PARADOKS

AKTUAL

XAÇMAZDA AMANSIZ QƏTL: AĞLASIĞMAZ DETALLAR

26-03-2019, 21:36
  •     
  • Hadise |
  •  Oxunma: 232

XAÇMAZDA AMANSIZ QƏTL: AĞLASIĞMAZ DETALLAR Bütün dünyaya bəyan edirəm: Maduronun öldürülməsi əmri Boqotadakı hökümətə Ağ Evdən verilib”.
Venesuela Prezidenti Nikolas Maduro

15 sentyabr 2010-cu il. Xaçmaz.
“Arzu” MMC-nin təsisçisi və direktoru Nəcimə Babayeva yaşadığı evdə qətlə yetirilir.
Əvvəlcə Xaçmaz Rayon Prokurorluğunda fakt üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlansa da, sonradan bizə məlum olan səbəblərdən, iş üzrə istintaqın davam etdirilməsi 20 sentyabr 2010-cu il tarixdən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılır.
Cəmiyyətə açıqlanan, hamımıza məlum olan budur ki, 2010-cu il sentyabrın 15-də 08:45-də Nəcimə Babayeva xadimə Məlahət Məmmədova ilə mobil telefonla əlaqə saxlayaraq, gəlib mənzilində təmizlik işləri aparmasını ondan xahiş edir. Məlahət Məmmədova 10:35-də Nəcimə Babayevanın yaşadığı ünvana gəlir, həmin vaxt evin darvaza qapısını açıq gördüyü üçün heç kəsi çağırmadan evə daxil olur və Nəcimə Babayevanın meyitini birinci mərtəbədə yerləşən mətbəxdə qan gölməçəsi içində görüb dəhşətə gəlir, qışqırıb küçəyə qaçır. Xadimənin səsinə mərhumun ikinci mərtəbədə yatmış qızı Gülnarə Həbibova yuxudan ayılır. Birinci mərtəbəyə düşür və mətbəxdə anasının meyitini görür.
Məhkəmə tibb ekspertizası mərhum Nəcimə Babayevanın boğazının kəsilərək qətlə yetirilməsi haqda rəy verir.
Xarakterlərinə görə, özlərinin də qeyd etdikləri kimi, heç kəsə düşmənçilik, kin-küdurət bəsləməyən bu ailənin başçısı, yaşlı bir qadının xüsusi amansızlıqla, vəhşicəsinə qətlə yetirilməsinin səbəbi nə ola bilərdi? Görəsən kimsəylə hansısa qərəzi, ədavəti olmayan, heç kəsin işinə qarışmayan, Azərbaycan Yazıçılar Birliyinin, həmçinin Yeni Azərbaycan Partiyasının üzvü, ixtisasca fizika-riyaziyyat müəlliməsi olan bir ziyalı xanım yaşlı vaxtında bu şəkildə qanına qəltan edilməsi üçün hansı günah sahibi imiş?!
Hələ çox gənc yaşlarından belə ömrünə yoldaşlıq edən ağır ürək xəstəliyi ilə durmadan mübarizə aparan bir şair kimin qəzəbinə və niyə tuş gələ bilərdi?
2010-cu ildən bu vaxta qədər qatilinin tapılmadığı bu sui-qəsdin detalları barədə ictimaiyyət nə qədər və nə bilir?
Ölümündən qabaqkı günləri də daxil olmaqla az qala bütün ömrünü ağ vərəqlərə köçürən bu xanımın “gündəliklərini” oxumaq, onu araşdırmaq görəsən niyə heç kəsə lazım olmayıb?
Bütün bu və ya bu kimi suallara cavab tapmaq istədiyim, bundan xeyli müddət qabaq anonsunu verdiyim bir araşdırmanı artıq ictimaiyyətin nəzərinə çatdırmağı qərara aldım. 9 ildən çox bir müddətdə qatilinin və ya qatillərinin, sifarişçilərinin “tapılmadığı” bir qətlin təfərrüatlarını olduğu kimi cəmiyyətə çatdırmağı, ən azı günahsız olaraq qətlə yetirilən bir ziyalı xanımımızın ruhu qarşısında özümə mənəvi borc bildim.
Əvvəlcədən onu deyim ki, yazının oxunaqlı olması üçün olsa belə, bədiilikdən, bəzəkli söz və ibarələrdən, cümlələrdən qaçaraq, ortada olan, ancaq heç kəsin diqqət yetirmədiyi detalları bacardıqca qısa və lakonik şəkildə çatdırmağa çalışacağam.
Bu araşdırmada əlimdən gəldiyi qədər tam obyektiv, qərəzsiz olmağa səy göstərdim və göstərəcəyəm. Silsilə yazılar şəklində nəzərinizə çatdıracağım bütün informasiyalarda adıçəkilən vəzifəli şəxslərin də mövqeyini öyrənməyə cəhd edəcəyəm. Onların münasibətlərindən asılı olmayaraq, ortada olan sənəd və faktlara əsasən məntiqi nəticə çıxarmağı isə oxucuların öhdəsinə buraxıram. Onu da vurğulayım ki, yazıda qeyd etdiyim bütün fikir və faktlar barədə istənilən dövlət orqanında, yazılı və ya şifahi izahat verməyə hazıram. Əgər yazıda istifadə etdiyim fakt və sənədlərin hansısa birinin istintaq orqanında olmadığı üzə çıxarsa, surətini, bu işin açılmasında maraqlı olan istənilən dövlət orqanına təqdim edə bilərəm. Araşdırmanın sonunda qatil və sifarişçilərin şəxsiyyəti, ünvanı barədə söyləyəcəyim iddia və ittihamların araşdırılıb üzə çıxarılması üçün əlimdən gələni əsirgəməməyə oxucuların qarşısında söz verirəm.
Bunu bildirməyim də yerinə düşər: yazının qaralama hissəsinin və əlimdə olan sənədlərin surətini artıq xaricdə yaşayan 3 nəfər yaxın dostuma göndərmişəm. Başıma gələcək hər hansı bir hadisə zamanı bütün yazılar və sənədlər dərhal bütün dünyaya yayılacaq.
Bəri başdan yazıda və təbii ki, qətldə adı keçən 50-dən çox böyük və kiçik vəzifə sahiblərinin şəxsiyyətlərini, xarakterlərini, reaksiyalarını nəzərə alaraq, bütün Azərbaycanın diqqətinə çatdırmaq istəyirəm ki, hazırda çox sağlamam, heç bir xəstəlikdən əziyyət çəkmirəm. İnanclı adam olduğum üçün də heç bir halda, heç bir əziyyət qarşısında intihara əl atacaq adam deyiləm. Əgər bu yazılar bitənə qədər və ya bitəndən sonra başıma gələcək hər hansı bir həbs və ya ölüm, “xoşagəlməz ”, “gözlənilməz”, “təsadüfi qəza” kimi hallarda məsuliyyət, əslində təkbaşına mübarizə apardığım qətl iştirakçılarının boynunda qalacaq.
Onu da qeyd edim ki, araşdırmanın uzun-uzadı olmasının səbəbi qətlin təfərrüatının ictimaiyyət üçün kifayət qədər aydın olması üçündür. Heç bir tərəfin haqqına girməmək, cəmiyyətdə qərəzli fikrin meydana gəlməməsi üçün bundan başqa yolumun olmadığını anlayışla qarşılamağınızı xahiş edirəm.
Beləliklə, izləyin və mümkün qədər paylaşın. Paylaşın ki, bir qanın batmaması üçün çəkilən bu əziyyətdə sizin də zəhmətiniz olsun.

