Belə ki, boş piştaxtaların əks olunduğu fotolar sürətlə yayılaraq, yerli sakinləri təşvişə salıb.

Avstraliyada ümumilikdə 7 686 nəfərdə koronavirus aşkarlanıb, 104 nəfər bu xəstəlikdən ölüb.