PARADOKS

AKTUAL

“Mərhuma tapşırdım ki, şaxtaya girməsin, çünki biz Çingizlə lifti təmir edirik”

7-01-2019, 21:05
  •     
  • Hadise |
  •  Oxunma: 39

“Mərhuma tapşırdım ki, şaxtaya girməsin, çünki biz Çingizlə lifti təmir edirik” Bakıda liftin düşməsi nəticəsində xadimənin ölməsinə görə həbs edilən şəxslər məhkəmədə ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda liftin düşməsi nəticəsində xadimənin ölməsinə görə həbs edilən “Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin sədri Soltanməcid Əzizov və Çingiz Şıxəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bizimyol.info xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə S.Əzizov özünü təqsirli bildiyini, digəri isə özünü təqsirli bilmədiyini deyib.
Daha sonra təqsirləndirilən S.Əzizov sərbəst ifadə verib. O söyləyib ki, həmin binanın əvvəl komendantı işləyib, sonra cəmiyyət yaradıb: “Çünkü binanın vəsaitini yığa bilmirdim. Orada olan bütün işləri özüm tək görürdüm. Həmin gün mərhum Mahirə Yusifova evə tez getmək istədiyini bildirdi. O, buna görə işi tələsik görməyə çalışırdı. Mərhuma tapşırdım ki, şaxtaya girməsin, çünki biz Çingizlə lifti təmir edirik. Çingizi isə işlər ağır olan vaxtlar çıxırırdım”.

S.Əzizov qeyd edib ki, hadisə baş verən bina 2002-ci ildə tikilib, 2004-cü ildə isə təhvil verilib.
Prosesdə digər təqsirləndirilən Ç.Şıxəliyev də dindirilib. Onun sözlərinə görə, hadisə günü S.Əzizov onu lifti təmir etmək üçün binaya çağırıb: “Mən Soltanməcidə kömək üçün gəlmişdim. Lifti əvvəl düzəltdik, sonra yuxarı qaldırdı, aşağı endirən zaman dayanmadı. Nə qədər etdimsə bu mümkün olmadı. Hələ praktikamda liftlə bağlı belə hal görməmişdim. Mərhum qadının şaxtada oıduğunu bilmirdim. Çünkü Soltanməcid demişdi ki, aşağıda heç kəs yoxdur”.

Sualları cavablandıran Ç.Şıxəliyev söyləyib ki, 1976-cı ildən 1994-cü ilə qədər liftdə çalışıb, bu işlə bağlı lisenziyası yoxdur: “Sonra bir müddət Rusiyaya getdim, orada çalışdım. Rusiydan qayıdandan sonra heç kəs işə götürmədi, işsiz qaldım. Mən də lisenziyasız çalışırdım”.

Məhkəmədə zərərçəkmişin hüquqi varisi, mərhum Mahirə Yusifovanın qardaşı Arif Yusifov ifadə verib. O, təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını, həmin şəxsləri bağışladığını bildirib: “Onlara yüngül cəza verilsin. Bunlar həbsdə qalsa, guya bacım geri qayıdacaq? Şikayət və tələbim yoxdur”.

Məhkəmənin növbəti iclası yanvar ayının 21-nə təyin edilib.

Rəsmi məlumata əsasən, ötən il oktyabrın 4-ü saat 12:00 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən, “Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunan 10 mərtəbəli yaşayış binasında cəmiyyətin idarə heyətinin sədri S.Əzizovun texniki təhlükəsizlik qaydalarına əməl etmədən verdiyi göstərişi əsasında lift təmir edilərkən kabinanın 9-cu mərtəbədən şaxtada təmizlik işləri aparan Mahirə Yusifovanın üstünə düşməsi nəticəsində sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

S.Əzizov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Daha sonra Ç.Şıxəliyev də saxlanılıb.
İstintaq orqanları tərəfindən Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi irəli sürülüb.

Rəşad VAQİFOĞLU


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI