Bakıda gənc tanışını ehtiyatsızlıqdan bıçaqlayaraq öldürdü - VİDEO

15:15 22-05-2020 12

18 yaşlı Çingiz Qədirli kəsilmiş-deşilmiş xəsarətlərlə Respublika Kliniki Xəstəxanasına gətirilib. Həkimlərin yardımına baxmayaraq, o, xəstəxanada ölüb. 

Qeyd edək ki, hadisə 2017-ci il dekabrın 20-də saat 22 radələrində baş verib. 

Baku.TV xəbər verir ki, həmin gecə 22 yaşlı Mirzağa Məmmədov 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Məlum olub ki, hadisə Binəqədi rayonunun “28 May” qəsəbəsində fəaliyyət göstərən “Köhnə Bakı” kafesində baş verib. İstintaqla müəyyən edilib ki, M.Məmmədov sözügedən kafeni müvəqqəti idarə edib. Cinayət baş verən gün axşam o, obyektdə istirahət edən tanış müştərilərə üzərində gəzdirdiyi cib bıçağını nümayiş etdirib. M.Məmmədov tanışları Ayxan Novruzzadəyə, Zaur Nəcəfova və Çingiz Qədirliyə yaxınlaşıb.

Tanışları bu hərəkətlərinə son qoymağı tələb etdikdə, M.Məmmədov deyilənlərə məhəl qoymayaraq, xuliqanlıq hərəkətlərini davam etdirib. Nəticədə, bıçağın tiyəsi qəflətən açılıb, ehtiyatsızlıqdan Ç.Qədirlinin döş qəfəsinə nüfuz edib. Zərərçəkmiş aldığı xəsarətdən xəstəxanada vəfat edib. 

Məhkəmə iclasında M.Məmmədov özünü qismən təqsirli hesab edərək, əməlindən peşman olduğunu bildirib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Məmmədov 9 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan təqsirləndirilən və zərərçəkmiş şəxslərin hüquqi varisi apellyasiya şikayətləri, dövlət ittihamçısı isə apellyasiya protesti veriblər.

Bakı Apellyasiya Məhkəməsi isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv edib və M.Məmmədova 15 il həbs cəzası təyin edib.