“Qanlı bazar” əhvalatı

Bir qayda olaraq məlumdur ki, hər hansı bir şəxs cinayət törədərkən kifayət qədər iz qoymağa məcburdur. Başqa sözlə desək, olay yerində izlərin qalması, cinayətkarın peşəkarlığından, operativliyindən asılı olmayan bir amildir. Bu da məlumdur ki, hər hansı bir cinayətin üstünün açılmaması, onu törədən cinayətkarın peşəkarlığından asılı olduğu qədər olayı araşdıran, hadisə yerinə baxış keçirərək, ordan lazımi izləri əldə etməyi bacaran hüquq-mühafizə orqanları əməkdaşlarının təcrübəli olması da prosesə çox şey diqtə edə bilir.
Qatili tapılmayan çox hadisələrin də şahidiyik. Müxtəlif vaxtlarda, müxtəlif təbəqədən olan siyasətçilər, jurnalistlər, yazıçılar, iş adamları və sair kimi şəxslərin sui-qəsd hadisələrini çox oxumuşuq. Ancaq tarixdə prezident ölümündən tutmuş, sıravi müəllim qətlinə qədər çox hadisələrin, qətllərin müəmmaları çözülüb. Nəticələrindən kimin razı qalıb, qalmayacağından asılı olmayaraq, hər halda hər hansı bir qətlin üstü açılmış, cinayətkarlar tapılmış sayıla bilər. Səs-küylü siyasi qətllərdən, terror hadisələrindən başqa, demək olar ki, bir çox böyük hadisələrin üstü açılıb və istər ictimaiyyət, istərsə də zərərçəkənlər məlumatlandırılıb. Nəticədən razı qalan da olub, bununla barışmayıb, nəsə öz versiyasını irəli sürüb, öz ehtimallarının doğru olmasını sübut etməyə çalışan da...

(ardı var...)

Cəmil Məmmədli


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI