PARADOKS

AKTUAL

Nağıllar diyarı, yaxud hər kəsin köçmək istədiyi ölkə barədə 33 fakt

17-06-2019, 17:51
  •     
  • Dünya |
  •  Oxunma: 38

Nağıllar diyarı, yaxud hər kəsin köçmək istədiyi ölkə barədə 33 fakt Rusiyalı Dmitri Şamov 5 ildir yaşadığı bu ölkə haqqında elə danışır ki, eşidənlərin çoxu dərhal ora köçmək istəyir.
Söhbət “Gündoğan ölkə” adlandırılan Yaponiyadan gedir. Paytaxt Tokioda yaşayan Şamov bu uzaq Asiya ölkəsindəki yaşayış barədə kitab da yazıb.

Bizimyol.info onun qələmə aldığı maraqlı faktları diqqətinizə çatdırır.

Yaponiyada, xüsusən paytaxt Tokioda əhalinin sıx olduğu, hətta adamların “yanaşı yaşadığı” barədə söz-söhbətləri bir çoxunuz bəlkə də eşitmisiniz. Ancaq Şamov deyir ki, bu ölkədə adamların əksəriyyətinin şəxsi evi var. Küçələrdə də insan tıxacı olmur, heç metroda da sıxlığa rast gəlməzsən.

Yaponiyada bədən üzərindəki döymələrə münasibət mənfidir. Ona görə üzərində döymə varsa, bir sıra əhəmiyyətli ictimai yerlərə, eləcə də əksər çimərlik və hovuzlara buraxılmazsan.

Yaponiya çox təmiz ölkədir. Demək olar ki, küçədə zibil olmur. Məsələ onda deyil ki, küçə təmizləyənlər yaxşı yığışdırır, sadəcə, adamlar yeri zibilləmir. Bundan əlavə, orada zibil çeşidləmə sistemi var və onun sayəsində ölkədə zibilin təkrar emal faizi yüksəkdir.

Yaponiyada ev heyvanı saxlamaq istəyirsənsə, ya buna uyğun şəxsi evin olmalıdır, yaxud da ev heyvanlarının saxlanması üçün şəraiti olan mənzil kirayələməlisən. Belə mənzillər isə adi evlərlə müqayisədə daha bahadır. Ev heyvanı saxlamağa icazə sənədi olmadan sığınacaqdan pişik və ya it də götürə bilməzsən.

Bu ölkədə nəsə alanda mütləq əlavə vergi ödəməlisən. əgər məbləğ kiçikdirsə, deməli, verginin məbləği də az olacaq. Məsələn, ev, maşın alınanda vergi çox böyük olur.

Yaponiyada küçədə gedirsinizsə, istənilən yerdə tualet tapa bilərsiniz və hamısı da pulsuzdur. Həm də Yaponiyadakı ictimai tualetlərdə oturacağın qızdırılması da var.

Yaponiya təhlükəsiz ölkədir. Axşam saatlarında əlavə məşğələlərdən çıxıb təkbaşına evə qayıdan uşaqları küçələrdə çox görmək olar. Onlara dəyib-toxunan da olmur.

Bu ölkədə oğurluq demək olar ki, yoxdur. Əgər təsadüfən pul kisənizi itirmisinizsə, güman ki, axtarış bürosuna müraciət etsəniz, onu sizə qaytaracaqlar.

Üç ay yay mövsümündə bütün ölkə boyu çoxlu festivallar keçirilir. Ancaq bu ölkədə qanun axşam saat 9-dan sonra səs-küy salmağı qadağan edir. Ona görə də təxminən həmin vaxtda polislər gəlib yoxlayır ki, festival başa çatıb, yoxsa yox.

İş həyatı…

Hansısa müəssisə və ya təşkilata əcnəbi şəxsi işə götürməyə imkan verilməsi üçün mütləq o, çoxsaylı yoxlamalardan keçməli, müvafiq icazə almalı, müəyyən əlavə vergilər də ödəməlidir. Çünki Yaponiya qanunları xaricdən mütəxəssis cəlb olunması üçün işəgötürənin üzərinə yüksək iş şəraiti, yaxşı məvacib və başqa öhdəliklər qoyur. Bu baxımdan, Yaponiyada tikinti və ya buna bənzər başqa işlərdə əcnəbi görə bilməzsən. Amma bahalı biznes-rayonlarda, banklarda, elmi tədbirlərdə kifayət qədər çox əcnəbi görə bilərsiniz.

Yapon şirkətində işləmək üçün həmkarlarla içki içmək bacarığın da olmalıdır. İş həftəsinin sonuncu iş günündə bir çox şirkətlər barda yığışıb yeyib-içirlər. Bu cür toplantılardan imtina etmək mümkün olmur. Çünki imtina belə yozulur ki, bu adam gördüyü işə və ya iş yoldaşlarına qarşı biganədir. Yaponlar hesab edir ki, yaxşı işçi kollektivin tərkib hissəsi olmalıdır. Orada iş yerlərində “mən” yoxdur, “biz” var.

Rəhbərliyin fikrini doğru saymasan da, razılaşmaq lazımdır, ümumi nəticə üçün komanda şəklində işləmək qəbul olunur.

Bir sıra yaponlar universitet oxumağı lazım bilmir, məktəbi bitirəndən sonra işləməyə başlayırlar, tədricən karyera pilləsində irəliləyirlər. Elə hallar olur ki, ali təhsili olmayan 25 yaşlı yapon daha yaxşı vəzifədə işləyir, nəinki yaxşı bir universitetin məzunu…

Yaponlar çox işləyirlər. Ona görə yox ki, iş çox olur. Çünki rəhbərliyin gözündə çalışqan işçi kimi görünməkdən ötrü vaxtı uzadırlar. Elə iş var ki, onu bir saata eləmək mümkündür, onlar bir günə eləyirlər. Üzündən tər axa-axa işləmək lazım deyil. Sadəcə, göstərmək lazımdır ki, mən işimi görməyə çalışıram. Yaponlar xüsusi təşəbbüslə çıxış etməyə, öz fikirlərini söyləməyə meylli deyillər. Onlar “müdir və ona tabe işçi” prinsipi ilə yaşayırlar. Başqa sözlə, yapon şirkətində işləyənlər çalışırlar ki, “ağızlarını möhkəm saxlasınlar”, onlardan tələb olunan işi görsünlər.

Yaponlar…

Qatarda, hətta yer az olsa belə, nəzakətli yaponlar böyük yükü olan adamın yanında oturmurlar, adətən. Çünki bu ölkədə insanlar bir başqasının rahatlığının qayğısına qalırlar, hətta onu özlərindən də üstün tuturlar.

Yaponlar təbiət haqqında da çox düşünürlər. Onlar üçün zibil emalı ən vacib məsələlərdəndir. Yaponlar ölkəni daha çox yaşıllaşdırmağa çalışırlar, hətta evlərin damlarında da yaşıllıq salırlar. Festivallardan sonra oturacaqların ətrafında zibil tapa bilməzsiniz. Çünki adamlar çıxıb gedəndə mütləq ətraflarına nəzər salır, oranı təmizləyirlər.

Yaponların əksəriyyəti ütüdən istifadə etmir. Mağazalarda ütülənməyə ehtiyac duyulmayan çoxlu pal-paltar satılır. Gündəlik geyimə xüsusi fikir verən deyillər. Bəzən çox qırış paltar geyinirlər. Əcnəbi bunu dərhal görür, amma yaponlar özləri fikir vermirlər.

Yaponlar dünya haqqında çox az məlumatlıdır. Bir çox dərsliklər çoxdan köhnəlib. Elə dərsliklər var ki, günü bu gün də orada keçmiş sovet ölkələrindən ayrı-ayrılıqda yox, SSRİ kimi bəhs olunur.

Yaponlar dindarlara ehtiyatlı yanaşırlar. Bu ölkədə qanunlar istənilən dinin tətbiqini qadağan edir. Amma burada insanın inancına qadağa qoymaq da olmaz. Yaponları ümumilikdə ateist kimi xarakterizə etmək olar. “Bəs sən niyə məbədə gedirsən, Allaha arzunu yazırsan, dua edirsən?” sualına istənilən yapon belə cavab verəcək: “Çünki bu xoşdur”.

Yaponlar duz əvəzinə, şəkərdən istifadə edirlər. Bu ölkədə günəbaxan tumu satılmır. Daha doğrusu, onu zoomağazada, siçanlar şöbəsindən almaq olar.

Yaşayış…

Əgər siz Yaponiyaya turist vizasıyla getmisinizsə, orada kirayə ev tuta bilməzsiniz. Ancaq öncədən sifariş olunmuş oteldə qala bilərsiniz. Kirayə ev tutulanda isə müqavilədə aylıq kirayə pulundan əlavə bir ödəniş də olur. Bu da ev sahibinə “çox sağ ol ki, evini mənə verirsən” anlamına gəlir. Bütün evlər demək olar ki, mebelsiz vəziyyətdə kirayə verilir. Amma mətbəx istisnadır.

Yapon mətbəxlərində krandan öncə soyuq su gəlir, pultdan istifadə etməklə qızdırıcı işə salınır və ardınca isti su gəlir. İstənilən temperaturda suyu almaq mümkündür.

Yaponiyadakı binalarda mərkəzləşmiş istilik sistemi yoxdur. Bütün evlər qızdırıcı və ya kondisionerlə isidilir.

Evlərin divarları gips-kartondan hazırlanır. Qonşudakı səslər eşidilir. Ona görə də hamı özünü evində də sakit aparır.

Təhsil

Yaponiya təhsilində 100 ballıq qiymətləndirmə sistemidir. Əgər şagird yaxşı nəticə göstərirsə, bu halda, yuxarı sinfə keçir. Yəni onun qiyməti 70-80 baldan aşağı olmamalıdır. Nəticə bundan aşağı olsa, şagird yuxarı sinfə keçmir.

Bu ölkədə müəllimlərə şagirdlərin qarşısında stulda əyləşmək qadağandır. Ona görə də bütün dərsi onlar ayaq üstə keçirlər.

Məktəblərdə davamiyyətə xüsusi diqqət yetirilir. Bu məsələ şagirdin göstərdiyi nəticədən də vacib sayılır. Davamiyyətdə problem olduğu halda, şagird məktəbdən qovula da bilər. Bundan sonra ali məktəbə qəbul olmaq, iş tapmaq da çətinləşir. Yaponlar bununla insanın məsuliyyətini, eyni işi hər gün görmək bacarığının olub-olmamasını yoxlayırlar. Bu, müasir yapon cəmiyyətinin tərkib hissəsidir. Bu cəmiyyətdə insanın öz öhdəliklərinə əməl etməsi uğur və real qiymətləndirmədən daha üstün tutulur. Yaponlar hesab edir ki, əgər məktəbli və ya tələbə hər gün dərsə getmək üçün özündə güc tapmırsa, deməli, gələcəkdə də ondan yaxşı kadr alınmayacaq. Dərsə davamiyyəti yaxşı olan tələbənin qiymətləri aşağı, akademik borcları olsa belə, onu universitetdən qovmurlar.

Nəqliyyat

Yaponiyada dünyada dəmiryolu sisteminin ən yaxşı inkişaf etdiyi ölkədir. Bu ölkədə bütün qatar və avtobuslar kondisioner, qızdırıcı ilə təchiz olunub. İctimai nəqliyyatda cədvələ dəqiq əməl olunur. Yollarda demək olar ki. tıxac olmur. Əgər evinin yaxınlığında maşın saxlamağa xüsusi yerin, yaxud da pullu parkinq xidməti göstərən binalarla müqavilən yoxdursa, avtomobil ala bilməzsən. Maşını evin yanında parkinq nəzərdə tutulmayan yerdə saxlaya bilməzsən. Bu ölkədə qayda belədir: parkinq yoxdursa, maşın da yoxdur!

Nəqliyyatın ən geniş yayılmış növlərindən biri velosipedlərdir. Yaponiya dünyanın ən təhlükəsiz ölkələrindən biri olduğundan, burada küçədə velosipedi qoyub getmək qorxulu deyil. Bütün ölkə boyu velosiped yolları, onlar üçün dayanacaqlar, hətta pulsuz stansiyalar var. Həmin stansiyalarda təkərlərə pulsuz hava vurdurmaq olur. Hər bir velosiped nəqliyyat vasitəsi sayılır, ona görə də mütləq qeydiyyatdan keçirilməli, dövlət-nömrə nişanı alınmalıdır, yol-hərəkəti qaydası pozulduğu halda, cərimə ödənilməlidir.

Yaponiyada nəqliyyatda hərəkət zamanı mobil telefonla danışmaq qadağandır. Telefon özü də səssiz rejimdə olmalıdır. Çünki ölkədə başqalarının rahatlığı və sakitliyi çox önəmli məsələdir və onu pozmamağa çalışırlar.

Yemək və restoranlar

Ölkədə yemək kultu var. Amma bu, dadlı yemək arzusundan irəli gəlmir. Bu, yeməyin özünə olan sərhədsiz sevgi ilə bağlı məsələdir. Yapon telekanallarında verilişlərin az qala, 80 faizi yeməyə həsr olunur. Yemək yerlərinin əksəriyyəti açıq havada olur. Yaponlarla söhbət edirsənsə, danışığın bir yerində mütləq yemək məsələsinə toxunacaqlar.

Bizim ölkədə meyvə-tərəvəzin qiyməti kiloqramla hesablanır. Amma Yaponiyada mağazalarda hər dənənin qiyməti yazılır. Meyvə-tərəvəz Yaponiyada bahadır, amma balıq həm ucuzdur, həm də daim təzə olur.

Yapon restoranlarının bir fərqi də odur ki, müştəriyə həmişə ya su, ya da yaşıl çay gətirirlər, özü də pulsuz. Yaponiyada ofisianta xidmətə görə əlavə pul (çay pulu) verilmir. Müştəriyə həmişə pulunun qalığını tam qaytarırlar. Hətta siz masaya əlavə vəsait qoyub çıxsanız, dərhal arxanızca qaçıb, pulunuzu qaytarmaq istəyəcəklər. Düşünəcəklər ki, siz o pulu yaddan çıxarıb qoyub getmisiniz…


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI